BAKI, 14 sentyabr — Sputnik. ""Bakı Metropoliteni"nin Rusiyadan gətirilən yeni, 10 vaqondan ibarət iki qatarı əlavə üstünlüklərə sahibdir.
Sputnik Azərbaycan xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün jurnalistlərin suallarını cavablayarkən belə deyib.
Onun sözlərinə görə, bu qatarlar ən son texnologiyalara cavab verir. Mikroiqlim şəraiti ilə təchiz olunmuş qatarlar havanın zərərsizləşdirilməsi funksiyasına da malikdirlər. Üstəlik, bu qatarlarda ultrabənövşəyi lampalar var ki, onlar da virus, mikrob və bakteriyaların zərərsizləşdirilməsində xüsusi rol oynayır".
Metropoliten rəsmisinin sözlərinə görə, yeni qatarların qapısı öncəki nəsil qatarlarla müqayisədə daha genişdir. Bu da xüsusən günün pik saatlarında qatara minib-düşməkdə sərnişin rahatlığının təminatı baxımdan xüsusi önəm kəsb edir.
"Bu qatarlar informasiya texnologiyaları baxımından da ən müasir tələblərə cavab verir. Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir. Qatarda baş verə biləcək bütün proseslər maşinistin ekranında görünür. Bu qatarların işıqlandırma sistemi də qənaətlidir", - deyə o, əlavə edib.