BAKI, 26 oktyabr - Sputnik. Son dövrlərdə əmək bazarında informasiya texnologiyaları üzrə ixtisaslı kadrlara tələbat durmadan artmaqdadır. dır. Bu sahə üzrə texniki biliyə malik şəxslər üçün vakansiyalara daha çox rast gəlinir. Bəs görəsən Azərbaycanda İKT sahəsi üzrə peşə hazırlığı hansı səviyyədədir?
Bu suallara Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
- Faiq müəllim son illər müxtəlif peşələr üzrə orta ixtisaslı kadrlara tələbat artıb. Xüsusilə İKT sahəsi üzrə mütəxəssislərə daha çox ehtiyac var. Bakı İdarəetmə və Texnologiya Kolleci də bu sahə üzrə kadrlar hazırlayır. Sizin rəhbərlik etdiyiniz Kollecdə bu sahə üzrə kadr hazırlığı, eləcə də digər sahələrdə mütəxəssis hazırlığı necə aparılır?
- Bakı İdarəetmə və Texnologiya Kolleci texnologiyalar sahəsində gənclərin müxtəlif peşələrə yiyələnməsi və eyni zamanda onların Vətənimizə layiqli ixtisaslı kadrlar kimi yetişdirilməsinə xidmət edir. Kollecdə 16 ixtisas üzrə subbakalavr səviyyəsində kadr hazırlığı həyata keçirilir. Gələcək ixtisaslı kadrlar öz peşəsini və fənnini sevən müəllimlərlə əhatə olunub.Təhsil müəssisəsində müasir tələblərə cavab verən kompüter zalları, rəsm və tikiş kabinetləri, idman zalı, nəşriyyat, geniş akt zalı, kompüterlərlə təhciz olunmuş kitabxana, yeməkxana müəllim və tələbələrə xidmət edir. Təhsil alan tələbələrimizə texnologiyalara həvəs yaratmaq, onları gələcək müstəqil həyata peşəkar və fəal vətəndaş kimi yetişdirmək, öz ixtisaslarını yaxşı öyrənmək üçün kollecdə lazımi şərait yaradılıb.
-Bu Kollecə qəbul qaydaları necədir?
-Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisələrinə qəbul dövlət tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Orta ixtisas təhsili müəssisəsi müəyyən olunmuş qaydada qəbulun həcmini və strukturunu öz Nizamnaməsinə müvafiq olaraq müəyyən edib, təsisçinin təsdiqinə təqdim edir. Bakı İdarəetmə və Texnologiya Kolleci dövlət tədris müəssisəsidir. Kollecə tələbə qəbulu 9 illik və 11 illik təhsil bazasından 16 ixtisas üzrə əyani və qiyabi təhsil formasında Azərbaycan və rus bölmələri üzrə aparılır. Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu (9 illik) adətən fevral və (11 illik) may aylarında internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə seservices.dim.gov.az/erizetex/erize) daxil olub "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.
Ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnilə tanış ola bilərlər. Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır. Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır.
Qəbul imtahanlarının nəticələri 2 il qüvvədə olur. Tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və "məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə "qeyri-məqbul” almış hesab olunurlar və Azərbaycan dili fənnindən yenidən imtahan verirlər. İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar.Müsabiqə abituriyentin buraxılış imtahanından topladığı ümumi bal əsasında aparılır.
-Bu tədris ili kollecə qəbul nə qədər olub?
- Bu il 9-cu buraxılış sinifindən kollecimizə qəbul 85 faiz, 11-ci sinifdən isə 98 faizdir .
-Təhsil necə, ödənişlidir, yoxsa ödənişsiz?
-Azərbaycan Respublikası vətəndaşları dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssələrində pullu və pulsuz təhsil almaq hüququna malikdirlər.
-Şahbaz müəllim, əvvəlki illərlə müqayisədə qəbulda artım varmı?
-Bu il 1760-dan çox tələbə qəbul edilib. Bu da ötən qəbul ili ilə müqayisədə 200-dən çox artım deməkdir.
-Bu gün İKT üzrə kadrlara daha çox ehtiyac var. Sizdə bu kadrların hazırlanması üçün hansı ixtisaslar var?
-Kollecdə 6 ixtisas informasiya texnologiyaları ilə bağlıdır. Bu da əmək bazarında bu ixtisaslara tələbatdan irəli gəlir. İKT ilə bağlı kadrlara bu gün əmək bazarında hər yerdə tələbat var. Bizim kollecdə əmək bazarında yeni ixtisaslar üzrə də kadr hazırlanır. Məsələn, kollecimizdə bələdiyyələrlə bağlı da ixtisas var. “Bələdiyyə təsərrüfatının təşkili” yeni və tələbat olan ixtisasdır. Eləcə də poliqrafiya işi üzrə mütəxəssis hazırlanır. Kollecimiz Neft və Sənaye Universitetinin nəzdinə verilib. Ona görə də, gələn ildən neft və sənaye üzrə ixtisaslar açılacaq.
Kollecimizə “Arxiv işi və kargüzarlıq”, “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə”, “Tikiş məmulatlarının texnologiyası”, “Bələdiyyə təsərrüfatının təşkili”, “Dizayn”, “Turizm, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi”, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi”, “Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması”, “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri”, “İnformasiya texnologiyası sistemləri”, “Kompyuter şəbəkələri”, “Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı”, “Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti” ixtisasları üzrə qəbul aparılır.
-Kolleclərdən ali məktəblərə qəbul artıq mümkündür. Sizin məzunlar arasında bu imkandan yararlananlar varmı?
-Kolleclər orta ixtisas məktəbləridir. Biz subbakalavrlar hazırlayırıq. 150 nəfərə yaxın məzunumuz imtahansız ali məktəbə qəbul olublar.
P.s. Bu müsahibə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.