BAKI, 10 noyabr — Sputnik, Maksim Sokolov. 3 noyabr tarixində ABŞ-dakı seçki prosesinə son qoyulmayacağı, necə deyərlər, bu xəmirin hələ çox su aparacağı barədə proqnoz nəinki özünü doğrultdu, hətta get-gedə tamaşanın süjet xətti bir az da qızışdı. Belə bir məqamda dünyanın demokratik qrandları isə “daha vacib” hesab etdikləri problemlərə diqqət çəkməyə başlayıb.
İngiltərə xarici işlər naziri Dominik Raab mühim bəyanatla (özü də "Viskonsin" və "Miçiqan" kimi sözlər artıq hamının dilinə düşəndən sonra) çıxış edib: "Prezident seçkisində saxtakarlığa yol verildiyi və Lukaşenko rejiminin Belarus xalqını aşağılamağa yönəlmiş hərəkətlərini ortaya çıxaran müstəqil araşdırmanı başa çatdırdıq. Yenidən ədalətli və müstəqil seçki keçirilməlidir".
ATƏT də britaniyalılarla həmrəy olduğunu bildirib. Qurumun rəsmi məruzəçisi üzv ölkələri "2020-ci il avqustun 9-da Belarusda keçirilən prezident seçkisinin nəticələrini tanımamağa, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT standartlarına əsaslanan digər beynəlxalq müşahidəçilərin nəzarəti altında yeni seçkinin keçirilməsini tələb etməyə” çağırıb.
ATƏT müşahidəçiləri qeyd ediblər ki, "Qeyri-müəyyənliklərə və maddi-texniki problemlərə baxmayaraq, ümumilikdə 3 Noyabr seçkisi yüksək rəqabət mühitində keçib və yaxşı təşkil olunub". Hüquqi qeyri-müəyyənliklərin yaxşı təşkilatçılıqla neçə uyğunlaşdığını isə yalnız ATƏT-dəkilər bilir.
ABŞ Dövlət katibi Pompeo da bu günün “ən aktual” mövzusu barədə danışaraq Belarusu seçkiləri müstəqil müşahidə altında keçirməyə çağırıb.
Qərbin demokratik siyasətçilərinin gözgörəsi savadsızlığı istər-istəməz yerli lətifələrdən birini, daha doğrusu, ikisini yada salır. Birincisi yəhudi lətifəsidir – “Əziz Abrahm, nəhayət ki mən sənə yazmağa yer və vaxt tapdım”.
İkincisi isə Vovoçka haqqındadır. Vovoçka yataq otağında atası ilə anasının nə işlə məşğul olduğunu görəndən sonra dərdli-dərdli deyir: “Bunlar mənə burnumu qurdalamağı qadağan edir, özləri isə...”
Xülasə, qərbli demokratlar rus şifahi xalq sənəti ilə yaxından tanış olsaydılar, bu yanlış mövqedən tamamilə əl çəkərdilər. Amma eyib etməz, necə olsa, onların bu hərəkətini dəqiq ifadə edən və bütün dünyada da yaxşı bilinən bir məsəl daha var: “Öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır”.
Düzdür, Belarus seçkisini demokratiyanın zirvəsi elan edənlər çox deyil, ancaq nəzərə almaq lazımdır ki, ABŞ-ın və Belarusun müasir dünyadakı rolu və təsiri də müqayisəedilməzdir.
Digər tərəfdən, Lukaşenkonun daha bir üstünlüyü dövlət idarəçiliyi, hərbi işlər və s. haqqındakı fikirlərini bütün dünyaya calamağa çalışmamasındadır. Amerika siyasətçiləri isə öz mülahizələrini bütün dünyaya elan edirlər, özü də yüksək pafosla. Bu səbəbdən də ABŞ seçkisində baş verən möcüzələr digər ölkələr üçün daha praqmatik “əhəmiyyət” daşıyır.
Odur ki yuxarıda haqqında bəhs olunan bəyanatlara yalnız bu cür cavab vermək lazımdır: “Danışdıqlarınızın hamısı maraqlıdır, yaxşı bəs Miçiqanda nə baş vermişdi?”