BAKI, 18 fevral - Sputnik. İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün start verilib.
Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 7 üzvü tatamiyə çıxıb. Onlardan yalnız Davud Məmmədsoy mübarizəsini medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz çempion tituluna yiyələnib.
“Böyük dəbilqə”
Kişilər
60 kq
Yarışa 1/16 final mərhələsindən qoşulan Davud Məmmədsoy almaniyalı Morits Plafki, hindistanlı Kumar Yadav, qazaxıstanlı Qusman Kirqizbayevi məğlub edərək yarımfinala yüksəlib. Rusiyalı Ramazan Abdullayevə də qalib gələn təmsilçimiz həlledici döyüşə vəsiqə qazanıb. Davud finalda gürcüstanlı Temur Nozadze ilə görüşüb. O, uğurlu seriyasını davam etdirərək qızıl medala sahib olub.
Kəramət Hüseynov isə 1/16 finalda Eşli Makkenziyə (Böyük Britaniya) uduzaraq mübarizəni dayandırıb.
66 kq
Avropa və dünya çempionatının mükafatçısı olan Orxan Səfərov 1/16 finalda israilli Amit Boboviçə uduzub.
Eyni mərhələdən mübarizəyə başlayan Nicat Şıxəlizadə rumıniyalı Petr Jukov, qırğızıstanlı Peter Te üzərində qələbələr qazandıqdan sonra 1/4 finalda italiyalı Mattia Mikeleyə uduzub. O, təsəlliverici qarşılaşmada özbəkistanlı Muhittin Tilovovla üz-üzə gəlib və məğlubiyyətə üzülüb.
Qadınlar
48 kq
Leyla Əliyeva 1/16 finalda yerli Şira Rişoniyə uduzub. Bu çəkidə yarışan Aişə Qurbanlı İsrail cüdoçusu Tamar Malkaya qalib gəlsə də, fransalı Şirin Baukliyə məğlub olub.
52 kq
Gültac Məmmədəliyeva 1/16 finalda Eleudis Valentim (Braziliya) üzərində qələbə qazanıb. O, 1/8 finalda fransalı Astrid Qneto ilə bacarmayıb.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də başa çatacaq turnirə 15 cüdoçu ilə qatılıb.