Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 8 dekabr — Sputnik. Mərkəzi Bankın təşəbbüsü ilə kommersiya banklarının birgə bankomat şəbəkəsi isifadəyə verilib. Sputnik Azərbaycan xəbər verir ki, 11 bankın və "Azərpoçt" MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanıb. Nəticədə, həmin bankların müştəriləri 500 bankomatdan ibarət "birgə bankomat şəbəkəsi"ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər.
Bəs komissiya haqları aşağı düşəcəkmi?
İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, hələlik 11 bank arasında danışıqlar olub və qarşılıqlı komissiya xərclərindən imtina məsələsi müzakirə edilib:
"11 bankın qarşılıqlı anlaşması ilə birgə bankomatlar quraşdırılacaq. Amma hələlik ən iri banklar, məsələn Beynəlxalq Bank buraya qoşulmayıb. Ölkədə müştəri bazası ən çox Beynəlxalq Bankdadır. Ümid edirəm ki, gələcəkdə Beynəlxalq Bank və digər bankların da bura qoşulma məsələsi həll ediləcək".
O bildirib ki, bu addım bankomatlardan istifadə edən vətəndaşların faiz, rüsum xərci ödəməməsinə səbəb ola bilər. Eyni zamanda bir çox ölkələrdə bankomatlar vasitəsilə pul köçürmələri, müxtəlif bank əməliyyatları aparmaq mümkündür. Bunun həyata keçirilməsi pandemiya dövründə banklarda olan sıxlığı aradan qaldırar və bankomatlar vasitəsilə bir çox əməliyyatların aparılmasını asanlaşdırar.
Ekspertin fikrincə, gələcəkdə bizdə bu tipli bankomatlardan təkcə pulun nağdlaşdırılması üçün deyil, digər bank əməliyyatların aparılması üçün də istifadə edilsə, daha yaxşı olar. Bunun həyata keçirilməsi çətin məsələ deyil, proqram təminatından asılıdır. Gələcəkdə bütün bankların bura qoşulması vətəndaşlar üçün münbit və yaxşı şəraitin yaranmasına səbəb ola bilər.
"Bir bankın bankomatından digər bankın kartı ilə nağdlaşdırma aparılan zaman müəyyən rüsum tutulur, bəzi hallarda bu rüsumlar 2 faiz, hətta 3 faizə qədər qalxır. Bu, hansı bankların qarşılıqlı anlaşması necədirsə, ondan asılı idi. İndi bu rüsumlar çox aşağı səviyyədə olacaq. Çox kiçik həcmdə rüsum tutulması və yaxud gələcəkdə tamamilə rüsumsuz xidmət göstərilməsi də nəzərdə tutulur. Fikrimcə, bu rüsum maksimum 0,5-0,6 faiz civarında ola bilər, amma gələcəkdə bu rüsumun tam ləğv edilməsi planlaşdırılır", - deyə Cəfərli qeyd edib.
Ekspert bildirib ki, rüsumların tam ləğv edilməsi daha doğrudur:
"Qarşılıqlı şəkildə banklar tərəfindən rüsum tutulmamasının onların hər birinə xeyri olacaq və bu, ümumi dövriyyənin artmasına xidmət edən amilə çevrilə bilər. Avropa İttifaqında ümumiyyətlə bu rüsumlar yoxdur. Fikrimcə, 11 bankın müştəriləri bir bankomatdan eyni şərtlərlə istifadə edə biləcəklər. Bu bankomatların proqram təminatı yaxşılaşdırılsa, digər bank əməliyyatlarının aparılması üçün də şərait yarana bilər".
"Əkrəm Həsənov və partnyorları" hüquq şirkətinin direktoru, iqtisadçı Əkrəm Həsənov da Sputnik Azərbaycan-a deyib ki, bu, çox yaxşı təşəbbüsdür: "Fikrimcə, bir bankın müştərisi gedib digər bankın da bankomatından istifadə edə biləcək və bu zaman ona aşağı komissiya tətbiq ediləcək. Hazırda bir bankın müştərisi başqa bir bankın bankomatından istifadə edəndə, ondan yüksək komissiya haqqı tutulur. Bu baxımdan komissiya haqlarının aşağı düşməsi müştərilər üçün yaxşıdır. Amma yaxşı olar ki, bütün banklar bura qoşulsun".
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçıları tərəfindən daha əlverişli tarif siyasətlərinin tətbiq edilməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən davamlı infrastruktur və təşviqat tədbirləri həyata keçirilir və onların icrası daim diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan "birgə bankomat şəbəkəsi" Mərkəzi Bank tərəfindən operatorluğu həyata keçirilən Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılıb. Bu məqsədlə 11 bankın ("AccessBank" QSC, "AFB Bank" ASC, "Azər-Türk Bank" ASC, "Bank of Baku" ASC, "Expressbank" ASC, "Günay Bank" ASC, "TuranBank" ASC, "Unibank" KB ASC, "Yelo Bank" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC, "Ziraat Bank Azərbaycan" ASC) və "Azərpoçt" MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanıb. Yaradılmış "birgə bankomat şəbəkəsi" müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcək.
Gələcəkdə "birgə bankomat şəbəkəsi"nin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək.