İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 6 yanvar — Sputnik. Yaponiya höküməti ölkədə 2030-cu ilə qədər benzinlə işləyən avtomobillərdən imtina ediləcək. Ümumiyyətlə benzinlə işləyən nəqliyyat vasitələri avtomobil bazarında satılmayacaq. Qeyd olunan son tarixə qədər alıcılar yalnız hibridlərə, elektrikli nəqliyyat vasitələrinə sahib olacağı gözlənilir.
Qərarın verilməsində əsas məqsəd zərərli emissiyaların ölkədə yayılmasının qarşısını almaqdır.
Bu və ya bu kimi tədbirlər sayəsində 2050-ci ilədək Yaponiya hüdudlarında atmosferə atılan karbon qazı, eləcə də digər istixana tullantılarının səviyyəsinin tamamilə sıfırlanması hədəflənir.
Böyük Britaniya benzinlə işləyən maşınların satışını 2030-cu ilədək, Fransa isə 2040-cı ilə qədər qadağan etməyi planlaşdırır.
Azərbaycanda isə 2018-ci ildə qəbul edilmiş dövlət proqramında bu məsləyə toxunulsa da, hələ ki, ciddi addımlar atılmır.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, benzindən imtina dünyanın bir çox ölkələri tərəfindən irəli sürülən bir təklifdir.
Xüsusən elektriklə çalışan avtomobillərə keçidi bütün dünya ölkələri arzulayır.
Və bir çox ölkələrdə insanların stimullaşdırılması üçün bir çox adıımlar atılır.
"Bu addımlar ondan irəli gəlir ki, insanlar yanacaqdan imtina edərək daha ekoloji nəqliyyat vasitələrindən istifadə etsinlər. Burada isə ilk növbədə ağla gələn elektrik mühərrikli avtomobillərdir. Elektrik mühərrikli avtomobillərin gündəmə gəlməsi arzu olunan haldır. Amma bir çox ölkələr buna ciddi yanaşdığı halda Azərbaycanda bu sahədə ciddi addımlar atılmayıb. Elektrikli avtomobillərə keçid üçün cəhd edən ölkələrdə artıq bununla bağlı infrasturuktur formalaşıb. Formalaşmasa belə buna cəhd edirlər" - deyə E. Muradlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda da minlərlə sürücü var ki, yanacaqdan imtina etməyə hazırdır. Ancaq infrastruktur olmadığına görə buna getmirlər.
Azərbaycana elektrik mühəriikli avtomobillərin gətirilməsi, maddi-texniki baza, ehtiyyat hissəsləri və ən əsası da elektrik şarj doldurma məntəqələrinin olmaması Azərbaycan sürücüsünü bu addımı atmaqdan çəkindirir.
"Məsələn, Beyləqanda elektrik doldurmaq üçün məntəqə varmı? Bu səbəbdən də elektrik mühərrikli avtomobillər sürənlər uzaq yola çıxmırlar. Bu səbəbdən də Azərbaycanda barmaqla sayılacaq qədər elektrik mühərrikli avtomobil var" - deyən ekspert vurğulayıb ki, bir çox ölkələrdə dövlət səviyyəsində komissiyalar yaradılıb, bu istiqamətə dəstək verildiyi üçün bu ölkələrdə elektrik mühərrikli avtomobillərdən istifadə artır.
Ekspert bildirir ki, Azərbaycanda 2018-ci ildə imzalanmış "Yol hərəkətinin təhülkəsizliyinə dair Dövlət proqramı"nda bu məsələ öz əksini tapır.
Ekoloji cəhətdən təmiz avtomobillərin ölkəyə gətirilməsi və bu sahənin inkişaf etməsi üçün stimullaşdırıcı addımlar atılmalıdır: "Stimullaşdırıcı addımlar dedikdə, gömrük rusumlarının, vergi rüsumlarının kifayət qədər və ya tam azaldılması nəzərdə tutulur.
Ancaq Azərbaycan Gömrük Komitəsi və Vergilər Nazirliyi məsələyə laqeyd yanaşır. Yəni, bu gün Azərbaycana 100 min manat dəyərində elektrik mühərrikli avtomobil gətirən vətəndaş məcburdur ki, 15 min manat məbləğində rüsum versin. Ancaq digər ölkələrində vətəndaşların bu qədər xərci çıxmır".
E. Muradlı vurğulayıb ki, elektrik mühərrikli avtomobillər ekoloji cəhətdən təmiz olduğu üçün bu avtomobillərin Azərbaycanda istifadə edilməsi üçün şərait yaradılmalıdır.
Qeyd edək ki, 2021–ci ilin birinci yarısında bütün SOCAR yanacaqdoldurma məntəqələrində (YDM) elektrikli nəqliyyat vasitələri üçün şarj avadanlıqlarının quraşdırılması nəzərdə tutulur.
Layihə "SOCAR PERROLEUM" QSC və CZAR şirkəti arasındakı əməkdaşlıq çərçivəsində reallaşacaq.