Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Çingiz Mustafayevin zirvədən yuvarlanması...

© Photo : Instagram / chingizmustafayevПредставитель Азербайджана на «Евровидение-2019» Чингиз Мустафаев, фото из архива
Представитель Азербайджана на «Евровидение-2019» Чингиз Мустафаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhz "malı-məli" şəkilçiləri ucbatından bütün tariximiz boyunca dünyaya çıxarmağa nə bir Madonnamız olub, nə də bir Mariya Kürimiz.

Çox maraqlıdır. Hətta, maraqlı olmağı keçib. Qəribə, təəccüblü, ziddiyyətli, belə lap eybəcər hal alıb. Kim ki, bu boz, cansıxıcı, yeknəsəq mühitdə azca fərqli, rəngli, qeyri-adi, yeni və xoşagəlimli görünür, sən də bu mühitin təklənmiş və tənhalaşmış zavallı fərdlərindən biri kimi heyran qalırsan o şəxsə. "Nə yaxşı ki, bu yoxluqda sən varsan" deyirsən. Belə, az qalır ki, əllərini göyə qaldırıb bütün müqəddəslərə təşəkkür edəsən ki, sənin bu darıxdırıcı mühitinə o şəxsi göndəriblər.

Женщина читает книгу, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Ədəbsiz “ədib”lər...

Nadir hallarda olsa da, olur belə şəxslər. Öz adımdan deyirəm, məsələn, müğənni Çingiz Mustafayevin bu mühitdə olduğuna, bu coğrafiyada, bu toplumda doğulduğuna sevinmişəm. Hətta, fərqliliyinə ümidlənib onun nələrisə dəyişə biləcəyinə də inanmışam. "Avroviziya" müsabiqəsinə göndərilməsinə də sevinmişdim, şövqlə, həyəcanla dəstəkləmişdim onu. Minnət kimi çıxmasın, halal xoşu. Özü qazanıb. Mən rəğbəti, sevgini (üzəvari) peşkəş çəkənlərdən deyiləm.

Məqam gəlir ki, varlığına sevindiyin, rəğbət bəslədiyin, ümidləndiyin adamlar hər hansı məzmunsuz hərəkətləri ya da bəsit fikirləri ilə səni pərişan edirlər. Elə Çingiz Mustafayev kimi.

Sən onun səsinə, repertuarına, yaraşığına, səhnə performansına, mədəniyyətinə heyran olub düşünürsən ki, əcəbdir, bu zülmətdə iki-üç fənərimiz varsa, biri də bu oğlandır, imkan düşə, çıxarasan dünya səhnəsinə. Elə bu dəm həmin oğlan çıxıb deyə ki, bəs, qızlar sosial şəbəkələrdə yarıçılpaq şəkillərini paylaşırlar, onların atası hara baxır? Sonra da narahat olur, kədərlənir ki, bunlar bizim üçün adiləşib və buna normal baxmaq bizi hara aparır?

Rejissor Cavid Təvəkkül - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ölkənin tanınmış rejissoru: “Yaradıcılığımdan məmnun deyiləm”

Çingiz Mustafayev, sən sənət adamısan, e! Bütün bəşərin ortaq dili hesab edilən musiqinin insanı, inkişafın mayakı sayılan mədəniyyətin təmsilçisisən! Bütün insanlığa xitab etməyə gücü çatan musiqinin insanı ola-ola hansı məntiqlə bəşəri millətlərə, xalqlara bölürsən? Deyək ki, "coğrafi damar"ına düşüb və belə bir bölgüçülük edirsən. Yaxşı, bəs bu bölgüçülüyü hansı müstəvidə edirsən? Sən elm, mədəniyyət və texnoloji inkişaf baxımından millətlər və xalqlar arasında seçim edirsən, yoxsa kiminsə ətəyinin qısa olmasını, ya da hansısa məhrəm nahiyəsinin şəklini çəkib paylaşmasını xalqın adına utanc hesab edirsən? Axı necə ola bilər ki, kiminsə şəxsi sosial şəbəkə hesabında paylaşdığı hansısa erotik və ya pornoqrafik şəkil bir toplumun imicinə xələl gətirsin? Bunu paylaşan populyar şəxs olsa belə, bu, xalqın imicinə xələl gətirsəydi eyni səhnədə çıxış etdiyiniz Madonnanın mövcudiyyəti amerikalıları dünyada rüsvay etməli idi. O isə öz xalqının utanc yeri olmadı, həmin xalq Madonnanı dünyanın mədəniyyət ikonuna çevirdi.

