CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzən dörd illik ali təhsil vaxt itkisindən başqa bir şey deyil - ekspert

© AFP 2024 / MARTIN BUREAUСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əsədov: “Peşə təhsili müəssisələrini populyarlaşdırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır”.

BAKI, 20 oktyabr - Sputnik. “Peşə təhsili müəssisələrini populyarlaşdırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır”.

Bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov söyləyib. O, bildirib ki, əmək bazarında peşə sahiblərinə ehtiyac var, amma təəssüflər olsun ki, orta məktəbləri bitirənlərin əksəriyyəti ali təhsil arxasınca qaçır.

“Peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır. Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15 faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, layihədə iştirak edə bilməzsən”, - ekspert deyib.

O qeyd edib ki, Cənubi Koreyada hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır. Tələbat olandan sonra, öz növbəsində, bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi - Sputnik Azərbaycan
ELM
Azərbaycanda 2025-ci ilədək yeni peşə məktəbləri tikiləcək

“Təəssüflər olsun ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Amma bu, heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar, görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olacaqlar. Çünki ali təhsil almış şəxslər heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün ciddi maneələr, sədlər var. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar”, - Əsədov deyib.

Ekspert təəssüflə bildirib ki, məktəbi bitirən gənclərə bütün bunlar düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər:

“Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsili alanlar qədər çox qazanc əldə edə bilmirlər, onlar qədər peşəkar səviyyədə deyillər. Hesab edirəm ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu, onların uğurlu gələcəyi üçün çox vacibdir”.

K. Əsədov deyir ki, ölkədə fəaliyyət göstərən 100-ə yaxın peşə təhsili müəssisələrində hazırlanan ixtisaslı kadrlar azlıq təşkil edirdi. Müasir əmək bazarında yeni ixtisaslı kadrlara daha çox ehtiyac duyulur: “Ona görə də əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilib. Bu, yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda çox ehtiyac var idi. Hesab edirəm ki, atılan bu addımlar, gənclərin peşə təhsilinə marağını artıracaq”.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0