Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 10 avqust — Sputnik. "Son bir neçə həftədə Azərbaycanda avro təxminən 9 faiz ətrafında bahalaşıb".
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a son dövrdə avronun bahalaşmasından danışarkən deyib.
Dollardan kəsirimiz var: nə borc əl verir, nə də devalvasiya>>
Avronun bahalaşmasının səbəblərindən danışan ekspert bildirib ki, ümumiyyətlə, Azərbaycanda digər valyutaların məzənnəsi çarpaz məzənnə formasında dollara nisbətdə müəyyənləşir: "Manatın dollara nisbəti və dolların digər valyutalara nisbətində ortaya çıxan orta rəqəm məzənnə olur. Buna görə də faktiki olaraq dünya bazarlarında avronun möhkəmlənməsi istiqamətində davam edən dinamika Azərbaycanda da avronun möhkəmlənməsini şərtləndirən əsas məqamlardan biridir. Təxminən 3 ay bundan əvvəl 1 avro 1,1 dollara qədər ucuzlaşmışdı. Amma hazırda isə yenidən 1,2 dollar istiqamətində dinamika müşahidə olunur. Bu, Azərbaycan ilə bağlı məsələ deyil".
"Avronun bahalaşması Azərbaycanda digər valyutaların məzənnəsinin formalaşdırılması üçün qurulmuş sistemdən, yəni çarpaz məzənnə mexanizmindən və dünya bazarlarında avronun möhkəmlənməsi istiqamətində davam edən dinamikadan qaynaqlanır", - deyə o bildirib.
Ekspert qeyd edib ki, hazırda ABŞ-ın Federal Ehtiyat Sistemi daha yumşaq dollar siyasəti həyata keçirir: "Eyni zamanda ABŞ iqtisadiyyatında çox ciddi geriləmə müşahidə olunur. Həmçinin koronavirusa yoluxma səviyyəsi ən ciddi ABŞ-da qeydə alınıb. Tramp administrasiyası pandemiya ilə əlaqəli prosesləri tam idarə edə bilmir. Bu da investorlarda marağın azalmasına gətirib çıxardır. Dolayısı ilə avro dollara nisbətdə möhkəmlənir və beləcə Azərbaycanda avro məcburən bahalaşır".
"1 avronun 1,2 dollar həddinin üzərinə çıxması ehtimalı aşağı qiymətləndirilir, çünki Avropa iqtisadiyyatında da böyük risklər qalmaqdadır. Son günlər dolların ucuzlaşmasına xüsusilə yenidən xarici ticarət əlaqələri ilə bağlı gərginliyin artması kimi məqamlar təsir göstərib. Bu da avronun möhkəmlənməsini şərtləndirib. Amma bir neçə həftədən sonra ABŞ iqtisadiyyatı ilə bağlı daha yaxşı göstəricilər əldə ediləcəksə, dollar yenidən möhkəmlənəcək", - deyə o qeyd edib.
Ekspert bildirib ki, manatın məzənnəsi dollara nisbətdə müəyyənləşir: "Dollara nisbətdə manatın məzənnəsi sabit saxlanılıb. Dünya bazarında dolların digər valyutalara pariteti var və Azərbaycanda həmin nisbəti 1.70-ə vurmaqla digər məzənnələr müəyyən edilir. Buna çarpaz məzənnə deyilir. Avro dünyada ucuzlaşanda bizdə də ucuzlaşacaq".
Qeyd edək ki, avronun məzənnəsi iyunun 3-də 1,9 manatı, iyulun 30-da isə 2 manatı keçib.
Azərbaycan Mərkəzi Bankının avqustun 7-nə olan rəsmi valyuta məzənnələrinə əsasən, avronun məzənnəsi 0,37% azalaraq 2,0120 manat təşkil edib.