Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 3 dekabr — Sputnik. Son bir neçə ayda ölkədə COVID-19-a yoluxmada ciddi artım qeydə alınıb. Artıq gündəlik yoluxma rəqəmləri 5 minə çatmaqdadır. Görünən budur ki, artıq rəqəmlərin qarşısını almaq mümkünsüzə çevrilib.
Rəqəmlərin artmasının səbəbləri nədir, sualına cavabı isə ötəngünkü brifinqdə tapmağa çalışdıq.
ATU-nun professoru Akif Qurbanov brifinqdə ev şəraitində müalicə alan xəstələrin daha böyük təhlükə olduğunu deyib: "Ev şəraitində müalicə olunan xəstə infeksiya mənbəyidir. Həmin xəstələr özlərini təcrid etməsələr, ailədaxili yoluxmalar artır. Bir nəfər yoluxub xəstələnir və digər ailə üzvlərini də yoluxdurur. Yoluxmaların sayının artmasının səbəbi məhz ailədaxili yoluxmadan qaynaqlanır. Yoluxma sayının artmasının əsas səbəblərindən biri də məhz budur. Hər bir xəstə şəxs ətrafındakıları qorumalıdır. Hər bir evdəki şəxs də həmin xəstəyə müəyyən müddət ehtiyatla yanaşmalıdır, özünütəcrid etməlidir".
"Belə şəxslərin xəstəxanaya getməyə ehtiyacı yoxdursa, həkimə müraciət edərək evdə müalicə almalıdırlar", - deyə o əlavə edib.
Lakin bu gün sosial şəbəkələrdə yayılan məlumatlarda, həmçinin də ətrafımızda olan şəxslərdən də əldə etdiyimiz məlumatlara da əsasən bu şəxslərə evdə nəzarətin olmadığını, test analizlərinin götürülməsi üçün də müraciətlərə baxılmadığını eşidirik. Belə olan halda müəyyən suallar ortaya çıxır. Ailədə xəstə olan şəxsi evdə tək qoyub necə təcrid olunmaq olar?
Səhiyyə Nazirliyinin rəsmisi Adil Allahverənov isə ötəngünkü brifinqdə bildirib ki, 20 yaşdan aşağı şəxslər ölüm daşıyıcılarıdır, ölüm saçırlar: "Onlar bəzən özləri də bilmədən xəstəlik daşıyırlar və xəstəliyi evdə, 65 yaşdan yuxarı şəxsə yoluxduraraq onun üçün təhlükə yaradırlar. Viruslar asanlıqla kənara yayıla bilər".
Artıq bu gün bir çox ölkələrdə də yaşı 65+ olanlarla yanaşı, 20-dən aşağı yaşı olan şəxslərlə bağlı qadağalar da gündəmə gəlib. Bəs Azərbaycan ümumi vəziyyəti nəzarətə almaq üçün hansı addımlar atılmalıdır, ümumiyyətlə vəziyyətin nəzarətdən çıxmasında hansı amillərin rolu olub?
Artıq bir müddətdir ki, COVID-19-dan müalicə alan millət vəkilimiz Tahir Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Rəqəmlərin artmasının ilk səbəbi düşünürəm ki, mövsümlə bağlıdır. Havanın dəyişməsi ilə əlaqədar olaraq bütün dünyada, o cümlədən də Azərbaycanda da qrip mövsümü geniş vüsət alıb. Sanki bu xəstəliklər bir-birinə qarışaraq rəqəmlərin artmasına səbəb oldu. Vəziyyət artıq nəzarətdən çıxıb. Çünki insanlar kütləvi şəkildə evdə müalicə olunur. Vaxtı ilə bu xəstəliyə inanmadılar və xəstəlik geniş yayıldı, səhlənkarlıq oldu. Biz nə qədər xalqa inandırmağa çalışdıq ki, bu xəstəlik var, amma xeyri olmadı. Lakin artıq gecdir. İndi elə bir vəziyyət yaranıb ki, xəstəxanalarda belə yer yoxdur. Hədsiz dərəcədə çox eşidirəm ki, xəstələri nə xəstəxanaya qəbul edirlər, nə də ki, onlara evdə gəlib xidmət göstərirlər. Yəni, artıq vəziyyət kütləvi hal alıb. Ona görə də hesab edirəm ki, səhiyyə təşkilatları, TƏBİB bu sahədə ciddi çalışmalıdır, bu şəxsləri nəzarətsiz də qoymaq olmaz. Ümumiyyətlə, xoşum gəlmir ki, təqsirləri daha çox vətəndaşların üzərinə yıxırlar. Belə də olmaz axı. Təsəvvür edin ki, evdə hamı xəstədir, kim gedib çörək, dərman alacaq və ya dava-dərmanı tətbiq edəcək?! Necə demək olar ki, çölə çıxma. Axı hamısının yanına nəzarətçi qoymaq da mümkün deyil. Sadəcə olaraq xəstə ola hər kəs çalışmalıdır ki, təcrid olunsun, çünki onun xəstəliyi yügül keçirtməsi o demək deyil ki, yaşlı şəxs də bunu yüngül keçirəcək. Hər kəs düşünməlidir ki, bəlkə də xəstəliyin gizli daşıyıcısıdır və başqasına keçirə bilər".
Qadağalara gəldikdə, Tahir Kərimli bunun xüsusən iqtisadiyyat üçün zərərli olduğunu deyir: "Qadağalar tətbiq olunduqda iqtisadiyyat bir qədər pozulur, məhsul istehsalı azalır. Bu səbəbdən ölkələr çalışırlar ki, bu məhdudiyyətləri tətbiq etməsinlər. Lakin bu məsələni birbaşa olaraq hökumət nəzarətə götürməlidir. Qadağa sistemi onlar tərəfindən götür-qoy edilməlidir. Hansı məhdudiyyətlər tətbiq edilməlidir, bununla bağlı onlar götür-qoy edib bir qərara gəlməlidir".
Hazırda da COVID-19-la mübarizə aparan millət vəkili evdə nəzarətdən danışıb: "Bunu gizlətmirəm, açıq deyirəm ki, özüm, ailə üzvlərimə görə də tibb bacısı özümüz dəvət edirik, həkimi də özümüz tapırıq. Çünki xəstə sayı hədsiz çoxalıb, çatdıra bilmirlər. Biz də nə ediriksə, öz təşəbbüsümüzlə edirik".