BAKI, 18 fevral — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində "Avangard Travel" MMC-nin direktoru vəzifəsində işləmiş Yeganə Nağıyevanın vətəndaşların 2 milyon manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirməsi faktına görə həbs edilməsinə dair məlumatlar yayılıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a bildirilib ki, "Avangard Travel" MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 14 şəxsə cəmi 2 milyon 435 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 65 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 413 min 260 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib, Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.