Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 dekabr — Sputnik. Rusiya dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) qəbul edib. Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər: "Fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 2020-ci il dekabrın 10-dan etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalıb".
Qadağa ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığı baxımından Rusiya ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi olduqca mühüm və zəruridir:
"Azərbaycan üçün qeyri-neft və qeyri-xammal sektorunun inkişafı prioritetdir. Qeyri-neft ixracatımız baxımından Rusiya alternativsiz prioritet ölkədir. Rusiyanın Azərbaycandan tomat və almanın idxalına qadağa qoyması ölkəmiz üçün olduqca ciddi iqtisadi zərərə səbəb ola bilər. Ona görə də Azərbaycanın aidiyyəti qurumları təxirəsalınmaz şəkildə Rusiyanın müvafiq qurumları ilə danışıqlara getməli və problemin həlli üçün səylər göstərməlidir".
Professor deyib ki, pomidor və alma Azərbaycanın kənd təsərrüfatı ixracı üzrə prioritet məhsullardır. Bu məhsullar üzrə ixracatın faktiki olaraq kəskin şəkildə azalması ölkəyə valyuta daxilolması baxımından ciddi problemlərə səbəb ola bilər. Bu, eyni zamanda bir çox iş yerlərinin bağlanmasına, bir çox iqtisadi fəaliyyət növlərinin iflic vəziyyətinə düşməsinə, regional tarazlı iqtisadi inkişaf baxımından ölkə iqtisadiyyatına güclü mənfi təsirin reallaşmasına səbəb ola bilər.
Ekspertin fikrincə, bu məsələlərlə bağlı lazım olanda önləyici tədbirlər görülməlidir ki, proseslər qadağaya qədər gəlib çatmasın:
"Bu problemlər yaranarkən təxirəsalınmaz reaksiya olmalıdır ki, zərərlərin maksimum şəkildə azaldılmasına nail ola bilək. Tomat və alma ixracında problemlər yaxın günlər və həftələrdə öz həllini tapmalıdır. Çünki bizim üçün reallıq ondan ibarətdir ki, qeyri-neft və gələcəkdə qeyri-xammal ixracatı baxımından Rusiya alternativi olmayan bazardır".
Elşad Məmmədov onu da qeyd edib ki, bu məsələ bir daha regional iqtisadi inteqrasiyanın zəruriliyini ortaya qoyur. Bu gün dünya iqtisadiyyatı və siyasətindəki trendlər də onu deməyə əsas verir ki, regional iqtisadi əməkdaşlığın dərinləşməsinə ehtiyac var. Regional iqtisadi inteqrasiya və kooperasiya prosesləri dərinləşərsə, bu tip problemlərin aradan qaldırılması xeyli dərəcədə asanlaşacaq.
İqtisadçı, Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, əvvəllər də belə qadağa və ya məhdudiyyət olub, lakin sonradan aradan qaldırılıb. Əgər bu qadağa davam etsə, bizə böyük ziyanı olacaq. Hazırda digər xarici bazarlara çıxmaq üçün işlər aparılır. Lakin ən böyük bazarımız Rusiyadır. Qadağa davam edəndə, bazara çıxmayanda rəqabət üstünlüyümüz zəifləyir.
"Bu istiqamətdə alternativ bazarımız azdır. Xarici bazarları genişləndirmək, Rusiya bazarından asılılığı aradan qaldırmaq lazımdır. Ən azından yaxın Avropa ölkələrinə məhsullarımızı çıxarda bilərik", -deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva mətbuata açıqlamasında deyib ki, Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın Azərbaycandan pomidor və alma idxalına qoyulmuş qadağa ilə bağlı araşdırmalar aparır və araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172 min tondan çox olub. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.