Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 16 dekabr — Sputnik. Azərbaycanda ixrac üçün potensial sahələrdən biri də fındıqçılıqdır. Lakin fındıqçılığın inkişafına mane olan bir sıra amillər var ki, ildən-ilə potensialı da müəyyən qədər azaldır.
Statistik rəqəmlər də bunu deməyə əas verir. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 67,379 mln. ABŞ dolları dəyərində 10 713,21 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib ki, bu da illik müqayisədə müvafiq olaraq 23,3% və 32,8% azdır.
Maraqlıdır, bu sahədə ildən-ilə geriləmənin səbəbi nədir?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqamasında bu sahədə geriləməyə səbəb olan amillərdən danışıb: "Azərbaycanda fındıqçılığın çox böyük perspektivləri var. Bu sahəyə doğru-düzgün yanaşma olsa, təşviq proqramları daha geniş yayılsa, məncə Azərbaycan bu sahədə ixracat potensialını və həcmini artıra bilər. Bu gün də fındıqçılıqda bəzi problemlər var. Xüsusən Avropaya ixrac olunan fındığın standartlara uyğun gəlməməsi, bəzi xəstəliklərin aşkarlanması bu işi axsadan əsas amillərdə biridir. Bu səbəbdən aqro-texniki qaydalara daha ciddi əməl edilməlidir".
Ekspert bildirir ki, digər əsas məsələ qablaşdırma ilə bağlıdır. Azərbaycan daha müasir qablaşdırma metodundan istifadə edərək topdan satış kimi yox, artıq qablaşdırılmış formada, istər ləpəli, istərsə də qabıqlı şəkildə ixrac edərək xarici bazarlara çatdırmaq haqda da düşünə bilər. Aqro-texniki qaydalara, müasir texnologiyalara uyğun olaraq aqrar sahəyə də müasir yanaşma olmalıdır. Fındıqçılıqda da ən böyük problem məhz burdan qaynaqlanır.
"Hər il məhsuldarlıq eyni olmur. Hesab edirəm ki, bu il məhsuldarlığın az olması da ixracata daha ciddi təsir göstərib. Məhsuldarlığın azalmasının səbəblərindən biri aqro-texniki qaydalara elmə əsaslanaraq əməl edilməməsidir", - deyən iqtisadçı əsas problemlərdən birinin də idarəetmə ilə bağlı olduğunu qeyd edib.
Kəndlilər isə zəhmətin çoxluğu, dəyərin az olmasından narazıdırlar. Qax rayon sakini, fındıqçı Nihat Nəzirlinin sözlərinə görə, son vaxtlar hava şəraiti də məhsuldarlığa mənfi təsir edib. Bundan başqa, fındıqda mikrobun aşkarlanması məhsulların dəyərini aşağı salıb.
"Amma bu, çox əziyyətli işdir, Bu qədər əziyyətin qarşılığında qiymətin aşağı olması heç də ürəkaçan deyil. Qiymət analizdən asılı olaraq, 3-5 manat arasında dəyişir. Dövlət tərəfindən müəyyən dəstəyi olur, amma bu dəstək bəzən elə də kifayət etmir", - deyə fermer bildirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycandan fındıq ləpəsinin əsas idxalçıları Rusiya, İtaliya və Almaniya olub. Hesabat dövründə ölkə Rusiyaya 33,734 mln. dollar dəyərində 5 675,83 ton təmizlənmiş fındıq ixrac edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 18,9%, həcm ifadəsində isə 30,4% azdır.
İtaliya Azərbaycandan bu ilin doqquz ayında 14,855 mln. dəyərində 2 122 ton fındıq ləpəsi idxal edib ki, bu da müvafiq olaraq 44,3% və 52,2% azdır.
Almaniyaya gəldikdə, Azərbaycan sözügedən ölkəyə 7,897 mln. dollarlıq 1 100,45 ton ləpə tədarük edib, bu da illik müqayisədə müvafiq olaraq 30,9% və 43,1% azdır.
Son illərdə bu sahədə yaranan çöküşün qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) fındıqçılıq sahəsində birgə layihəyə başlayıb. Yeni layihə fındıq bağlarında məhsuldarlığı bir neçə dəfə artırmağa yönəlib. Belə ki, "Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlığın sürətləndirilməsi" (HAZER) adlanan layihədən bu sahədə fəaliyyət göstərən kiçik fermerlər faydalanır.
Ümumi büdcəsi 1,3 mln. ABŞ dolları olan layihənin əsas məqsədi Azərbaycanda fındıqçılıq sahəsində dəyər zəncirlərini inkişaf etdirməklə məhsuldarlığı artırmaq, intensiv texnologiyalardan istifadə ilə fındıq istehsalının effektivliyini yüksəltmək, aflatoksin maddəsinin mövcudluğu riskini azaltmaqla məhsulun keyfiyyətini artırmaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev isə bildirib ki, ötən illər ərzində 20 min hektardan çox ərazidə yeni bağ salınıb. 2019-cu ilin məlumatına görə, Azərbaycan fındıq ixracında dünyada Türkiyə və İtaliyadan sonra 3-cü yerdə dayanır. Onun sözlərinə görə, ötən il ölkəmizdə fındıq məhsulu 124.2 milyon ABŞ dolları dəyəri ilə ixrac olunan əsas qeyri-neft mallarının siyahısında pomidor və qızıldan sonra üçüncü yeri tutub.
Lakin o qeyd edir ki, fındıq bağlarında hər hektara düşən məhsuldarlıq aşağı səviyyədədir. Ölkəmizdə fındıqçılıq sahəsində hər hektara düşən məhsuldarlıq orta hesabla 1.2 ton təşkil edir. Halbuki bu rəqəm dünya üzrə əldə olunan yüksək məhsuldarlıq göstəricisindən aşağıdır.
Xatırladaq ki, 2019-2020-ci illərdə fındıqçılıq sahəsinin inkişafı üçün AKİA vəsaitlərindən 368 000 manat məbləğində güzəştli kredit ayrılıb. Fındıqçılıq sahəsi üçün alınmış texnikalar üzrə fermerlərə 319 900 manat güzəşt vəsaiti, 206 100 manat məbləğində isə kredit verilib.
Bununla yanaşı, 2019-2020-ci illərdə fındıqçılıq sahəsində fəaliyyət göstərən 32 366 fermerə 10 249 954 manat məbləğində subsidiya ayrılıb.
Lakin görülən işlər hələlik ixrac potensialımızı qaldıra bilməyib.