CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk"

© AFP 2023 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
"Normal cəmiyyətlər sosial ədalətsizliyə, hər hansı qiymət artımına ciddi reaksiya verir, ciddi şəkildə etiraz edir. Biz isə belə vəziyyətlərdə 2-3 status tutuzdurub, sakitləşirik"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. İclasda "Azərsu" ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir. Bu məsələ sosial şəbəkədə heç də birmənalı qarşılanmadı. Sputnik Azərbaycan bir neçə sosial şəbəkə istifadəçisinin suyun qiymətinin qalxması ilə bağlı yazdığı postları sizə təqdim edir.

Мужчина наполняет бутылку водой, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.02.2021
İQTİSADİYYAT
Qiymət artımı "Azərsu"ya bəs etməyəcək...

"Radio Antenn 101FM"-in əməkdaşı Əzizə İsmayılova məsələyə münasibətini belə bildirib:

"Əziz məmurlar, siz azadsınız! Biz sizi azad etdik!

Sabahdan suyun hər kubuna 1 manat ödəyəcəyik. 70 qəpik içə bilmədiyimiz suya + 30 qəpik kanalizasiya... Bütün iqtisadçıların yazdıqlarına nəzər salıram. Çəkilməmiş filmdir həyatımız..

Bilirəm, güləcəksiniz, amma vallahi, baş bankrimizlə Meliorasiya və Su təsərrüfatı rəhbərinin quda olduqlarını hələ indi bildim. (Bu ölkədə zatən 95% məmur zəncir kimi bir-birinə bağlıdır. Bu boyda şəcərəni yadda saxlayacaq yaddaş nə gəzir...) Deyəcəksiniz, məsələyə nə dəxli? Ola bilər, hansısa tərəfdən baxanda dəxli olmasın, mentalitetimiz tərəfdən baxanda isə dəxli var, özü də necə lazımdır...

Təsəvvürə necə gətirə bilirsiniz, iki qudadan biri milyardlıq bina qarşısında maşından düşsün, o biri yox. Bizim reallıqda belə şey olar?

Rəhbərlik etdiyi dövlətə məxsus bankın rəhbəri Elman Rüstəmov çıxdı dedi ki, "binanı öz hesabımıza tikirik", bir bəndə sual vermədi ki, "öz hesabınızda o qədər vəsait haradandır?" Yəqin, bütün qudalar ilə əl-ələ verib öz hesabına tikir bu göydələni... Ona da sual verən olmayacaq ki, su ilə bağlı bu qədər həll olunmalı dərd varkən, nədir bu bina sevdası? Yəni külli-ixtiyar məmurlarımızın qələminə bağlıdır - sorğusuz, sualsız.

Mətbuat yazır ki, o qədər şanslıdırlar ki, milyonluq hansı tender elan olunsa, mütləq qalibi qohumlar olur...

Necə olur axı bu? Necə olur ki, bu ölkədə gecə-gündüz çalışanlar bir qarın çörəyi zorla qazanır, cavan-cavan ömürlər kirayələrdə çürüyür, öləndə də kirayələrdə ölüb gedirik, amma bütün məmurlarımız, onların övladları, sürücüləri, öz sevgililəri, sevgililərinin sevgililəri, yetmir, hətta sürücülərinin sevgililəri belə cah-calal içində yaşayır, pula pul demirlər. Haradan, necə qazanırlar bu pulları?

Niyə məmurlarımız zəli kimi qanımıza susayıblar və ölməyincə qopub düşmürlər canımızdan?

Nə edək, necə edək ki, biz də qazana, biz də yaşaya bilək? 24 saatın az qala 18 saatını qarışqa kimi dayanmadan işləyirik. Əvəzində siz qazanırsınız, bizə qəpik-quruş düşür, onu da əlimizdən almaq üçün min cür plan qurursunuz...

Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.02.2021
İQTİSADİYYAT
Suyun qiyməti tikilən binaya görə artırılıb?

Bilirik ki, acizik. Bilirik ki, bizim nə deməyimiz, nələr çəkdiyimiz sizin umrunuzda belə deyil. Nə deyiriksə-deyək, sonda onsuz da siz deyən olacaq.

Kiçicik, öləzimiş bir ümidlə deyirik ki, bəlkə, bir az insaf edəsiniz, azca Allah qorxusu, ölüm qorxusu düşsün canınıza, barı ovcumuza atdığınız qəpik-quruşa tamah salmayasınız.

Cah-calal istəmirik, villalar, milyonluq maşınlar istəmirik. Sizdə olanlarda da gözümüz yoxdur. Sizin kimi ən bahalı şəhərlərdə gəzmək, ən bahalı otellərdə pul səpmək, ən bahalı həyat yaşamaq da istəmirik.

İnanın ki, istəyimiz də fantastik deyil - bircə ay adam kimi yaşaya bilək, başımızı soxmaq, kirayə zülmündən azad olmaq üçün bircə otaq almağı xəyalımızdasa da canlandıra bilməkdən o yana keçə bilmir xəyallarımız...

Suyu bahalaşdırdınız, ərzağı, yanacağı bahalaşdırdınız, sabah da yerdə qalanlar bahalaşacaq... Bəs maaşlar?

İndi bütün kirayədə qalanların ürəyi qapı tıqqıltısına və ya "xozeyka" zənginə bağlanıb... Sanki xəbərimiz yoxmuş kimi "bilirsən də, qiymətlər qalxdı" cümləsini eşitməmək üçün bir kamaz kubik yükləməyə razıyıq. Telefona gələn hər "dırınqqq" ürəyimizi ayağımızın altına salır.

Axı niyə, cənab məmurlar? Niyə bu ölkədə hər şey ancaq sizin olmalıdır? Hər şey ancaq sizin istək və arzularınız əsasında həyata keçməlidir?

Bu ölkədə pul yoxdur, imkan yoxdursa, krizisdirsə, niyə axı onun bütün yükünü biz biçarə xalq sümüklərimizə qədər hiss etməliyik? Maaşımız gündəlik xərclərin heç 2 həftəsinə belə yetmirsə, siz deyin, nə edək, necə edək, kimdən imdad diləyək, dərdimizi kimə söyləyək?

Bu qədər aciz, bu qədər köməksiz, bu qədər ümidsiz, bu qədər çarəsiz yaşamaqmı olar?! Bizə baxanda heçmi utanmırsınız özünüzdən? - deyərdim amma siz bizi milyonluq maşınlarınızın tünd-qara plyonka çəkilmiş pəncərəsindən başqa harada görürsünüz ki...

Qiymət artımının bizə təsirindən nə bu qudaların, nə başqa qudaların, əlbət ki, xəbərləri yoxdur və heç olmayacaq da.

Onlar qızıldan qiymətli vaxtlarını sosialda problem içində başını itirənlərin nə dedikləri ilə maraqlanmağa sərf etmirlər... Söz çatdıranlarında da haradadır o cürət ki, bunu dilə gətirsinlər...

Sizə qibtə edirik, cənab məmurlar. Çünki siz azadsınız və biz sizi azad etdik!"

İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov isə paylaşımı ilə Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin su problemini vurğulayıb: "Hamı içməli, çimməli, paltar yumalı, unitaz suyunu fikirləşir. Mən də Acınohurun palçığını, tozunu harada yuyacam, onu düşünürəm. Göz yaşımıza da bir "içoççik" qoysana, a şura hökuməti!"

