Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Dəhlizlər, qadınlar, mesajlar, tələsənlər və məmurlar…

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidПорфель чиновника, фото из архива
Порфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
"Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar". Maraqlıdır, deputat indiyə kimi siyasətlə məşğul deyilmişmi?!

3 dəhliz

Bu həftə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası dəhlizin tamamlanması ilə əlaqədar toplaşdı. Ötən ilin sonunda Dəhlizin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə layihə uğurla tamamlanmışdı. Bu qışdan etibarən italiyanlar, bolqarlar və yunanlar da Azərbaycan qazına qızınırlar.
Ötən ay “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı türkmənlərlə də razılaşmamız rəsmiləşdi və bu, eyni zamanda daha bir perspektivin - Orta Asiya qazının Avropaya nəqli imkanlarının genişlənməsi idi.  Hansı ki, bu yataq uzun müddət mübahisəli olaraq qalırdı.
Hər iki prosesin başa çatması Laçın dəhlizinin (ümumilikdə Qarabağın) azad olunması ilə sinxronluq təşkil edir. Qarabağ müharibəsinin başa çatması Azərbaycanla əməkdaşlığa marağı artıracaq, bütün bölgə üçün yeni imkanlar yaradacaq, hələ belə dəhlizlər çox olacaq. Gör, bir dəhliz nə qədər dəhlizləri bağlayırmış...

Hər 5 qadından biri

11 fevral ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü idi. ICESCO-nun 2021-ci ili  “Qadınlar ili” elan etməsi başadüşüləndir.

Dünyada hər 3 qadından biri şiddətə məruz qalır, hər 5 qadından biri təcavüzə uğrayır, ya da təcavüzdən son anda qurtulur. Mühacirlərin 80 faizini qadınlar təşkil edir. 280 milyonluq Ərəb dünyasında hər 2 qadından biri oxuma-yazma bilmir. Ümumilikdə dünyada oxuma-yazma bilməyənlərin 67 faizi qadınlardır. Hələ də 5 qadından biri, yəni 5 milyon 732 min qadın oxuma-yazma bacarmır.

Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın nişanlanması faktı həftənin ən müzakirə olunan məsələlərindən idi. Yəni Avropaya vizasız gedib-gəlmək, AB-nin, NATO-nun qapısının bir addımlığında dayanmaq hələ nəsə demək deyil...

Tanrı nə etsin?!

Məlum olduğu kimi, məğlubiyyətdən sonra Ermənistanda ara qarışıb, məzhəb itib. Paşinyanın reytinqi “dibə vurur”, ancaq ona müxalif olanlar da nəinki “eyni bezin qırağıdır”, daha pisdir. Xalq kimə “stavka” edəcəyini bilmir, ölkə sanki qayıdıb SSRİ-nin yeni süqut etdiyi illərə. Müxalifət lideri Manukyan deyib ki, "Ermənistanın 2023-cü ilə qədər var olub-olmayacağını yalnız Tanrı bilir." Ancaq xalqın taleyi Allahın ümidinə qalmayıb - əgər siyasi elita papağını qabağına qoyub rassional qərarlar qəbul etsə, Türkiyə və Azərbaycanla dialoqa gedər, regionda formalaşan yeni əməkdaşlıq platformasına qoşular və xilas olar.

Bu arada İrəvanda 4.7 bal gücündə zəlzələ baş verib. Tanrı daha nə etsin?! O, heç vaxt özü düşüb gəlmir, bəndəsinin, təbiətinin əliylə mesajlar göndərir...

PUA-lar da səmadan yaxınlaşırdı...

Bu siyasət ki var...

Bu həftə ən çox müzakirə olunan məsələlərdən biri də deputat Siyavuş Novruzovun açıqlamaları idi. Birincisi, o dedi ki, məlum toy cəriməsinə görə DİN-i məhkəməyə verəcək. Ki, karantin məhdudiyyəti deputatlara şamil olunmur, ancaq onu cərimələməklə yanaşı, el içrə biabır ediblər. Sonra bildirdi ki, pandemiya dövründə polisin xidmətlərini nəzərə alaraq bundan imtina edir. Sonra S.Novruzov belə açıqlama vermədiyini bildirdi və jurnalistləri təhrifdə günahlandırdı.

