Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 1 yanvar — Sputnik. Ölkəmizdə koronavirus pandemiyasına görə əyani təhsil dayandırılsa da onlayn təhsil o qədər də effekt vermədiyindən əksər valideynlər övladının dərs proqramını mənimsəməsi üçün repetitorlara müraciət edir. Nazirlər Kabinetinin qəraı ilə Azərbaycanda tədris kurslarının və fərdi hazırlıqların fəaliyyətinə qadağa qoyulsa da repetitorlar şagird hazırlıqlarını evdə davam etdirirlər. Bu günlərdə isə, alimlər koronavirusun mutasiya keçirmiş yeni variantının uşaqlar arasında yayılma riski barədə xəbərdarlıq ediblər. Xarici mətbuatda yer alan məlumatlarda bildirilir ki, uşaqlar arasında yeni növ koronavirusa yoluxma bu rəqəmlərin xeyli artmasına səbəb olacaq.
Qeyd edək ki, pediatrların fikrincə, koronavirusa yoluxma riski daha çox peyvənddən kənarda qalan uşaqlara aiddir. Məlumatlara görə, peyvəndlərdən kənar qalan uşaqlarda virusa yoluxma təhlükəsi daha çoxdur. Bu isə digər şagirdlər üçün virusa yoluxma ilə bağlı narahatlığı daha da artırır.
Sputnik Azərbaycan uşaqlar arasında yeni növ koronavirusa yoluxma riskini araşdırıb.
Sputnik Azərbaycan-a açıqlamasında K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun keçmiş direktoru, professor, pediatr Nəsib Quliyev bildirib ki, uşaqlara edilən peyvəndlərin onların koronovirusa yoluxmamasına birbaşa aidiyyatı yoxdur. Çünki, uşaqlara edilən peyvəndlərin arasında COVID-19-a qarşı peyvənd yoxdur:
"Peyvənd təqviminə əsasən uşaqlara edilən peyvəndlərin onları koronavirusa yoluxmadan qorumasından, bu vaksinlərin birbaşa təsirdən söhbət gedə bilməz. Amma bu və digər idarəolunan xəstəliyə qarşı uşaqlar peyvənd olunmursa və o xəstəliyə yoluxursa, ikincili infeksiyanın baş verməsi üçün şərait yaradır. Tutaq ki, uşaq qızılcaya qarşı peyvənd olunmayıb və qızılcaya yoluxma olursa ikinci infeksiyaya münbit şərait yaranır. Orqanizm o dərəcədə zəifləyir ki, ikincili infeksiya tez yoluxur. Ona görə də peyvənddən kənar qalan uşaqların uşaq kollektoruna aparılması risklidir. Orada yoluxma baş verə bilər".
N. Quliyev deyir ki, uşaqları koronovirus infeksiyasından qorumaq üçün onların orqanizmi möhkəm olmalıdır:
"COVID-19 infeksiyası ilə bağlı, da təlimat eynidir. Yay vaxtı orqanizmdə sağlamlaşma möhkəmləşmə tədbirləri aparılmalıdır ki, payız-qış aylarında yoluxma riski az olsun. Həmçinin əksepidemik tədbirləri də davam etdirmək vacibdir. Maska taxmaq, məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək bütün hava damcı yolu ilə yoluxmadan qoruma üsuludur. Valideynlərə tövsiyyəm ondan ibarətdir ki, özlərini qoruduqları kimi uşaqları da qorusunlar. Məlumatlara görə, məktəblərdə əyani təhsil dayandırılsa da şagirdlər repetitor hazırlığına gedirlər. Yaxşı olar ki, həm müəllimlər, həmçinin də şagirdlər NK-nın qərarına hörmət edib qaydanı pozmasınlar.
Məktəblərdə əyani təhsil məhz şagirdlərin və müəllimlərin bu virusa yoluxmasının qarşısını almaq üçün dayandırılıb. Amma övladlarının təhsildən kənar qalmamasını və daha yaxşı təhsil almasını istəyən valideynlər də bu məsələdə diqqətli olmalıdırlar. Belə halda ən azından şagirdlər arasında təması azaltmaq, qruplara az sayda şagird cəlb etmək lazımdır. Qruplarda şagirdlərin sayının azadılması müsbət haldır. Çünki, 15-20 dəqiqə təmas xəstəliyin yayılması üçün kifayətdir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronovirus pandemiyası dövründə uşaqların peyvəndlə əhatə olunması vacibdir:
"Ümumiyyətlə uşaqlar peyvənd təqviminə görə bütün peyvəndləri vaxtlı-vaxtında almalıdırlar. Hər hansı infeksiyaya qarşı immunitetin olması vacibdir. Uşaqlara peyvənd vurulmalıdır ki, onların orqanizminin buna müqaviməti olsun. O ki, qaldı peyvəndlərin koronavirusa yoluxma riskinə təsirinə, peyvəndlər uşağı koronovirusdan qorumasa da digər idarəolunan infeksiyalardan qoruyur. Uşaqlar ona görə peyvənd olunmalıdırlar ki, pandemiya dövründə hər hansı infeksiya baş verə bilərsə alovlanma olmasın. Uşaqlar peyvənd olunmalıdır ki, biz onları digər infeksiyalardan qoruya bilək.
Pandemiya dövründə epidemioloji fəlakət yaşanmasın. Çünki, peyvəndlər uşaqları digər infeksiyalardan qoruyur. Uşağa peyvənd təqvimində yer alan vaksin vurulmursa, bu zaman o qızılca və məxmərək, eləcə də digər viruslara yoluxa bilər. Bu zaman orqanizdə immun sisitemi zəifləyir və başqa bir infeksiyaya da yoluxma riski artır. Ona görə də biz valideynlərə səslənirik ki, uşaqlarını pandemiya dövründə vaksinlərdən kənar saxlamasınlar".