Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 31 yanvar — Sputnik. Azərbaycan Milli Ordusunun müddətdən artıq xidmət edən (MAXE) və Vətən müharibəsində itkin kimi qeydə alınan Tural Sadəddin oğlu İsayev bu gün Siyəzən rayonu Yenikənd kəndində dəfn olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, T.İsayev 2015-ci ildən "N" saylı hərbi hissədə MAXE kimi xidmət edib. Vətən müharibəsi başlanan gündən ailəsi onunla əlaqə saxlaya bilməyib. Dünən isə onun şəhid xəbəri gəlib.
Dəfndə kənd sakinləri, ictimaiyyət nümayəndələri, Siyəzən rayon İH rəsmiləri iştirak ediblər.
Şəhidin dəfnində ürək parçalayan anlar yaşanıb. Şəhidin anası Güllü xanım oğlunun nəşi tapıldığı üçün qurban kəsib. O, oğlunun tabutuna bükülmüş bayrağı öpərək: "Oğulu Vətən üçün böyütmüşük, Vətən sağ olsun", - deyib.