Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dollar böhranı bankomat və POS-terminalları da vurdu

© Sputnik / Murad OrujovBankomat
Bankomat - Sputnik Azərbaycan
Abunə olmaq
Ticarət dövriyyəsinin azalmasının fonunda sahibkarların POS-terminallardan imtina etməsi məntiqidir

BAKI, 8 dek — Sputnik. Azərbaycanda bu il nağdsız ödəmə əməliyyatlarının həyata keçirilməsi üçün bank infrastrukturu əhəmiyyətli dərəcədə kiçilib — bankomatlar və POS-terminalların sayı azalıb. Mərkəzi Bankın məlumatına əsasən, oktyabrın yekunlarına görə ölkədə 2442 bankomat olub. Bu, o deməkdir ki, onların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 269 ədəd, yəni 10% azalıb.

Ticarət obyektləri və digər yerlərdə quraşdırılmış POS-terminallarla bağlı vəziyyət də acınacaqlıdır. Oktyabrın sonunda onların sayı 67 107 ədəd olub. İlin əvvəlinə olan göstərici ilə müqayisədə onların sayı 9825 ədəd və ya 13% azalıb.

Azərbaycanda bank infrastrukturu bir qayda olaraq iri tədbirlər ərəfəsində, ölkəyə çoxsaylı xarici qonaqların gəlməsi gözləniləndə çox fəal surətdə böyüyür. Bu tendensiyanı xüsusi olaraq ticarət və xidmət obyektlərində POS-terminalların quraşdırılması nümunəsində görmək olar. 2012-ci ilin mayında Azərbaycanda Eurovision musiqi müsabiqəsinin keçirilməsi ondan əvvəlki illə müqayisədə POS-terminalların sayının üç dəfə artmasına gətirib çıxarıb. Lakin artıq 2013-cü ildə onların sayı yenidən azalmağa başladı.

2015-ci ilin iyununda keçirilmiş ilk Avropa oyunları ərəfəsində Mərkəzi Bank və Vergilər Nazirliyi fəal iş apardılar: AMB banklarla, nazirlik isə sahibkarlarla. Lakin xarici qonaqlar getdikdən sonra artıq 2016-cı ilin sonunda POS-terminalların azalması tendensiyası müşahidə olunur. 

Bəzi ekspertlər bu il bank infrastrukturunun azalmasının səbəblərini bank sektorundakı problemlərlə izah edirlər. Belə ki, son iki ildə 13 bank bağlanıb və ölkədə onların sayı 32-yə düşüb. Şübhəsiz, bir sıra bankların müflisləşməsi bankomatların sayının azalmasına səbəb olub. Lakin, əgər il ərzində Bakıda POS-terminalların sayı 10 min azalıbsa, bölgələrdə əksinə, 1200 ədəd artıb.

Paytaxtda həmin 10 min POS-terminal pərakəndə satış obyektlərinə məxsus olub. Ticarət obyektlərindən birinin sahibinin sözlərinə görə, nağdsız hesablaşmalarda POS-terminallardan istifadə etmək tələbi baş ağrısından başqa heç bir nəticə vermir. O deyib ki, yalnız nadir hallarda əcnəbilər aldıqları malın pulunu kartla ödəyirlər, yerli sakinlər isə nağd puldan istifadə edirlər. Müvafiq olaraq, Mərkəzi Bankın və Vergilər Nazirliyinin tələbləri bir qədər yumşalan kimi bir çox ticarət obyektləri banklarla xidmət barədə bağlanmış müqavilələri ləğv ediblər. Bununla onlar artıq dövriyyədən banklara faiz ödəməyəcəklər.

Bankomat - Sputnik Azərbaycan
Azərbaycanda 132 bankomat ləğv edilib
Ticarət dövriyyəsinin azalmasının fonunda sahibkarların POS-terminallardan imtina etməsi məntiqidir. İş ondadır ki, ticarət əməliyyatlarının nağdsız hesablaşma ilə həyata keçirilməsi zamanı güzəştlərin verilməsi tətbiq olunmadı. Yəni, nə obyektin sahibi, nə də alıcılara heç bir güzəşt olunmurdu. Məsələn, 18% təşkil edən əlavə dəyər vergisi azaldılmırdı. Rəsmilərin inzibati metodlarla nağdsız hesablaşmaya keçmək cəhdləri sahibkarlar tərəfindən əsl təxribatla qarşılandı. Bunu spirtli içkilərin satışı sahəsində görmək mümkün idi. 

Müvafiq olaraq, nə qədər ki, hökumət əhalinin nağdsız hesablaşmaya keçməsi üçün stimullaşdırıcı addımlar atmayıb, bank infrastrukturunun böyüməsi və ya kiçilməsi iri tədbirlər zamanı ölkəyə xarici vətəndaşların gəlməsindən asılı olacaq.

AMB-nin məlumatına əsasən, 2015-ci ildə ölkə ərazisində quraşdırılan bankomatların sayı 2694, POS-terminalların sayı — 80 301 olub. 2014 —cü ildə isə ölkədə 2608 bankomat və 73013 POS-terminal, 2013-cü ildə 2422 bankomat və 33 285 POS-terminal, 2012-ci ildə 2260 bankomat və 36 860 POS-terminal, 2011-ci ildə isə 1179 bankomat və 13 220 POS-terminal olub.

Xəbər lenti
0