7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir.
Birgə monitorinq
Ötən həftə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Bununla da üçtərəfli bəyanatın daha bir bəndi – 5-ci bənd icra edilmiş oldu. Ermənistanda revanşist qüvvələrin əhvalı təlx olmamış deyil. Onlar Türkiyənin bölgədə iştirakına sevinə bilməzlər, təbii ki. Ancaq reallıq dəyişmir: türk əsgəri Qarabağdadır. Moskva-Ankara əməkdaşlığı isə bölgənin yeni siyasi konfiqurasiyasını və təhlükəsizliyini şərtləndirir. Hansısa firəng bundan narahatdırsa da...
Pis mühasib
Həftənin ən çox müzakirə olunan məsələlərindən biri Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı Müdafiə Nazirliyinin lakonik açıqlaması idi: “Hazırda hərbi xidmətdə deyil”.
2018-ci ildən başlayaraq bütün sahələrdə struktur-institusional və kadr islahatlarına şahidlik edirik. Analoji yanaşmanın hərbi sahəyə də tətbiq olunacağını dövlət başçısı hələ müharibənin gedişində anons etmişdi.
Müharibə bitər-bitməz daha öncələr “gözü çıxmış qardaşları”nın aqibətindən nəticə çıxarmayan daha bir neçə məmuru “qara maskalı” yoldaşlar gəlib apardılar. İndi “Azərxalça” ASC-nin rəhbəri Vidadi Muradov uçan xalça istehsal etdiyini, KİVDF-nin rəhbəri Vüqar Səfərli jurnalistlər üçün evlərin katibələrə verilmədiyini, binaların tikintisində qara qəpiyin də yeyilmədiyini sübut edə bilməsə, onları uzun müddət üçün qazamata salacaqlar. Çünki rəqəmlər böyükdür.
Mövzunu Napoleonla sonlandıraq: “Vicdansız bir mühasib düşmən ordusundan daha təhlükəlidir”.
Bir məzardan daha artıq
Şəhid məzarı yalnız bir metr torpaq deyil, daha ali, daha müqəddəsdir. Adi torpağa can, ruh verən o şəhidin qanıdır. O adi torpağı Vətən edən, bu sözü böyük hərflə yazdıran, “Vətən”i xüsusi isim edən o şəhiddir.
18 şəhidimizin məzarlarının köçürülməsi ilə bağlı valideynlərin tələbi bir neçə gün ciddi müzakirə predmetinə çevrildi. Sonda şəhidlərin məzarının Qaradağ qəbiristanlığından Yasamal Şəhidlər Xiyabanına köçürülməsi qərara alındı.
Tacımız düşmür
Peyvəndləmə başlayıb, amma nə olsun, koronavirus öz işindədir. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiven Linç koronavirusa qarşı peyvənd olunduqdan sonra virusa yoluxub. Hətta baxmayaraq ki, əksər ABŞ rəsmiləri iki maska taxırlar. İsrailli infeksionist Qalina Qoltsman “RİA Novosti”yə açıqlamasında deyib ki, bəzi ABŞ rəsmilərinin iki maska taxması heç bir şəkildə mövcud elmi dəlillərə əsaslanmır. Nə isə, sözümüz onda yox. İranda koronavirusun dördüncü dalğası barədə xəbərdarlıq edilib. Fransa və Çexiya isə vəziyyətin pisləşməsi səbəbindən sərhədlərini yenidən bağlayıblar.
Dünyanın peyvənd ala bilməyən ölkələri var, Britaniya isə heç bir kateqoriyaya bölmədən əhalinin kütləvi vaksinasiyasına başlayıb. ÜST də ingilisləri buna görə haqlı olaraq qınayıb.
Hazırda təxminən 50 ölkədə vaksinasiya prosesi gedir və bunların da demək olar ki, hamısı zəngin dövlətlərdir. Bütün dozanın 75 faizi cəmi 10 ölkənin payına düşür. Bir sıra liderlər bu halın ədalətsiz olduğunu bildirsələr də, vəziyyət dəyişmir. İnsan Yer kürəsinin özü yaratmadığı resurslarını da ədalətli bölə bilmirsə, hansısa şirkətlərin tapıntısı olan peyvəndin ədalətli bölgüsünü gözləmək bir az sadəlövh gözlənti deyil ki?!
...Koronanın təbii yayıldığına dair skeptik yanaşmalar da davam edir. Niyə də olmasın?! Təkcə 660 nəfər milyarder ABŞ vətəndaşının 2020-ci ilin mart ayında ümumi sərvəti təqribən 3 trilyon dollar idisə, 2021-ci ilin yanvar ayında bu rəqəm 4.1 trilyon dollara yüksəlib. Pandemiyanın iqtisadiyyatı vurduğu dövrdən söhbət gedir həm də. Və daha bir fakt: keçən il Çin 2,3 milyard ədəd qoruyucu vasitə və bir milyard test dəsti ixrac edib. Maska tədarükündən ölkə büdcəsinə 52,6 milyard dollar gəlir əlavə olunub. Peyvənd ixracından gələcək gəlirləri isə sonra hesablayarıq...
Yenə yarasa?!
Koronavirusun karantinindən çıxmamış ÜST yeni pandemiya xəbərdarlığı edib. Yeni virisun adı belədir: Nipah.
Nipah çayında (Malayziya) yaşayan donuzçuluqla məşğul olan fermerlər arasında təsbit edilib. Ən qorxulusu odur ki, sürətli yoluxuculuq qabiliyyətinə malik virusdan ölüm nisbəti 40-75 faizdir. Nipah ilk dəfə 1999-cu ildə Malayziyada təsbit olunub. Təbiətdəki daşıyıcıları Cənubi Çin, Cənub-Şərqi Asiya, Yeni Qvineya və Avstraliyada geniş yayılmış meyvə yeyən uçan tülkülərdir. Buna onların yarasa növü deyirlər. Bəli, yenə yarasa!
Su qiymətinə
Tarif Şurası “su qiymətinə” ifadəsini arxaikləşdirdi. Suyun qiymətinin qalxması, ilk təsirdə bizi pəjmürdə etsə də, gəlin etiraf edək ki, əksəriyyətimiz su kimi dəyərli nemətin israf olunmasına bu vaxta qədər lazımınca əhəmiyyət verməmişik. Bəlkə, bundan sonra nəzərə alaq ki, Azərbaycan içməli su ehtiyatlarına görə elə də zəngin ölkə deyil – Cənubi Qafqazın ən kasıbı bizik bu baxımdan. Və onu da unutmayaq ki, bu gün karbohidrogen ehtiyatları uğrunda gedən savaşları çox tezliklə su hövzələri müharibələri əvəz edə bilər. Təsadüfi deyil ki, su artıq neft kimi birja məhsuluna çevrilməkdədir: Ötən ilin dekabrından ABŞ birjalarında su satışa çıxarılıb.
Nüvə nizamlaması
Rusiya və ABŞ ən son nüvə silahlarına nəzarət sazişini uzatmaq barədə razılıq əldə ediblər. 2010-cu ildə Barak Obama və Dmitri Medvedev tərəfindən imzalanan müqavilə hər iki ölkəni 1550 nüvə başlığı, 700 raket və bombardmançı ilə məhdudlaşdırır və ölkələrin sazişə əməl edib-etmədiklərini yoxlamaq üçün genişmiqyaslı yoxlamalara icazə verir.
Görünür, dünya hələ nüvə silahından ümumiyyətlə imtina edəcək qədər sivil deyil.