BAKI, 24 dekabr — Sputnik. Nazirlər Kabineti "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında" 2010-cu il 23 aprel tarixli 76 nömrəli və "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarlarında dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Ölkədə elan olunmuş hərbi vəziyyət və qismən səfərbərliklə əlaqədar cari ilin sentyabr-dekabr aylarında məzun olması nəzərdə tutulan və orduya cəlb olunan ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin təhsilində bir sıra çətinliklər yaranıb.
Məlum olduğu kimi, cari ilin 27 sentyabr tarixində Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayıb. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib və bir qrup ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər ordunun komplektləşdirilməsinə cəlb olunublar. Həmin şəxslərin arasında normativ müddətdə ali və orta ixtisas təhsili müəssisələrini bitirə bilməyən bəzi tələbələr də vardır. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin döyüşlərin dayandırılması barədə imzaladığı birgə bəyanatdan sonra həmin şəxslərin geri qayıtması nəzərdə tutulur.
Eyni zamanda qeyd etmək lazımdır ki, "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli qərarı ilə bir sıra sənədlərə dəyişikliklər edilib və tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunublar. Həmin qərarın qüvvədə olma müddəti oktyabr ayının 1-nə qədər olub. Lakin, bir qrup tələbələr, o cümlədən hərbi vəziyyət və qismən səfərbərliklə əlaqədar cari ilin sentyabr-dekabr aylarında məzun olması nəzərdə tutulan və orduya cəlb olunan ali və orta ixtisas təhsili müəssisələri tələbələri, məlum səbəblərdən həmin müddətdə yekun dövlət attestasiyasından keçə bilməyib.
Nazirlər Kabinetinin qeyd olunan qərarı qüvvədən düşdüyünə görə və qismən səfərbərlik nəticəsində orduya cəlb olunmuş şəxslərin təhsil problemlərinin aradan qaldırılması ilə əlaqədar aşağıdakı qərarlarda dəyişiklik edilməsi zərurəti yaranıb:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı";
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları".
Qeyd olunan normativ sənədlərdə təklif edilən dəyişikliklərin qəbul olunması ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş, qismən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbələr təhsil müddətində əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar.