CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın şimal-qərbində bu dəfə Yeni İli bayram kimi qeyd etməyəcəklər

© Sputnik / Shahperi AbbasovaQaxda qar
Qaxda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Şimal-qərb rayonlarında yolkalar qurulmayıb, bayram əhval-ruhiyyəsi də sezilmir. Sakinlərdən kimi şəhidlərə, kimi də dini inancına görə bayramı qeyd etməyəcək.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Yeni ilin gəlişinə 1 gün vaxt qalıb. Lakin əvvəlki illərdən fərqli olaraq ölkədə bayram ab-havası yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, Şimal-qərb bölgəsində də Yeni ilin yaxınlaşması hiss olunmur. Rayon mərkəzlərində ötən ilki kimi yolkalar gözə dəymir. Sakinlər də bu il bayram keçirmək niyyətində olmadıqlarını bildiriblər. Qax şəhər sakini Elçin Əliyev deyir ki, bu il bayramı qeyd etməyəcəklər. Buna səbəb isə müharibənin yenicə bitməsidir:

“Ölkədə 2800-dək şəhid var. Onların qanı hələ qurumayıb. Bu vəziyyətdə necə bayram edim?! Bizə belədə bayram yaraşar?”

Rayonun daha bir sakini Arif Həsənov da bayramı qeyd etmək fikrinin olmadığını bildirib. Bunun üçün isə 2 səbəb göstərib:

“Həm şəhidlərimiz var. Təkcə Qaxdan onlarla şəhid var. Onların evində bayram yoxdursa, bizdə də ola bilməz. Həm də pandemiyadır, hər yerdə virus yayılıb. Bayramda da qonaq getmədinsə, qohum-əqrabanı təbrik etmədinsə, bunu bayram saymaq olmaz. İndi çıxıb ev-ev gəzmək təhlükəlidir”.

Şəkidə də şəhərin heç bir yerində yolka qurulmayıb. Sakinlər məhz şəhidlərə görə bu il bayramı qeyd etməyi doğru saymırlar. Rayon sakini Hacı Həşimli də bu cür düşünənlərdəndir:

“Şəhidlərimiz var. Çoxunun qırxı çıxmayıb hələ. Bəziləri dəfn olunmayıb, yeniləri də gəlir. Bu cür hüzr mərasimlərinin yanında bayram keçirə bilmərik. Yolka da qurmamışıq heç. Qohum-əqrabadan da kimdən soruşmuşamsa, yeni ili önəmli saymadıqlarını deyirlər”.

Алятский карантинный пост, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni il ərəfəsi narahatlıq - Bakı tam qapanıb, rayonlara yollar bağlanacaq?

İnqilab Ömərov da Yeni ili önəmli bayram hesab etmədiyini, əvvəlki illərdə yolkanı da adətən uşaqlara görə qurduqlarını deyir. Bu il isə evdə yolka da qurmayıb:

“Keçən il yolka qurmuşdum. Çünki, uşaqlar istəyirdi. Bu il elə bil uşaqlarda da qəribə hiss var. Onlar da evin bəzənməsini istəmirlər. Həm də uşaqlar nəyi görsələr, eşitsələr ağıllarına batır. Yolkadan, yeni ildən söhbət salmasan, yaxud da haradasa görməsələr, haradan yadlarına düşəcək?! Bütün şəhidlər qardaşımızdır, öz qohumlarımdan şəhid olan var. Bu səbəbdən də bayram keçirməyəcəyik”.

Zaqatalada da analoji vəziyyət hökm sürür. Burada da nə şəhərdə, nə də alış-veriş mərkəzlərində bayram ab-havası hökm sürür. Bu günlərdə müştəri növbəsi olan bazarlarda da tək-tük adam gözə dəyir. Rayon sakini Dilbər Zeynalova deyir ki, əvvəllər də yeni ili qeyd etməyib. Bu il də qeyd etməyəcək:

“Mən Yeni ili bayram saymıram. Mənim üçün əsas 2 bayram var. Ramazan və Qurban bayramı. Həyat yoldaşım da dindar olduğu üçün bu cür düşünür. Bu ildən isə Zəfər bayramımız da buna əlavə olundu. Yeni ili də həmişəki kimi qeyd etməyəcəyik”.

 

Xəbər lenti
0