CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhhətindəki problem sayəsində sənət qazandı - Azərbaycanlı qız ömrünü musiqi ilə uzatdı

© Sputnik / Shahperi AbbasovaMəsumə Əliyeva
Məsumə Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
"Həkim dedi ki, nəfəs alətlərində ifa etsə, sağalacaq. Dəhşətə gəldim, düşündüm ki, o necə bacaracaq?" - gənc istedadın anası

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Həyat möcüzələrlə doludur. Bəzən dərd hesab etdiyimiz hadisə sonradan bizim üçün böyük bir şansa çevrilir. Qəhrəmanımız Məsumə Əliyevanın həyat hekayəsi buna bir misaldır.

Məsumə Əliyeva fleyta ifaçısıdır. O, bu sənətə heç də sevərək gəlməyib. Səhhətində yaranan problemə görə, həkimin məsləhəti ilə fleyta ifaçılığına başlayan 12 yaşlı qızcığaz indi özünü fleytasız təsəvvür etmir. Bir çox beynəlxalq mükafatların sahibi Məsumə Əliyeva sənəti və uğurları barədə Sputnik Azərbaycan-a danışıb:

"5 ildir bu işlə məşğulam. 6 yaşımdan fleyta çalıram. Ürəyimdə qüsur var idi. Həkim məsləhət gördü ki, hansısa nəfəs aləti ilə məşğul olum. İlk dəfə eşidəndə şok oldum. Düşündüm ki, necə bacaracam. Əslində musiqini sevirdim, amma hansısa nəfəs alətində ifa etməyi düşünmürdüm".

© Sputnik / Shahperi AbbasovaMəsumə Əliyeva
Səhhətindəki problem sayəsində sənət qazandı - Azərbaycanlı qız ömrünü musiqi ilə uzatdı  - Sputnik Azərbaycan
Məsumə Əliyeva

Əsasən klassik əsərləri ifa edən həmsöhbətimiz, hazırda caz janrında özünü sınayır: "Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun və s. bəstəkarların əsərlərini ifa edirəm. Çalışıram ki, öz bəstəkarımızın elə də məşhur olmayan, ümumiyyətlə eşidilməyən əsərlərinə müraciət edim. Bundan başqa, dünya bəstəkarlarının da əsərlərinə müraciət edirəm".

Gələcəkdə həm də drijor olmaq istəyən Məsumə deyir ki, elə əsərlər var, onların üzərində illərdir ki, çalışır: "Elə əsərlər var ki, onların üzərində çox çalışmışam. Onun alınması üçün gecə-gündüz çalışırdım. Məsələn, Benjamin Qodarın "Vals" əsərini 2-ci sinifdən ifa etməyə çalışıram. Hələ indi-indi sərbəstlik hiss edirəm. Həmin musiqini "World Harmony" müsabiqəsində ifa etmişdim".

Müsahibimiz qeyd edir ki, bütün sahələrdə olduğu kimi, fleyta da gərgin əmək, zəhmət tələb edir, əks halda, heç nə əldə edə bilməzsən:

"Gün ərzində azı 2 dəfə məşq edirəm. 1 gün məşq etməsəm, nəfəs daralır, barmaqlar işləmir, insan "korşalır" sanki. Ona görə də mütləq məşq etmək lazımdır. Məşqin də saatları var. Səhərlər alınmır. Xanəndələrdə, vokalçılarda olduğu kimi bizim də sənətimizdə səsin aydınlaşması vacibdir. Səhər saat 12-dən sonra səs aydınlaşır və mən məşqə başlayıram".

"Altı yaşımda blok fleyta ilə səhnəyə çıxmışam. Hazırda 3 fleyta üzərində çalışıram: blok, klassik, alt fleyta. Respublikada yaşıdlarım arasında alt fleytada çalan yoxdur. Hazırda onun üzərində çalışıram. Alt fleytanın digərlərindən fərqi bir az ney, bir az da tütək səsi kimi səslənməsidir. Klassik fleyta yanakıdır. Amma o, düzdür. Haradasa balabana da bənzəyir. Çox çətindir. Müsabiqəyə alt fleyta üzrə, 3 alətin sintezi ilə hazırlaşıram. Eyni əsər 3 alətin sintezi ilə ifa olunacaq. Gürcüstana, Rusiya və Macarıstana səfər planlaşdırılırdı. Pandemiyaya görə qaldı", - deyə M.Əliyeva əlavə edib.