Anews.az saytının redaktoru isə etirazını belə çatdırıb:

"Görəsən, suyu bahalaşdıran Tarif Şurasının xəbəri varmı ki, hər il mənzilimin borularını su ilə gələn zibildən təmizləmək üçün mən usta çağırıb 100 manat pul ödəyirəm, kranların torunu hər həftə təmizləyirik, evə hər ay 3 balon, ofisə isə 5 balon içməli su alıram. Çünki krandan gələn suyu qaynadıb qaba tökəndə 3-4 gündən sonra ağ çöküntü ilə dolur. "Azərsu"ya da şikayət etsən, deyəcək, binanızın su anbarındandır. Bax belə-belə işlər...

Yazar Cəlil Cavanşir insanları susmamağa səsləyib:

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk. Normal cəmiyyətlər sosial ədalətsizliyə, hər hansı qiymət artımına ciddi reaksiya verir, ciddi şəkildə etiraz edir. Biz isə belə vəziyyətlərdə 2-3 status tutuzdurub, sakitləşirik. Xüsusilə Tarif Şurasını hədəfə alan postlar qarşıma çıxır. Gözəl insanlar, hökumətdən, prezidentdən xəbərsiz benzinin, ərzağın, aksizin, suyun qiyməti qalxa bilərmi?

Bir ilə yaxındır işsiz-gücsüz qaldıq, evdə qalıb pandemiyanın, karantinin bitəcəyini gözlədik, xülasə, susmaq mümkün olduğu qədər susduq. Susduqca "islahatlar" daha ciddi miqyas almağa başlayır. Ölkədə xoş olmayan hadisələr baş verir. Hər keçən gün yardım üçün, ailəsinin ehtiyacı üçün tanımadığı adamlara ağız açanların sayı artır. Hər gün ən azı 4-5 abırlı adam küçədə yaxınlaşıb kömək istəyir. Dilənçi yox ha, dilənçi kökünə salınmış adamlardan söhbət gedir. İntiharların sayında artım, bununla bağlı aparılan müzakirələr sanki cəmiyyətə mesaj verir ki, "etiraz etməyin, ölün, canınız qurtarsın". Səhv davranırıq. Ağlanacaq halımıza gülürük. Vəziyyət isə həqiqətən çox pisdir".

"Facebook" istifadəçisi Taleh Mahmudov da məsələyə münasibətini bildirib: "Hər işi zarafata, lağlağıya qoyuruq. Amma orta hesabla 15 manat su pulu indi 30 manat olacaq. Tarif Şurası qaldırıb, səhv edib. Heç bir əsası yoxdur! Vətəndaş kimi tələb edirəm ki, hökumət buna reaksiya versin. Niyə belə olmalıdır? Hesab edirəm ki, köhnə tariflə hələ bir neçə il ziyansız işləmək olar. Yeyintilərinin, şişirtmə qiymətlə layihələrinin, artıq israfların qabağını alsınlar, yetər.

Sosial şəbəkə istifadəçisi Asim Kazımlı bildirir ki, insanların əksəriyyətinin etiraz səbəbi ödədiyi pula dəyəcək xidməti (məhsulu) ala bilməməsidir:

"Məsələ qiymətin yüksək olmasında deyil. İnsanların əksəriyyətinin etiraz səbəbi ödədiyi pula dəyəcək xidməti (məhsulu) ala bilməməsidir. Hökumət yetkililəri qiymətləri müqayisə etdikləri ölkələrlə nədənsə xidmət və məhsul keyfiyyətini heç müqayisə etmək istəmirlər. Metronun, benzinin, dizelin, suyun, qazın, işığın, ictimai nəqliyyatın qiyməti qalxır, amma nə məhsulun, nə də xidmətin keyfiyyəti qalxır. Məsələn, "Azərsu" ASC neçə illərdir su, kanalizasiya xətlərini yenəliyib qurtara bilmir. İl boyu təmirləri bitmir. Anar Cabrayıllı əhalini suyu israf etməkdə günahlandırır, amma küçələrdə əsas xətlərdən israf olunan sudan xəbərləri yoxdur? Hələ suyun keyfiyyətinin standartlara cavab verib-verməməsini qoyuram kənara. Dəfələrlə bu da müzakirə olunub. Benzinin, dizelin qiyməti qalxır. Bunu xarici ölkələrlə müqayisə edirlər. Amma fakt odur ki, bizdəki keyfiyyətdə dizeli, benzini onlar heç istifadə etmirlər. İctimai nəqliyyatın qiymətini də yenə başqa ölkələrlə müqayisə edirlər. Amma nəqliyyatın və sürücülərin xidmət keyfiyyəti yenə unudulur. Avtobuslarda nə təmizlik, gigiyena, nə də sürücü tərbiyəsi 1 qəpiyə belə dəymir".

