BAKI, 19 fevral - Sputnik. Avropa və ABŞ mövcud dünya düzənini müdafiə etməlidirlər, çünki Çin ilə Rusiya "qaydaları öz xeyirlərinə təzədən yazmağa" cəhd edirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu NATO baş katibi Yens Stoltenberq Münhen təhlükəsizlik konfransının onlayn tədbirində deyib.
Onun sözlərinə görə, Çinin inkişafı tərəfdaşların kollektiv təhlükəsizliyinə, onların çiçəklənməsinə və həyat tərzinə müəyyən təsirlər edə bilər. "Ona görə də NATO ən yaxın partnyorları - Avstraliya və Yaponiya ilə əməkdaşlığı dərinləşdirməlidir", - Stoltenberq vurğulayıb.
Stoltenberq NATO müdafiə nazirləri ilə videokonfransdan sonra bildirmişdi ki, qurumun 2010-cu ildə təsdiqlənmiş strateji konsepsiyası yenilənməlidir, çünki şərait dəyişib: konsepsiya Çinin güclənməsini və Rusiya ilə münasibətlərin pisləşməsini nəzərə almamışdı.