"İçimdən keçənlər" başlığı ilə öz "YouTube" kanalında paylaşdığın, təxmini, 14 dəqiqəlik videoda dediklərini bir-bir şərh etməyə bir köşə yazısı yetməz. Çıxış mətnindəki xətaların, yanlışların öz təkzibini və izahını tapmaq üçün qalaq-qalaq yazılar tələb edir. Bu qədər yanlışı 14 dəqiqəyə sığışdırmaq da məharətdir, əhsən!

Təəssübünü çəkdiyin mentalitetin və coğrafi dəyərlərin əsrlərdir bu toplumu qana bələyir! Özün də öz çıxışında lazımsız və cəfəng dəyərlərin olduğunu vurğalayır, ardından, çox yaxşı dəyərlərin olduğunu da qeyd edirsən. Burada haqlı ola bilərsən. Ancaq, insanları geyiminə, şəxsi seçimlərinə, kimsəyə zərəri dəyməyən fərdi qərarlarına, özlərini ifadə etmək azadlıqlarına qarışmaqla, onları bu seçimlərinə görə təhqir etməklə, bu seçimləri toplumun adına utanc kimi dəyərləndirməklə sən özün də həmin lazımsız və cəfəng dəyərlərin tərəfkeşinə çevrilirsən.

Məhz həmin dəyərlər əsrlərdir qadınların üzərinə "malı-məli" şəkilçiləri yükləməklə onların bütün hüquq və azadlıqlarını əllərindən alıb. Nəticədə, 14-15 yaşlı qız uşaqlarını ərə verib yeddi oğul, bircə dənə qız istəyiblər ondan. Həmin "malı-məli" şəkilçiləri ucbatından bütün tarixin boyunca dünyaya çıxarmağa nə bir Madonnan olub, nə də bir Mariya Kürin.

Məhz ona görə olmayıb ki, kütləni təşkil edən nəfərlərin başları bir-birinin ayaqlarının arasından çıxmır. Əgər bir-birlərinin geyimini, saç düzümünü, otağını, süfrəsini, yatağını güdməyi buraxıb, başlarını qaldırıb ətrafa baxsaydılar, dünyada və ümumən, cahanda nələrin baş verdiyini görər, anlayar, dünyəviləşərdilər.

Çingiz Mustafayev, sən sərməst halınla oxuyub sərməst etdiyin "Bella Ciao" performansının müəllifisən. Eyni anda o qədər dünyəviləşib – bəlkə də dünyanın fövqündə, kainatın köşələrində süzüb – həm də bu qədər coğrafiləşməyi necə bacarırsan?

İçimizdən bəzi adamlar o qədər istedadlıdırlar ki, sənin kimi, bəlkə də dünyanı fəth edəcəkdilər, amma içlərindəki azərbaycanlı buna imkan vermədi. Yazığım da gəlir, ürəyim də ağrıyır. Təkliyimizə təsəlli bildiyimiz adamlar da kütlədən birinə çevriləndə ruhumuz sarsılır. Biz onları bir ümid bilib zirvələrə qaldırırıq, onlar hər vəchlə özlərini aşağı yuvarlayırlar. Ya əvvəldən olmayaydınız, ya da olub sonra yoxa çıxmayaydınız! Bu, bir az tərk edilmiş aşiqin sözlərinə oxşadı. Amma yerinə düşür.

Xəbər lenti
0