BAKI, 19 fevral - Sputnik. Alman fizik Rolan Vizendanger koronavirus infeksiyasının mümkün yaranma versiyası haqda danışıb.
Bu barədə ZDF telekanalı məlumat yayıb. Alim deyib ki, "şəxsi araşdırmalar" aparıb və belə nəticəyə gəlib ki, COVID-19 laboratoriyada yaradılıb.
Onun sözlərinə görə, 2020-ci ilin yanvarından dekabrınadək elmi materialları və KİV-dəki məqalələri araşdırıb. Həmçinin bu faktları həmkarları ilə də müzakirə edib.
"Mən 99.9% əminəm ki, koronavirus laboratoriyada peyda olub", - Vizendanger vurğulayıb.
Ancaq Hamburq Universitetindən fizikin işini şərh edərkən bildiriblər ki, hipotez üçün sanballı arqumentlər olmasına rəğmən, bu işi elmi adlandırmaq düzgün deyil
2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində pnevmoniya yayılması barədə məlumat verib. Xəstəliyin törədicisinin yeni tip koronavirus olduğu təsbit edilib və ona COVID-19 adı verilib. 2020-ci il martın 11-də ÜST koronavirus epidemiyasını pandemiya elan edib.
Qeyd edək ki, koronavirusun laboratoriyada yaranması barədə başqaları da, xüsusilə ABŞ-ın sabiq prezidenti Donald Tramp və köməkçiləri, eləcə də sabiq dövlət katibi Mayk Pompeo da vurğulamışdılar.