BAKI, 10 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
Sputnik Azərbaycna RİA Novosti-yə istinadən bildirir ki, onlar sabah Moskvada baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünü müzakirə ediblər.
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin koordinasiyası çərçivəsində Vladimir Putin Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefonla danışıb. Onlar yanvarın 11-də Moskvada keçiriləcək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünə dair bəzi məsələləri müzakirə ediblər", - Kremlin məlumatında deyilir.
Qeyd edək ki, bu gün Kreml Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacağı barədə məlumat yayıb. Qeyd olunub ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcəklər.
Məlumata görə, Putin sabah Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət aparmağı da planlaşdırır.
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyanın sözlərinə görə, sabah Moskvada liderlərin görüşündə Qarabağla, yaxud ərazi məsələləri ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulmur.