BAKI, 22 dekabr — Sputnik. 22 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən təşkil olunan "Prezident Kuboku" turnirinin yarımfinal mərhələsinin oyunları keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Atçılıq Federasiyasından məlumat verilib. Bildirilib ki, qrup oyunlarının nəticələrinə əsasən yarımfinal mərhələsində "Sərhədçi" komandası "Buta Qolden" komandası ilə, "Polad" komandası isə "Sərhədçi 2-Dilbaz" komandası ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən birinci oyunda "Sərhədçi" öz rəqibinə 1-0 qalib gələrək finala vəsiqə qazanan ilk komanda olub. Oyundakı tək qolu komandanın kapitanı Elçin Camallı vurub.
Saat 13:00-dan etibarən başlayan ikinci oyunda üstünlüyü ələ alan "Polad" komandası ilk hissəni rəqibi qarşısında 3-0 hesabı ilə öndə bitirib. İkinci hissənin əvvəlində "Sərhədçi 2-Dilbaz" komandası meydana çıxmaqdan imtina etdiyinə görə ona 0-3 hesablı texniki məğlubiyyət elan olunub.
Bununla da, 24 dekabr 2020-ci il tarixdə keçiriləcək final görüşünün iştirakçıları bəlli olub. Saat 13:00-dan etibarən başlayacaq görüşdə "Sərhədçi" və "Polad" komandaları qarşılaşacaqlar.
Üçüncülük oyunu isə 24 dekabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən "Buta Qolden" və "Sərhədçi 2-Dilbaz" komandaları arasında baş tutacaq.
Xatırladaq ki, oyunlar tamaşaçıların iştirakı olmadan, açıq havada, karantin qaydalarına uyğun şəkildə keçirilir.