02:17 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
28820

Millət vəkili: "Xüsusən də 4 ayın yekunlarında ticarət balansında müsbət saldonun yarandığını nəzərə alsaq, praktik olaraq bu kəsir Azərbaycan iqtisadiyyatında xüsusi mənfi təsirlərə malik olmayacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. 2020-ci ilin 1-ci rübündə Azərbaycanın tədiyə balansında 1 milyard 343 milyon 500 min dollar kəsir yaranıb. Halbuki 2019-ci ilin 1-ci rübündə tədiyə balansında 2 milyard 19 milyon dollar profisit formalaşmışdı.

Sputnik Azərbaycan Mərkəzi Banka istinadla xəbər verir ki, kəsir ölkənin cari əməliyyatlar balansındakı 646,3 milyon dollarlıq qalıq, maliyyə hesabındakı 1 milyard 394,1 milyon dollarlıq kəsir, balanslaşdırıcı maddələr üzrə 595,7 milyon dollarlıq kəsir hesabına formalaşıb.

Bəs bu yaranmış kəsiri bağlamaq mümkün olacaqmı və bunun iqtisadiyyata hansı təsirləri müşahidə edilə bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Mərkəzi Bank tərəfindən tədiyə balansı ilə bağlı birinci rübün yekunları elan olunub: "Birinci rübün yekunlarına əsasən, tədiyə balansında kəsirin olması daha çox maliyyə hesabında kəsirin müşahidə edilməsi ilə bağlıdır. Belə ki, maliyyə hesabında 1 milyard 394 milyon dollarlıq kəsir yaranıb. Bu da tədiyə balansında kəsirin yaranmasına səbəb olub. Amma biz 4 ayın yekunlarına və xüsusən də xarici ticarət dövriyyəsindəki yekunlara diqqət yetirsək, 2020-ci ilin yanvar-aprel aylarının yekunlarına əsasən, Azərbaycanın ticarət dövriyyəsində 1 milyard 416 milyon dollarlıq müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan ixracatının daha çox olmasını müşahidə edirik. Bu da ticarət balansı vasitəsilə ölkəyə daxil olan valyutanın həcminin çox olması anlamına gəlir".

Millət vəkili bildirib ki, xüsusən də 4 ayın yekunlarında ticarət balansında müsbət saldonun yarandığını nəzərə alsaq, praktik olaraq bu kəsir Azərbaycan iqtisadiyyatında xüsusi mənfi təsirlərə malik olmayacaq:

"Ticarət balansındakı saldonun ölkəyə daxil olan valyutanın həcmi baxımından əhəmiyyətini nəzərə alsaq, bu baxımdan birinci rübdəki kəsir praktiki olaraq iqtisadiyyata xüsusi təsirlərə malik deyil. Burada kəsir xarici ticarət dövriyyəsinə görə deyil, maliyyə hesabına görə baş verib. Ona görə bunun təsirlərini minimumlaşdırmaq mümkündür. O baxımdan mövcud islahatlar çərçivəsində birinci rübdə müşahidə edilən kəsirin iqtisadiyyata təsirlərini minimumlaşdırmaq mümkündür".

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanın tədiyə balansında kəsirin yaranması ilk növbədə neftin dünya bazar qiymətlərinin aşağı düşməsi ilə bağlıdır: "Eyni zamanda kəsirin yaranmasına qeyri-neft məhsullarının ixracında baş verən problemlər də dəstək verib. Dünya bazarlarında koronavirus pandemiyası ilə bağlı problemlər yaşanır. Hazırda Azərbaycanın tədiyə balansında kəsirin bağlanması üçün problem yoxdur. Azərbaycanın valyuta ehtiyatları imkan verir ki, bu kəsir aradan qaldırıla bilsin.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Photo : UNEC-in mətbuat xidməti
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

Neftin qiyməti ifrat dərəcədə qalxacaq – ABŞ proqnoz verdi>>

Kəsirin bağlanması üçün digər variant isə devalvasiya variantıdır. Düşünürəm ki, indiki mürəkkəb şəraitdə devalvasiya qərarının verilməsi kifayət qədər çətindir, amma ehtiyatlardan istifadə oluna bilər. Lakin devalvasiya variantı da istisna deyil".

"Əgər kəsir ciddi həddə gəlib çıxarsa, yəni kəsirin artması davam edərsə, Azərbaycanın valyuta ehtiyatları hesabına bunun bağlanması məntiqli addım olmayacaq. Çünki ehtiyatları bu şəkildə xərcləmək düzgün deyil və bu da devalvasiyanı qaçılmaz edəcək. Əgər sərt devalvasiya olacaqsa, bu, Azərbaycan iqtisadiyyatı üçün yenə də ciddi problemlər yaradacaq", - deyə ekspert qeyd edib.

O bildirib ki, əgər neftin qiyməti aşağı qalmaqda davam edərsə, bu kəsir genişlənə bilər: "Amma buna baxmayaraq düşünürəm ki, bu il və gələn il üçün təhlükə yoxdur, çünki Mərkəzi Bankın kifayət qədər ehtiyatları var. Kəsirin bağlanması üçün digər variant xarici investisiyalardır. Amma təəssüf ki, indiki şəraitdə xarici investisiya yolu o qədər də əlverişli deyil. Kəsirin bağlanması üçün digər bir yol borclanmadır, amma fikrimcə, ölkəmiz borclanma yoluna getməz, çünki kifayət qədər ehtiyatlarımız var".

"Lakin yumşaq şəkildə devalvasiyaya gedilməsinin daha əlverişli və məntiqli olacağını düşünürəm. Amma fikrimcə, indiki mürəkkəb şəraitdə Mərkəzi Bank devalvasiyaya getməz", - deyə ekspert əlavə edib.

Əlaqədar

Pullarımızla bağlı çox bədbin xəbər: iyunda daha pis olacaq
Problemli kreditlər ümumi kredit portfelinin neçə faizini təşkil edib?
Köhnə qaydanı yaddan çıxartmaq vaxtıdır: Əmanətə xəyanət olmaması üçün yeni model gəlir
Supergüclərin “yaşıl” energetika oyunu: nefti satan uduzur, alansa qazanır
Azərbaycan nefti "fontan vurur" - Qiymət 43 dollara çatır

Əsas mövzular