BAKI, 12 oktyabr - Sputnik, Teymur Tuşiyev. Azərbaycanın futbol üzrə milli komandası Kiprlə oyununda Monteneqro ilə görüşdəkindən daha yaxşı oynayacaq. Sputnik Azərbaycan bildirir ki, bunu oyunöncəsi mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib.
UEFA Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Azərbaycan millisi Monteneqroya səfərdə 2:0 uduzmuşdu. Yığmamız oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində Kiprlə üz-üzə gələcək. Oyun Bakı Olimpiya Stadionunda baş tutmalı olsa da, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması səbəbindən neytral sahəyə köçürülüb.
İtalyan mütəxəssis hesab edir ki, öncəki matçda yetirmələri öz səhvləri ucbatından uduzublar.
“Kiprlə oyunda Podqoritsadakından daha yaxşı oynamağa çalışacağıq. Həmin oyun, əlbəttə ki, başqa cür bitə bilərdi, amma iki qol buraxdıq, üstəlik, bunda öz səhvimiz vardı”, - De Byazi deyib.
Bundan başqa o, Azərbaycan millisindəki kadr problemlərini də dilə gətirib. Belə ki, Kiprlə oyunda kapitan Maksim Medvedev oyuna çıxmayacaq, səbəbi isə travma almasıdır. Təmkin Xəlilzadənin də oyunda iştirakı sual altındadır. O, ehtiyat oyunçular sırasında yer alacaq, əgər durumu imkan versə, əvəzlənməyə çıxacaq.
Əvvəlki oyundan fərqli olaraq, milliləşdirilmiş İran əsilli futbolçu Əli Qurbani start heyətinə düşməyə bilər. Bundan başqa, De Byazi yetirmələrinin Monteneqrodakı oyundan bir qədər fərqli taktika nümayiş etdirə biləcəklərinə də eyham vurub.
Azərbaycanla Kipr sabah Bakı vaxtı ilə 20:00-da qarşılaşacaqlar. Bu komandaların Nikosiyada baş tutan ilk görüşü millimizin minimal hesablı qələbəsi ilə bitmişdi.