BAKI, 23 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Su-57 beşinci nəsil qırıcısı unikal taktiki və texniki xüsusiyyətləri, altıncı nəsil texnologiyalarına yaxınlaşması, bütün dünyada sürətlə tanınması, nikbin inkişaf perspektivləri və yüksək ixrac potensialı ilə bizi heyrətləndirməyə davam edir.
Rusiya Aerokosmik Qüvvələri Su-57 təyyarələrinin ilk seriyasını başa çatmaqda olan ilin son günlərində əldə edəcək. İkinci mərhələ mühərriklə təchiz olunmuş ilk beçinci nəsil qırıcıları isə 2022-ci ildə yığılacaq. Beləliklə, 2024-cü ildə artıq Rusiyanın Aerokosmik Qüvvələrinin döyüş xəttində 22 ədəd Su-57 qırıcısı olacaq, 2028-ci ildə isə onların sayı 76 vahidə qədər artırılacaq. Qırıcıların göyərtəli versiyası 2021-ci ilin axırlarına kimi işlənib-hazırlanacaq.
Artıq Su-57 qırıcılarını əldə etmək istəyən səkkiz ölkə növbəyə dayanıb. Rusiya Hərbi-Sənaye Komissiyası idarə heyəti sədrinin birinci müavini Andrey Yelçaninov bildirib: "Müxtəlif tədarük variantlarını nəzərdən keçiririk: ayrıca təyyarə, yoxsa satış sonrası xidmət sistemi və tam silah dəsti ilə təchiz olunmuş təyyarə".
Rusiyaya 14 ədəd Su-57 E qırıcısı sifariş verən ilk ölkə Əlcəzairdir. Su-57-nin ən böyük potensial müştərisi isə hazır təyyarələr əldə etmək və öz ərazisində lisenziyalı istehsal layihəsi inkişaf etdirmək (əvvəllər MiQ-21, MiQ-27 və Su-30 qırıcılarında olduğu kimi) niyyətində olan Hindistandır. Üstəlik, Hindistan Hərbi Hava Qüvvələri iki yerlik qırıcılara üstünlük verir və Rusiya bu mühüm tərəfdaş ölkəni əliboş qaytarmaq niyyətində deyil. Hindistan və Əlcəzairdən başqa, Su-57-yə Çin, Myanmar (keçmiş Birma), Vyetnam, Malayziya, İran və Türkiyə də böyük maraq göstərir.
Xarici müştərilərin sayının daha da artacağı gözlənilir, çünki dördüncü nəsil qırıcılar fiziki cəhətdən köhnəlib və tədricən keçmişdə qalır, Su-57-nin isə bu gün və yaxın gələcəkdə dünya bazarında layiqli rəqibi yoxdur. Bəlkə, hələ bu təyyarələr elə Rusiya istehsalı olan MiQ-41 qırıcıları ilə hava hökmranlığı uğrunda mübarizəyə də girdi. Qeyd edək ki, MiQ-41 qırıcıları üzərində təkmilləşdirmə işi 2018-ci ildən başlayıb, bu təyyarələrin daha böyük və daha bahalı olacağı gözlənilir.
İnanılmaz perspektivlər
Amerikanın "Military Watch Magazine" nəşri Rusiyanın hipersəsli raketlər və yeni Saturn-30 mühərriklərinin inteqrasiyası ilə Su-57-nin dizayn imkanlarını altıncı nəsil səviyyəsinə daha da yaxınlaşdırdıqdan sonra bu qırıcılara tələbatın daha da artacağından bəhs edir. Lakin elə günü bu gün də Su-57 öz unikal xüsusiyyətləri ilə seçilir.
Üstəlik, döyüş yükünün təyyarənin ağırlığına nisbəti dördüncü nəsil qırıcılarındakından xeyli yüksəkdir və süni intellekt Su-57-nin ağır hücum dronları olan "Oxotnik" S-70 ilə birlikdə uğurla işləməsinə imkan verir.
Beşinci nəsil Su-57 qırıcısı həm də onunla unikaldır ki, onda altıncı nəsil texnologiyalarının bəzi xüyusiyyətləri öz əksini tapıb. O, təsirli döyüş vahidi olmaqla yanaşı, həm də bir növ elmi laboratoriya, tədqiqat poliqonu sayıla bilər.
Pilotlu Su-57 avtomatik rejimdə tapşırıqların 90%-ni yerinə yetirməyə və hətta əvvəlcədən hazırlanmış bir proqramla tam avtomatik rejimdə də işləməyə qadirdir. Su-57 qırıcısının pilotsuz hücum dronunun "Oxotnik"ə inteqrasiyası altıncı nəsil ağır insansız təyyarə eskadrilyalarının döyüş istifadəsinin yeni taktikasına və praktikasına səbəb olur. Və bu heç də fantastika deyil!
Rusiya Baş nazirinin müavini Yuri Borisov dekabrın 21-də altıncı nəsil qırıcılarının pilotsuz olacağını bəyan edərək bildirdi ki, özü də bununla yalnız "qanadlı döyüş vahidi" deyil, effektiv aviasiya kompleksi yaradılır. Bu cür təyyarəni yerdən və ya onunla yanaşı hərəkət edən uçan aparatdan idarə etmək mümkün olacaq. Hazırda Rusiya Müdafiə Nazirliyinin əmri ilə elmi-tədqiqat işləri aparılır, müxtəlif variantların effektivliyi mühəndis qeydləri səviyyəsində nəzərdən keçirilir və qiymətləndirilir. Bir qayda olaraq, bu cür layihələr üzərində iş təxminən 5-7 ilə çəkir.
Altıncı nəsil döyüş təyyarəsinin yaradılmasına 2016-cı ilin yazında başlanılıb və Birləşmiş Aviainşaat Korporasiyasındakı hərbi aviasiya proqramlarından məsul olan Vladimir Mixaylov ilk uçuşun 2025-ci ilə qədər reallaşacağını bildirib. Hələlik isə üstün ixrac potensialına sahib pilotlu Su-57 var.
Bununla belə, Rusiya Aerokosmik Qüvvələrinin ilk beşinci nəsil qırıcılarını qəbul edən Yuri Borisov vurğulayıb: "Qoşunlarımızın bütün ehtiyaclarını təmin etməyənə qədər xaricə heç nə satan deyilik. Müdafiə Nazirliyi ilə 76 təyyarənin alınması üzrə müqavilə bağlandığını qeyd edə bilərəm".
Üstünlüyün sirləri
Qırıcının texniki xüsusiyyətləri istehsalçı tərəfindən belə təsnif edilir: Su-57 döyüş kompleksi 250 km-ə qədər mənzilli gəmi əleyhinə raketlər və hipersəsli "Kinjal" da daxil olmaqla ən son "hava-hava" və "hava-yer səthi" aviasiya silahlarından 15-ni əhatə edir. Digər yeni silah növlərinin sınaqlarının 2021-ci ildə tamamlanması planlaşdırılır.
Qərb hərbi analitiklərinin fikrincə, Rusiyanın Su-57 qırıcısı beşinci nəsil döyüş aviatexnikasının layiqli təmsilçisidir və bəzi xüsusiyyətlərinə görə, altıncı nəslə yaxınlaşır. Məsələn, üçölçülü itələyici vektor Su-57-nin havada inanılmaz manevrlər etməsinə imkan verir ki, bu da digər bütün beşinci nəsil qırıcıları üçün əlçatmazdır. "Yan" radarlar hədəflərin tapılmasında yüksək avtonomluğu və təyyarənin düşmən radarları üçün görünməzliyini təmin edir. İnteqrasiya edilmiş elektron müharibə sistemi hər rakurs və proyeksiyadan təyyarəni başlıqlı raketlərdən qorumağa imkan verir.
"Himalay" elektron müharibə sistemi, məsələn, F-22 və F-35 qırıcılarını xeyli məsafədən "görmə" və "zərərsizləşdirmə" qabiliyyətinə malikdir. Rusiyaya məxsus Su-57 qırıcısı hava üstünlüyü əldə etmək üçün yaradılıb və silah gücü, uçuş məsafəsi, sürət və manevr baxımından texnoloji olaraq F-22 və F-35 üçün əlçatmazdır.
Amerikalılar F-22-ni yalnız "hava-hava" raketlərinin yerləşdirilməsi üçün hazırlamışdılar (bu, kökündən səhv qərar idi), sonra "hava-yer səthi" raketlərini mövcud bölmələrə "soxmağa" çalışsalar da, onlar oraya sığmadı. Və onda daha ucuz (ədədi 100 milyon dollar) "görünməz bomba daşıyıcısı" F-35-i yaratmaq lazım gəldi.
Qeyd edək ki, F-35 çoxməqsədli qırıcı-bombardmançısı düşmənin hava müdafiə zonasına "görünməz-səssiz" nüfuz etmək, yerdəki hədəfləri vurmaq və digər təyyarələrin hərəkətlərini əlaqələndirmək üçün yaradılıb. Su-57, F-22 və F-35-in dizayn xüsusiyyətləri onlara müxtəlif məsafələrdə fərqli üstünlüklər verir, lakin rus qırıcısının texnoloji və döyüş üstünlüyünü inkar etmir.
Çoxfunksiyalı Su-57 uzaq və yaxın məsafəli döyüşlərdə hər növ hava hədəflərini məhv etmək, düşmənin hava müdafiəsini yararaq yer və suüstü hədəfləri dağıtmaq, bazadan uzaq məsafədəki hava məkanını izləmək və düşmən aviasiya idarəetmə sistemini darmadağın etmək üçün nəzərdə tutulub. Təyyarə yüksək dərəcədə texnoloji inkişafa çatdırılıb və Suriya səmalarında döyüş şəraitində sınaqdan keçirilib. Rusiya Müdafiə Nazirliyinin dərhal bu təyyarədən 76 ədəd (üç aviasiya alayını təchiz etmək üçün) sifariş verməsi heç də təsadüfi deyil.
Rusiyaya məxsus Su-57 qırıcısı idarəetmənin yüksək səviyyədə avtomatlaşdırmasına və heyətin intellektual dəstəyinə (pilotlar "avtopilot"a tam etibar edərək bütün diqqətlərini taktiki problemlərin həllinə yönəldə bilərlər) inteqrasiya olunmuş yeni avionika kompleksi ilə təchiz edilib. Gəmidəki avadanlıq yerüstü idarəetmə sistemləri ilə və aviasiya qrupu daxilində real vaxtda məlumat mübadiləsinə imkan verir, yaxud tapşırıqları avtonom şəkildə yerinə yetirir.
Su-57-nin prioritetləri və silahlanması Amerikanın F-22 və F-35 qırıcıları ilə müqayisədə daha böyük məsafələrdə təhdidləri (hədəfləri) aşkar etməyə və aradan qaldırmağa imkan verir. Bu qırıcıların timsalında biz hərbi əməliyyatların aparılmasında texnologiyaların və konsepsiyaların kompleks mübarizəsinin şahidi oluruq.