BAKI, 19 dekabr — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ölkədə atmosfer havasının vəziyyətini təhlil edib, bu sahədə monitorinq xidmətlərinin keyfiyyət və sürətinin yaxşılaşdırılması məqsədilə görülən işlərlə bağlı sualları cavablandırıb:
- Hazırda ölkəmizdə atmosfer havasının vəziyyəti necə səciyyələndirilir?
- Ölkədə olan vəziyyətə keçməmişdən əvvəl qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatının Hava Keyfiyyəti Təlimatlarında göstərilir ki, dünyada əhalinin 95%-dən çoxu bu sahəyə aid Avropa standartlarına cavab verməyən şəhərlərdə yaşayır. Ölkədə olan vəziyyəti səciyyələndirəndə, nəzərə alınmalıdır ki, ümumi mənzərə çox fərqli olacaq. Və dünyanın iri şəhərlərinə xas olan tendensiyalar, təbii ki, bizdə də müşahidə olunur.
Belə ki, Bakı, Sumqayıt, Gəncə kimi iri sənaye şəhərlərində atmosfer havası, digər aqrar bölgələrlə müqayisədə, çirklənməyə daha çox məruz qalır. İri şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr əsasən sənaye müəssisələri və nəqliyyat vasitələridir. Lakin müəssisələrin az tullantılı texnologiyalarla təmin olunması, həmçinin nəqliyyatda "smart" yanaşmaların tətbiqi ilə atmosfer havasına olan təsirləri azaltmaq mümkündür.
Müqayisə üçün bəzi statistik rəqəmləri nəzərdən keçirək. Belə ki, əgər 1990-cı ildə ölkəmiz üzrə sənaye müəssisələrindən atmosferə buraxılan tullantının miqdarı 2108 min ton olmuşdursa, bu göstərici 2019-cu ildə 177 min ton təşkil etmişdir. Azərbaycan sürətlə inkişaf edən ölkədir. Lakin bu inkişafı, Azərbaycanda ekoloji tarazlığı təmin etmək üçün qəbul olunan dövlət proqramlarının və uğurlu ekoloji layihələrin həyata keçirilməsi hesabına, “yaşıl”, təbiətə dost inkişaf kimi qiymətləndirmək olar. Təkcə son il ərzində Abşeron yarımadasında milyonlarla ağac əkilib. Bildiyiniz kimi, yaşıllıqların karbon qazının udulmasında rolu əvəzsizdir. Belə iri miqyaslı layihələr ümumi ekoloji vəziyyətin sağlamlaşdırılmasına xidmət edir.
- Bəs bu baxımdan nəqliyyatın rolundan nə deyə bilərik?
- İri şəhərlərin atmosfer havasına əhəmiyyətli dərəcədə təsir göstərən sahə nəqliyyat sektorudur. Statistik rəqəmlər bir daha bunu təsdiqləyir.
Nəqliyyatdan buraxılan tullantıların miqdarı 1990-cı illə müqayisədə 207 min ton artımla (2019-cu ildə 945 min ton) qeydə alınmışdır ki, bu da nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artması ilə izah edilir. Nəticə etibarı ilə ölkəmizdə 1990-cı ilə qədərki dövrdən fərqli olaraq, atmosfer havasına tullantıların buraxılmasında nəqliyyatın payı sənaye müəssisələrinin payını üstələmiş olub.
- Nəqliyyatla bağlı göstəricilərin yaxşılaşdırılması üçün hansı vasitələrdən istifadə etmək mümkündür?
- Şübhəsiz ki, təhlillər bu sektorda ciddi addımların atılmasını zəruri edir.
Bakı Nəqliyyat Agentliyinin son dövrlərdə Bakını smart şəhər konsepsiyasına töhfə verən bəzi yeniliklərini qeyd etmək yerinə düşər. Belə ki, sərnişin avtobuslarına dair norma və standartlar müəyyən edilən zaman ekoloji məqamlar da nəzərə alınıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən tələblərdə qeyd olunduğu kimi 2022-ci ildən yalnız sıxılmış təbii qaz və elektrik mühərrikli avtobuslar istismara qəbul olunacaq. Dizel mühərrikli avtobuslar isə tədricən istismardan çıxarılacaq.
Buna müvafiq olaraq ötən müddətdə dövlət başçısının birbaşa tapşırığına əsasən, paytaxta Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən sıxılmış təbii qaz (CNG) mühərrikli ümumilikdə 603 ədəd müasir avtobus gətirilib.
Qeyd olunan avtobusların əsas xüsusiyyəti CNG mühərriki sayəsində ətraf mühitə minimum təsir göstərməsidir.
- Atmosfer havasının keyfiyyətinin monitorinqi sahəsində nə kimi yeniliklər var?
- Atmosfer havasının vəziyyəti insan sağlamlığına təsir göstərən amildir. Bunu nəzərə alaraq, havanın keyfiyyəti ilə bağlı məlumatlara əlçatanlığın təmin edilməsini qarşımıza bir məqsəd kimi qoymuşuq.
Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edən mexaniki analizlərə əsaslanırdı.
Buna görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb. Ölkəmizdə həyata keçirilən "Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycana Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi" layihəsi çərçivəsində monitorinq şəbəkəsi üçün modernizasiya planı hazırlanıb. Layihənin həyata keçirilməsi nəticəsində real vaxt rejimində çalışan avtomatik analizatorlardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılacaq.
Avropa təcrübəsinə uyğun olaraq bu məlumatlara əhalinin onlayn rejimdə çıxışı təmin olunacaq, hər bir insan ETSN-nin saytında bu məlumatlarla tanış ola biləcək.
Modernizasiya planının birinci mərhələsinə əsasən Dövlət İnvestisiya Layihəsi hesabına beş avtomatik rejimdə çalışan stansiya və bir ədəd mobil laboratoriya alınaraq Bakı şəhərində 3, Sumqayıt və Gəncədə 1 avtomatik stansiya quraşdırılıb. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən “Thermo” (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilib.
Eyni zamanda, stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə hava keyfiyyətinin operativ şəkildə monitorinqinin həyata keçirilməsi üçün dövlət investisiya layihəsi çərçivəsində bir ədəd Mobil Laboratoriya alınıb. Mobil laboratoriya beynəlxalq standartlara uyğun müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bu laboratoriya ərazidə havanın keyfiyyət göstəriciləri üzrə analitik araşdırma aparmaqla vəziyyətin yerində qiymətləndirilməsini təmin edəcək.
- Monitorinq şəbəkəsinin genişləndirilməsi planlaşdırılırmı?
- Dövlət investisiya layihələri çərçivəsində 2025-ci ilə qədər 25 ədəd bu cür avtomatik stansiyanın alınması və ölkə ərazisində monitorinq məntəqələrinin qurulması planlaşdırılıb.