BAKI, 19 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir
Müzəffər əsgər
Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Cəbrayıldan sonra Hadrut və Füzulinin, onlarla kənd və strateji yüksəkliklərin işğaldan azad edilməsi həftənin əsas hadisələri kimi tarixə düşdü. Pərən-pərən düşmüş erməni ordusu itirilən mövqelərə "xilasedici" bir ad da tapıb: "Taktiki olaraq geri çəkilmə".
"Knopka" müharibəsi deyə biləcəyimiz bu savaşda erməni ordusunun 2 milyard dollardan artıq dəyərdə texnikası məhv edilib. PUA-lar isə düşmən üçün həbi olmayan başağrısıdır. Bu uçan aparatlar düşmənə 1 milyard dollardan artıq zərər verib.
Kilsə, yoxsa günahsız uşaqlar?
Düşmənin Gəncəni hədəf almasından sonra 3 azyaşlı uşaq həyatını itirdi, iki uşaq isə hələ də itkindir. Terroru döyüş taktikasına çevirmiş Ermənistan üçün bu, yeni təcrübə deyil. 63 uşağı qətlə yetirdikləri Xocalı faciəsi o qədər də uzaq keçmişdə qalmayıb.
Bu arada Ermənistan Azərbaycan raketinin erməni kilsəsinə dəydiyini iddia edib. Münaqişəyə dini don geyindirməyə çalışan işğalçı, görünür, unudur ki, Azərbaycanın paytaxtında erməni kilsəsi bu gün də qorunur. Bu blef faşisti xilas etmir. Lap tutaq ki, hansısa raket kilsənin daşına toxunub, dünya dağılıb?! Gəncədə daşlar altında qalan uşaqlara görə kim cavab verəcək?! Yəqin İsa sağ olsaydı, kilsənin dəyən zərərdən daha çox, uşaq ölümünə görə qəzəblənərdi...
İkinci cəbhə
Cəbhədəki gərginlik azmış kimi bir də koronavirusla mübarizəyə köklənməliyik. Xəstəliyə yoluxanların sayındakı artım dinamikası həyəcanlanmağa əsas verir. Tabloda 600 rəqəmi yenidən göründü. Səbəb çox sadədir: sosial məsafəni gözləmirik, maska taxmırıq, yəqin ki, gigiyenik qaydalara da düzgün əməl etmirik. Karantin qaydalarının yenidən sərtləşdirilməsi də bu baxımdan gözlənilən idi... Bu arada metronun bağlanması ilə isə avtobuslarda daha çox mehribançılığın yaranacağı proqnozlaşdırılır.
Hər şey cəbhə üçün
TƏBİB rəsmisi bildirdi ki, həkimlərimiz cəbhəyə can atır, bu bölgələrdə çalışmaq istəyirlər: "Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var".
Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr edən şəxslər, şirkətlər, əsgərlərə kabab çəkənlər, kotlet bişirənlər, yataq, paltar və digər ləvazimatlar göndərənlər və cəbhəyə can atan həkimlər – budur milli birliyin təntənəsi!
İnformasiya təhlükəsizliyi
Müharibələr həm də informasiya cəbhəsindədir. İki həftədir ki, internet məkanı üçün tətbiq olunan məhdudiyyətlər olduqca ağıllı qərara söykənir. Bu, düşmənin dezinformasiya hücumunun bloklanması baxımından olduqca əhəmiyyətlidir. "Kontaktsız müharibə" XXI əsrin müharibəsdir – kimdə daha çox informasiya varsa, informasiya selini düzgün idarə edirsə, o da istənilən rəqabətdə, toqquşmada favoritdir.
"Makarov"
Laçın rayon sakini Ə.Vəliyev tapdığı "Makarov" markalı tapançanı və içərisində 4 ədəd patron olan patron darağını könüllü olaraq Səbail rayon Polis İdarəsinə təhvil verdi. Burada təəccüblü bir şey olmasa da, - jurnalistikanın "itin insanı dişləməsi yox, insanın iti dişləməsi xəbərdir" postulatı yada düşür, - ötən həftə əksər saytlar bu hadisəyə diqqət ayırdı. Görünür, Laçın koridoruna getməyə hazırlaşdığımız bu günlərdə Laçın sakininin tapançanı polisə qaytarmasıdır təəccüblü olan.
Təhsilsiz il
Ötən həftə təhsil ocaqları yenidən tətilə çıxdı. Yorulduqları üçün yox, səbəb koronavirusun yayılma tempinin yüksəlməsidir.
Görünən odur ki, 2020-ci il dünyanın təhsildən ən çox uzaq düşdüyü il kimi tarixə qovuşacaq. Martın əvvəlindən etibarən məktəblilər, tələbələr sərasər dincəlir. Distant təhsil isə özünü doğrultmur – ya şagird üçün internet əlçatan deyil, ya müəllim üçün, ya da istifadə çətinliyi var və s.
Növbəti həftənin bazar ertəsi görüşərik - əgər internet əlçatan olsa...