BAKI, 16 sentyabr — Sputnik, Teymur Tuşiyev. Bakının “Neftçi” komandası İstanbulun “Qalatasaray” komandasına qarşı oyunda qələbə üçün minimal şansdan belə yararlanacaq.
Sputnik Azərbaycan bildirir ki, bunu Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında “Neftçi” klubunun baş məşqçisi Füzuli Məmmədov deyib.
F.Məmmədov bildirib ki, İstanbul klubunun zəif və güclü tərəflərini yaxşı öyrənib.
“Hansı rəqibə qarşı oynayacağımızı yaxşı bilirik. Biz “Qalatasaray”ı analiz etmişik, onun zəif və güclü tərəflərini öyrənmişik. Meydana qələbə üçün çıxacağıq. Əgər qələbə üçün yalnız 1% şansımız da olsa, ondan istifadə edəcəyik”, - Məmmədov deyib.
Qeyd edək ki, Məmmədovun yetirmələri Azərbaycan Premyer Liqasındakı son oyunlarını “Sumqayıt”la keçirmiş və 0:2 hesabı ilə məğlub olmuşdular. Buna rəğmən, mütəxəssis hesab edir ki, komandası psixoloji problemlər hiss etmir.
“Düşünmürəm ki, komanda psixoloji quyuya düşüb. Biz sadəcə bir oyunu uduzmuşuq. Ümumilkdə psixoloji durum çox vacibdir. Çalışacağıq, komandanı maksimum səviyyədə hazırlayaq. Komandamızda peşəkar futbolçular var və onlar vacib oyuna necə hazırlaşmağı yaxşı bilirlər”, - Məmmədov vurğulayıb.
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.