CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər və yerli TV olmayacaq

© Sputnik / Murad OrujovТретий день Гран при Азербайджана Формула 1
Третий день Гран при Азербайджана Формула 1 - Sputnik Azərbaycan, 1920, 02.03.2021
Abunə olmaq
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

Xəbər lenti
0