BAKI, 27 avqust — Sputnik. Kataloniyanın "Barselona" klubunun pərəstişkarları argentinalı hücumçu Lionel Messinin komandadan ayrılmasına görə "Nou Kamp" stadionunun qarşısında etirazlara başlayıblar.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Sun" nəşri yazır.
Azarkeşlər klub rəhbərliyin hərəkətlərindən narazıdırlar. Onların tələbləri arasında 33 yaşlı Messinin heyətdə saxlanması, həmçinin klubun hazırkı Prezidenti Jozep Bartomeunun istefası var.
Avqustun 25-də Messi "Barselona" rəhbərliyinə klubda qalmaq niyyətində olmadığını bildirib. Daha sonra məlum olub ki, argentinalı İngiltərənin "Mançester Siti" klubuna keçməyə meyl edir.
"Barselona"nın uduzaraq Çempionlar Liqasından çıxması Messinin komandadan gedişini daha da yaxınlaşdırıb. Turnirin dörddəbir finalında kataloniyalılar Münhen "Bavariya"sına 2:8 hesabı ilə məğlub olublar.