Digər bir sosial şəbəkə istifadəçisi Bəxtiyar Hacıyev suyun qiymətinin bahalaşması ilə bağlı fikrini belə çatdırıb:

"Bu gün Tarif Şurası suyun 1 m3 (yeni standartlarla 100 vedrə) qiymətini 0.5 AZN-dən 1 AZN-ə qaldırdı. Mən bu qərarı tənqid etməyəcəm. Məncə, artıq özünütənqid zamanı çatıb.

Xalq olaraq bütün belə qərarlara uzağı "Facebook"da 2-3 gülməli post yazıb, ürəyimizi boşaldıb, sonra qul kimi hər qərara tabe olduqca, 200 milyonluq da bina da tikəcəklər, 480 milyonluq da. Şəhid ailələrini dinləməyəcəklər, qazilərə baxmaq üçün maaşlardan məcburi faiz də tutacaqlar. Benzin və sudan sonra qaz və işıq tariflərini də artıracaqlar. Ürəyiniz istəsə, üstünə bir devalvasiya da edərlər. Lap belə deyib-gülsək, 2-3 yeni Müşahidə Şurası yaradıb, Mikayıl Cabbarovu oralara da sədr təyin edərlər. Ürəkləri istəsə, dövlət qurumlarında ixtisarlara da başlayıb, işsizlər ordusunun sayını da artıra bilərlər. İstəsələr, taxacağımız maskaların materialları ilə bağlı yeni standartlar da tətbiq edə bilərlər və bu standartlara cavab verməyən maskaları taxanları cərimələyə də bilərlər. Susduqca, 1-2 yeni milyonluq saatı İbizaya aparıb, orada itirə bilərlər. İşğaldan azad olunmuş torpaqlarda hektar-hektar villalar, bağlar salarlar. Əsgər və zabitlərin maaşlarını endirərlər.

Qısacası, tutduqları postdan asılı olaraq, aylıq yüz min, yarım milyon, milyonlar, on milyonlardan ibarət olan gəlirlərini məhdudlaşdırmaq əvəzinə, dövlətin bütün yeni yaranan xərclərini sadə vətəndaşa yükləyə bilərlər.

Xalq özünün xalq olduğunu anlayıb, deyib-gülmək, lağlağı etmək, yerində şikayətlənmək əvəzinə, "biz xalqıq, daha bəsdir" deyib, birləşməyənə və etiraz etməyənə qədər.

Bütün bunlar bir gündə baş verməyib, zamanla xalqın etiraz ruhunu öldürüblər. Zamanla da bunu diriltmək lazımdır".

QHT sədri Mirvari Qəhrəmanlı isə məsələyə münasibəti belə bildirdi: "Bir şəkilini yolda döyüb pulunu əlindən alırlar. Sonradan ondan soruşurlar ki, "Niyə qışqırıb köməyə adam çağırmadın?" Deyir, "Ağzımı açım, iki qızıl dişim görünsün, onu da çıxarıb aparsınlar?"

Suyu bağlayıb dinməz oturun, səsinizi çıxarsanız, sərt karantin edib hamını evə salıb qaz ilə işığın da pulunu qaldıracaqlar".

 

Xəbər lenti
0