BAKI, 10 yanvar - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan sabah Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşlər barədə şərh verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onun sözlərinə görə, sabah Moskvada liderlərin görüşündə Qarabağla, yaxud ərazi məsələləri ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulmur.
"Moskvada Qarabağ və yaxud hər-hansı ərazi məsələlərinə dair sənədlərin imzalanması nəzərdə tutulmur. Əgər görüş zamanı gündəmdəki, yəni iqtisadi məsələlər, əsirlərin dəyişdirilməsi, itkin düşmüşlər barədə məsələlər barədə hansısa razılığa gəlinsə, o zaman görüşün yekunlarına dair birgə bəyannamənin imzalanması mümkündür", - mətbuat katibi Facebook-da yazıb.
Qeyd edək ki, bu gün Kreml Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacağı barədə məlumat yayıb. Qeyd olunub ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcəklər.
Məlumata görə, Putin sabah Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət aparmağı da planlaşdırır.