Söhbətimizi Məsumənin anası Natəvan Əliyeva ilə davam etdiririk. Natəvan xanım qızının ən böyük dəstəkçisidir və onun potensialının üzə çıxarılmasında ona yardım edir: "Qızım həddindən artıq zəif uşaq idi. Üstəlik səhhətində yaranan problem onu daha da zəiflətmişdi. Həkim dedi ki, nəfəs alətlərində ifa etsə, sağalacaq. Dəhşətə gəldim, düşündüm ki, o necə bacaracaq? Nəfəs aləti deyəndə klarnet, balabanı düşündüm. Fikirləşdim ki, alınmaz. Özü elə klarnet boyda idi. Əslində xalam Rövşanə Quliyeva fleyta ifaçısıdır. Nə xalam, nə də fleyta aləti ağlıma gəldi".

© Sputnik / Shahperi AbbasovaMəsumə Əliyeva
Səhhətindəki problem sayəsində sənət qazandı - Azərbaycanlı qız ömrünü musiqi ilə uzatdı  - Sputnik Azərbaycan
Məsumə Əliyeva

Səhhətinə görə fleytanı seçsələr də onun uğur qazanacağı heç kəsin ağlına gəlmirdi: "Xalam dedi, verin mənə. Amma bu qədər irəliləyəcəyini, onun həyatını bu qədər dəyişəcəyini düşünmürdüm. Sadəcə səhhətinə görə başladı. Amma musiqiyə həvəsi uşaqlıqdan var idi. Uşaqlıqdan bilirdik ki, musiqi duyumu var. Körpə vaxtı muğamla, musiqi ilə yatırdı".

Məsuməni görkəmli musiqiçilər də dinləyib, onunla bağlı müsbət fikirlər bildiriblər: "Əmisi pianoçu Nizami Əliyevlə birlikdə caz improvizasiyaları etməyi düşünürük. Azərbaycanın görkəmli fleyta ifaçısı, professor, Azərbaycan Respublikasının Xalq artisti Müzəffər Ağamalızadə dinləyib, çox bəyənib. O dedi ki, Məsumənin texnikası 3-cü, 4-cü kurs tələbəsinin texnikasına bərabərdir. Xalq artisti Teymur Göyçayev Məsuməni uşaq simfonik orkestrinə dəvət etdi. Amma müəllimi dedi ki, hələ tam hazır deyil".

Hər bir insanın formalaşmasında mühit və genetik faktorların da böyük rolu var. Bu da özünü Məsumədə göstərib: "Ailəliklə musiqiyə bağlıyıq. Mənim də, yoldaşımın da ailəsində musiqiçilər var. Məsumənin uğur qazanmasında zəhməti ilə bərabər, həm də gen də öz sözünü deyir".

Певец на сцене, фото из архива - Sputnik Azərbaycan
Fransanı heyran qoyan azərbaycanlı müğənni yeni klipini təqdim etdi

Natəvan xanımın ən böyük arzusu qızının xarici ölkələrdə Azərbaycanı tanıtmasıdır: "Sentyabrda da müsabiqə olacaq, ora da qatılacaq. Orada caz ifa edəcək. Fərhad Bədəlbəyli dinləyəcək. Çox istəyərdim Azərbaycanı təmsil etsin. Harada da yaşasa, Azərbaycanı layiqincə təmsil etsin. Azərbaycanda bu sahə üzrə çox peşəkar olan Müzəffər müəllimin tələbəsi olsa, çox sevinərəm. Elə onun tələbəsi olmaq xarici ölkədə təhsil almış kimi olar. Qismət... Daha sonra Azərbaycanı digər ölkələrdə təmsil etməsini istəyərəm. Mən inanıram qızıma, onda bu potensial var. Bakı şəhəri Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli məktəbin direktoru Afət Qəmbərovanın da Məsumənin inkişafında çox böyük rolu var".

"Gecəyədək məşq edir. Baxırsan, gecə saatlarıdır, Məsumənin otağından fleyta səsi gəlir. Baxıram ki, pop, caz və digər janrlarla improvizasiya edir. O təb ona gələndə saata baxmır, mütləq aləti əlinə alır. Bəxtimiz gətirib ki, həyət evində qalırıq. Narahatlığının üstündən heç 1 il keçmədi. Apardıq həkimə, həkim təəccüblənmişdi - artıq o problem yoxdur. Məsumə isə bu xəstəlik sayəsində özünə bir cığır açdı", - deyə Natəvan Əliyeva söhbətini yekunlaşdırıb.

Xəbər lenti
0