CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya dövründə vacib olan aparatlar metroda yoxdur - təhlükəsizliyə riskdir

© Photo : Mehherem MedzhidovВ Бакинском метро
В Бакинском метро - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı Metropoliteninin fəaliyyətə başlaması ölkədəki epidemik vəziyyətin normallaşmasından xəbər verir.  Biz bu vəziyyəti qorumaq istəyiriksə, mütləq şəkildə qaydalara riayət etməliyik"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Bakı metrosunun stansiyalarında dezinfeksiyaedici maddələr olan aparatlar axtarmaq fikriniz olsa, həmən daşının. Yəni tamamilə yoxdur demirik, təbii ki, qurumun əməkdaşları üçün iş otaqlarında mütləq var. Amma vasvası sərnişinlər koronavirusa yoluxmamaq üçün “suda boğulanın xilası suda boğulanın öz əlindədir” prinsipini rəhbər tutacaqlar – spirtiniz çantanızda, maskanız üzünüzdə, əlcəyiniz əlinizdə olsun. 

Dərhal təşvişə düşməyə gərək yoxdur, 72 gün fasilədən sonra dünən yenidən fəaliyyətə başlayan Bakı Metropoliteni elə bu qurumun mətbuat katibi Bəxtiyar Məmmədovun dediyinə görə, iki istiqamətdə dezinfeksiya olunur.

Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan
FOTO
Maskalar, məsafə, təhlükəsizlik: Bakı metrosu yenidən işə düşüb

"İlk olaraq əsaslı dezinfeksiya aparılır. Yəni gecə növbəsində stansiya və qatarlarda dezinfeksiya işləri öncədən müəyyən edilən qrafik əsasında aparılır. Bütün qatar və stansiyalar tam olaraq dezinfeksiya olunur. Gündəlik olaraq isə bununla bağlı metropolitenin stansiya və qatarlarında fərqli-fərqli yanaşmalar tətbiq olunur. Stansiyalarda əllə təmas olan bütün səthlər birmənalı şəkildə gündə azı 6 dəfə olmaqla xüsusi dezinfeksiyaedici məhlullarla silinib-təmizlənir. Bu dezinfeksiya işlərinin 6 dəfədən də çox olması mümkündür. Bu da təbii ki, hər bir stansiyanın öz xüsusiyyətləri və oradakı sanitar-gigiyenik norma və qaydalardan asılıdır”, - deyə B.Məmmədov Sputnik Azərbaycan-a bildirib.

Dezinfeksiya məhluluna gəlincə, mətbuat katibinin sözlərinə görə, o, insan sağlamlığı üçün tamamilə zərərsiz, iysiz, qoxusuzdur: “Bundan başqa, Nərimanov Elektrik deposuna təmir-baxış üçün gün ərzində bir neçə dəfə yola salınan qatarlar açıq hava şəraitində tamamilə havalandırılır və daha sonra depoya daxil olan qatarlarda sanitar-giyiyenik qaydalara uyğun olaraq bütün tədbirlər görülür".

“Vaqonlarda dezinfeksiyaedici məhlullar niyə yoxdur?” sualına cavab olaraq B.Məmmədov deyib ki, təhlükəsizlik, yanğın təhlükəsinin qarşısını almaq məqsədi ilə bu cür aparatlar Bakı Metropoliteninin stansiya və qatarlarında qoyulmamalıdır:

"Həm də qeyd edim ki, dezinfeksiyaedici məhlulları elə seçmişik ki, onların qalıcılığı uzunmüddətlidir. Ümumiyyətlə, dezinfeksiya baxımından sərnişinlər Bakı Metropoliteninə tam etibar edə bilərlər. Yəni hansısa problemin olması mümkün deyil. Dezinfeksiya məhluluna nəzarət qat-qat artıqdır".

Təhlükəsizlik məqsədilə vaqonlarda dezinfektorların qoyulmasına icazə verilməsə də, metropoliten rəsmisi bildirir ki, sərnişinlər şəxsi gigiyena - tibbi məqsədlə öz çantalarında kiçik ölçülü bu cür vasitələrdən gəzdirə və istifadə edə bilərlər. 

Stansiyalarda müşahidə apararkən diqqətimizi çəkən bir məqamı da soruşmağı vacib saydıq – o da bütün sərnişinlərin hərarətinin ölçülməməsidir.

"Sərnişinlərin hərarəti selektiv qaydada, yəni seçmə üsulla yoxlanılır. Metropolitenin işçi heyətinin xüsusən də günün pik saatlarında bütün sərnişinlərin hərarətini yoxlaması qeyri-mümkündür. Bu səbəbdən müəyyən əlamətlərə görə, yalnız seçmə yolla sərnişinlərin hərarəti yoxlanılır və hərarəti olan sərnişinlər stansiyalara buraxılmırlar", - B.Məmmədov aydınlaşdırıb.

Yeni metro qatarları - Sputnik Azərbaycan
Bakı metrosunda yenilik: Ultrabənövşəyi işıqlar vaqonlardakı virusları öldürəcək

Nəzarətə gəldikdə isə metropoliten rəsmisi qeyd edib ki, stansiyalara daxil olan sənişinlərdən birmənalı şəkildə tibbi maska tələb olunur: "Maskanın ağız və burun boşluğunu örtməsi ilk növbədə hər kəsin öz sosial məsuliyyəti kimi qəbul edilməlidir. Çünki maskanı düzgün taxmaqla, yəni ağız-burun boşluğunu örtməklə ilk növbədə öz sağlamlığımızı qoruyuruq. Digər tərəfdən də bu, həm də ətraf mühitin sağlamlığı deməkdir. "Birlikdə güclü olaq, qalib olaq!" prinsipi də elə buradan qaynaqlanır".

"Bakı Metropoliteninin fəaliyyətə başlaması ölkədəki epidemik vəziyyətin normallaşmasından xəbər verir.  Biz bu vəziyyəti qorumaq istəyiriksə, mütləq şəkildə qaydalara riayət etməliyik. Sosial məsuliyyət mütləq olmalıdır", - deyən B.Məmmədov əlavə edib ki, qatar və stansiyalarda sərnişinlərin maska taxıb-taxmamasını yoxlamaq və nəzarəti gücləndirmək məqsədilə metropolitenin əməkdaşları tərəfindən növbəli prinsip əsasında vəziyyət nəzarətə alınıb.

"Hazırda apardığım müşahidələr və monitorinqlərin nəticəsinə uyğun olaraq deyə bilərəm ki, sıxlıq o həddədir ki, sosial məsafəni də gözləmək mümkündür. Hələlik sərnişinlər tibbi maska taxır, qaydalara əməl edirlər. Bu an üçün vəziyyət normal və sabitdir", - metropoliten rəsmisi razılığını bildirib.

Xəbər lenti
0