Yay və payız aylarında qışa tədarük etmək hər bir ev xanımının sevə-sevə etdiyi işlərdəndir. Belə etməklə, həm qışda yay tərəvəzlərindən dadmış, həm də olduqca qənaət etmiş oluruq. Ümumiyyətlə, qış aylarında tutmaların xüsusi yeri var.
Beyləqanlı evdar xanım Ətlas Allahyarova çoban salatının qış üçün necə tutulduğunu nümayiş etdirib. Bunun üçün bizə hərəsindən bir kiloqram olmaqla pomidor, bibər və xiyar, bir dəstə cəfəri, 5 diş sarımsaq, yarım kiloqram soğan, duz, istiot və sirkə lazım olacaq.
İlk öncə tərəvəzlər yaxşıca yuyulur və orta ölçüdə doğranır. Daha sonra doğranmış tərəvəzlərə duz əlavə edilərək yaxşıca qarışdırılır və bankalara yerləşdirilir. Bankanın ağzına qədər soyuq su əlavə olunur və böyük qazanın içinə yerləşdirilərək qaynadılır. 15-20 dəqiqə qaynadıqdan sonra üzərinə yarım çay qaşığı sirkə əlavə edilərək, bankaların ağzı möhkəm bağlanır.
Nuş olsun!