Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məsuliyyət və disiplin: Koronavirusa qalib gəlməyin yolları

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Həyatımızı və düzənimizi dəyişən "taclı bəla"nın yayılması son günlər kəskin şəkildə artıb. Həm dünyada, həm də ölkəmizdə vəziyyət getdikcə qəlizləşir. Xəstəxanaların vəziyyətindən xəbərdar olanlar, vəziyyətin niyə qəliz olduğunu yəqin ki, anlayrırlar. Təcrübə göstərdi ki, bütün dünya bu bəlanın qarşısında hələki çarəsiz vəziyyətdədir. İlin əvvəlində Avropa ölkələrində yaşanan narahatlıq, indi bizim qapımızı döyür. Görülən tədbirlərin, tətbiq olunan qadağaların, qapanmaların, açılmaların effektivliyi də göz qabağındadır. Bu barədə uzun-uzadı yazmağa, danışmağa ehtiyac yoxdur. Son günlərin statistikası vəziyyətin ciddi olduğunu gözlər önünə sərir. Artıq, "Mən koronaya inanmıram"– lağlağısının yeri deyil. İnansaq da, inanmasaq da pandemiya dünyaya meydan oxuyur.

***

Mütəxəsislər yoluxmanın və ölümlərin nisbətən az olduğu isti aylarda payız-qış mövsümündə yoluxmalarda kəskin artım olacağı ilə bağlı xəbərdarlıq etsələr də, dəyişən heç nə olmadı. Özümüzü və ətrafımızı qorumalı olduğumuz halda, yenə biganə davrandıq. Heç kəsə sirr deyil ki, koronavirusun yayılmasında əsas faktor insandır. Əgər insanlar bu məsələdə məsuliyyətli olmasa, yoluxmanın sürətlə artmasına mane olmaq daha da çətinləşəcək. Üstəlik, xəstəxanalarda müalicə alanların sayının artması, həkimlərin daha ağır xəstələrə nəzarət etmək imkanını azaldır. Dolayısıyla, hər bir məsuliyyətsiz addım, ətrafımzdakı onlarla insana təhlükə yaradır. Qarabağ müharibəsində ardıcıl qazanılan zəfərlər bizdə eyforiyaya səbəb olub. Bunu zəfər yürüşlərində də müşahidə etmək çətin deyildi. O müdhiş sevincin qarşısında insanları "Niyə yürüş edərkən maskadan istifadə etmirdiniz?" – deyə qınamaq da olmur. Zəfər sevinci elə bir hissdir ki, sosial məsafə, maska, dezinfektan heç kəsin yadına düşmür. O xoşbəxt anlarda adam bütün mənfi şeyləri unudur. Çox yaxşı haldır ki, insanlarımızın bu xoş aurası bu gün də davam edir. Ancaq bu rahatlığın təhlükəli tərəfi də var: məsuliyyət hissimiz azalır və "taclı bəla" öz arealını genişləndirir. Bu gün yenidən birliyə və həmrəyliyə ehtiyacımız var.

***

Sözün düzü, koronaya yoluxmamaq üçün nələrə riayət etməli olduğumuzu hamımız bilirik. Əgər ilin əvvəlində naməlum düşmənə qarşı təşviş içərisində mübarizə aparırdıqsa, indi bu virus haqqında kifayət qədər məlumatlıyıq. Qoyulan qadağalar kifayət qədər yumşaldılıb. Həyatımızdan bu bəlanın biryolluq çıxıb getməsi üçün özümüzü və ətrafımızı düşünmək, diqqətli və məsuliyyətli olmaqdan başqa yolumuz yoxdur.

***

Bu gün yoluxma riski hər yerdə yüksək olsa da, insanların daha sıx olduğu yerlərdən uzaq gəzmək, bu sıxlığa səbəb olmamaq vacibdir. Düşünürəm ki, insanlarla daha sıx ünsiyyətdən yayınmaq da bu dönəm üçün vacibdir. Maskadan istifadə etməli, gigiyeniya qaydalarına riayət etməliyik. Açıq havada maskadan istifadə etməklə bağlı qoyulan qadağa hamıya qəribə görünsə də, düşünürəm ki, bu məsuliyyət hissini artırmaq, disiplin yaratmaq üçün müəyyən təsirə malik olacaq. Pandemiya ilə mübarizə apardığımız bu dönəmdə hətta absurd görünən qadağalara da riayət etmək, öz davranışımızla ətrafımıza yaxşı nümunə göstərmək məcburiyyətindəyik.

***

Əzizlərimizin həyatını qorumaq, təhsil sistemimizin və həyatın digər sahələrinin normala dönməsi üçün bu qeyri-müəyyənliklərlə dolu günlərdə daha həssas, daha məsuliyyətli olmalıyıq. Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Hər birimizdən tələb olunan sadəcə məsuliyyətli və diqqətli olmaqdır. Bunu bacarsaq, minlərlə insanın xilaskarı olmaq şansımız var. Bu gün özünü və ətafını qoruyan hər bir insan qəhrəmandır və hamımızın qəhrəman olmaq imkanı var. Gələcəyimiz və sağlamlığımız üçün bu qəhrəmanlığı etməliyik. Bizim yenədə birliyə, bütövlüyə, həmrəyliyə ehtiyacımız var. Yaxın tarix sübut etdi ki, biz həqiqətən birlikdə güclüyük. Bu gücümüzü gözgörünməz düşmənə də göstərməyin vaxtıdır.

Xəbər lenti
0