BAKI, 8 yanvar — Sputnik. Fevralda Bakıda keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ləğv olunub.
Sputnik Azərbaycan xəbər verir ki, ləğvə səbəb dünyada pandemiyanın davam etməsidir.
Bununla belə, 2021-ci ildə Bakıda keçiriləcək digər yarışlar öz qüvvəsində qalıb.
Belə ki, alətlərlə idman gimnastikası üzrə Dünya Kuboku (4-7 mart) Bakıda keçiriləcək. Eyni zamanda həmin vaxt Azərbaycan Gimnastika Federasiyasının ənənəvi keçirdiyi "AGF Junior Trophy" turniri də baş tutacaq. Bu yarışlar Olimpiadaya lisenziya qazandırmayacaq.
Daha bir Dünya Kuboku 7-9 mayda Milli Gimnastika Arenasında keçiriləcək. Bu, bədii gimnastika üzrə olacaq.
IX aerobika gimnastikası üzrə dünya yaş qrupu müsabiqələri də Bakıda keçiriləcək. Sözügedən müsabiqələr 21-23 mayda baş tutacaq. XVI aerobika gimnastikası üzrə dünya çempionatı da bu yarışdan sonra - 27-29 mayda olacaq.