İkinci vacib açıqlama isə belə idi: “Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar”. Maraqlıdır, deputat indiyə kimi siyasətlə məşğul deyilmişmi?!  

Həftənin ən çox müzakirə olunan personalarından biri də keçmiş Nnəqliyyat naziri Ziya Məmmədov idi. O, "Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil" açıqlaması ilə gündəmə gəldi.

Məmur işi

Daha 4 qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi. Beləliklə, 8 qurumun idarəetməsi mərkəzləşdirildi. Xatırladaq ki, ilin yekunları ilə bağlı müşavirədə dövlət başçısı dövlət müəssisələrini, bu yaxınlarda müsahibəsində isə bir sıra dövlət qurumlarını rəhbərlərini sərt tənqid etmişdi.
Yeni yaradılmış holdinq ilk növbədə xərclərə nəzarət edəcək – yəni hər hansı bir layihənin qiymətini kim necə istəsə, müəyyən etməyəcək.

Belə getsə, ölkədə məmur işi cazibədarlığını itirəcək, valideynlər “oğlum prokuror, hakim, sonra da nazir olsun” deyə arzulamayacaq.

Tələsənlər...

Bu dəfə tələsənlər təndirə yox, protokola düşüblər. Paytaxtın Nizami rayonunda yerləşən restoranlardan birində karantin qaydalarını pozaraq təşkil olunan şənliyin görüntülərini araşdırna polisə məlum olub ki, ətriyyat şirkətlərindən birinin əməkdaşları toplaşaraq, “karantin rejiminin bitməsi bayramı” adı altında şənlik keçiriblər. Beləcə, 15 nəfər barəsində protokol tərtib edilib, 200 manat da cərimə öz yerində. İcarədara daha ağır sanksiya tətbiq olunub: 4000 manat.

Ümumiyyətlə, toyların, şənliklərin bərpa olunmasının vaxtı çatıb. Bu sahə ölkə iqtisadiyyatında öz dövriyyəsi ilə xüsusi çəkiyə malikdir, minlərlə, bəlkə də yüzminlərlə insanımızın dolanışığı toy biznesinə bağlıdır: şadlıq evləri, müğənnilər, musiqiçilər, şoumenlər, tamadalar, gəlin bəzəyənlər, xına satanlar, love story çəkənlər, gəlin paltarı, gəlin maşını icarəyə verənlər, qızıl mağazaları  - hamı o böyük günü səbirsizliklə gözləməkdədir...

Uzun, incə bir yol?

Xəbər saytlarının son həftədəki monitorinqini aparsaq, son 1 ildə koronavirusa ən az yer ayrıldığı həftənin məhz geridə qalan 7 gün olduğunu söyləyə bilərik. Bu. Xəstəliyin sona çatmasının müjdəçisidirmi?! Bir çox mütəxəssislər vaksinasiyanın “taclı bəla”nı tarixin arxivinə göndərəcəyinə ümid edir. Ancaq bədbinlər də var. Məsələn, Avropanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi virusun hələ uzun illər bəşəriyyəti narahat edəcəyini düşünür. Sitat: “Yoluxmanın zəifləməsi və vaksinasiyanın başlamasına baxmayaraq virus unsan orqanizminə çox yaxşı adaptasiya ola bilib. Ona gör də zamanla vaksinin tərkibi dəyişdirilməli olacaq”. Corc Meyson Unbiversitetinin professoru Ança Baranova isə hesab edir ki, yoluxmanın yeni dalğası yazda başlayacaq. “Temperatur sıfırıdan yuxarı qalxan kimi yoluxma artacaq. Peyvəndləmə isə virusun yoxluğunu təmin etmir. O sadəcə COVID-19-un yüngül və simptomsuz axınını təmin edir” - deyə Baranova söyləyib.

Bundan başqa, alimlər bütün dünyada koronavirusun psixoloji problemlər, xüsusən, depressiya hallarını artırdığını düşünür.

Hə, bu arada Yaponiyada intiharların artmasına görə Tənhalıq Nazirliyi yaradılıb.
Və dünən Ağcabədi Pedaqoji Kollecinin tələbəsi, kollecin TGT sədri həyatına qəsd edib.

Xəbər lenti
0