BAKI, 10 avqust — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir
Optimallaşdırma
Ötən həftə dövlət müəssisələrinin ayıbları üzə çıxdı. Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə məlum oldu ki, dövlət şirkətlərinin əksəriyyəti nəinki büdcəyə gəlir gətirmir, ağır yük kimi dövlət onları belində daşıyır.
Müşavirədən bir gün sonra dövlət başçısının sərəncamı ilə yaradılan “Azərbaycan İnvestisiya Holdinqi” indi büdcədə “oturan” şirkətlərin xərclərinin optimallaşdırılması, izafi xərclərin qarşısının alınması funksiyasını yerinə yetirəcək. Yəni asfalt çəkib, sonra qazıb altından qalan “lopatka”nı çıxarmaq dövrü geridə qalır...
Yumşaltdıqca yumşalır
Ötən həftə karantin rejimi bir qədər də yumşaldıldı. Əksər bağlı müəssisə və obyektlər artıq iş başına qayıdır. Əlbəttə, bu, sevindiricidir. Aylardır, çətinliklə üzləşən, gəlirindəm məhrum olan xeyli insan yenidən işinə qayıdır. Bəli, dövlət bu dövr ərzində sosial paketlərlə vəziyyəti yüngülləşdirdi, vətəndaşına dəstək oldu. Ancaq iqtisadiyyatın hazırkı resessiyası dövlətin rezervlərinə də təsir edir, belə vəziyyət uzunmüddətli ola bilməz. İndi bizim üzərimizə nə düşür? Cəmi 3 nəsnəyə - sosial məsafə, maska və gigiyenik vasitələrdən istifadə etməklə xəstələnməmək və yoluxdurmamaqla arzuolunmaz vəziyyətə qayıtmamaq. Yenidən evdə qalmaq istəmiriksə, cəmi 3 şərtə dəqiqliklə əməl etməliyik – məsələn, maskanı çənəmizə yox, nəzərdə tutulmuş nahiyələri ötrməklə taxmalıyıq.
Saxta dərmanlar
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ölkəmizdə aptek şəbəkələrindən kənarda fəaliyyət göstərən bir qrup dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb. Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib ki, ən yaxşı halda heç bir müalicəvi təsiri olmayan və hətta insan orqanizminə zərərli ola biləcək preparatları uydurma "alimlərin" adlarından geniş reklam edirlər.
Bu həftə dərman həftəsidir, deyəsən - Qırmızı Körpü gömrük postunda ölkəyə gizli şəkildə keçirilmək istənilən dərman preparatları aşkarlanıb.
İşbazlar bazardakı tələbatı yaxşı izləyirlər və onları yalnız alver maraqlandırır. Səhihliyi təsdiqlənmədiyi üçün firmanın adını qeyd etmədən, bir hadisəni təəssüflə xatırlamalı oluram: Bir neçə il öncə dərman firmalarından birinin rəhbəri Almaniyada məşhur dərman istehsalçısının zavoduna gedərək, xahiş edir ki, dərmanın ən vacib və ən bahalı komponentini onun içərisindən çıxararaq xüsusi olaraq onun üçün ucuz qiymətə istehsal etsinlər. Təbii ki, “nemes”lər işbazı qapının kandarından qovurlar.
Görün, koronavirus əleyhinə vaksin çıxsa, bizi hansı hoqqalar gözləyir.
Onlayn narkotik bazarı
Sosial izolyasiya və qapanma tədbirlərindən irəli gələrək ticarətin əksər istiqamətləri onlayn xidmətə keçmişdi. Görünür, narkotik alverçiləri də rəqəmsallaşmadan, elektronlaşmadan ruhlanaraq bizneslərini yeni platformaya daşımaq qərarına gəliblər. Ticarətini sosial şəbəkələrdə reklam edən daha bir narkotik alverçisinin biznesinə yenə də polis mane olub.
“Instagram” sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs - Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb. Türmə həyatı isə onlayn yaşanmır, Sənanın bunu və səhvini başa düşməsi üçün barmaqlıqlar arasında vaxtı olacaq.
Beyrut partlayışı
Başıbəlalı Livan yenidən alovlanır. Beyrutda ötən həftə baş verən partlayış hadisəsi ölkədə yeni vətəndaş müharibəsinin başlanğıcına çevriləcək kimi görünür.
Görünür, coğrafi yerləşmə xalqların taleyinə, xoşbəxtliklərinə həmişə təsir edəcək...
Nüvə təhlükəsizliyi
BMT-nin baş katibi Antoniu Quterreş 1945-ci ildə ABŞ-ın Xirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümü günü çağırış edib. "75 il nüvə silahına sahib olmağın təhlükəsizliyi gücləndirməkdənsə, zəiflədiyini başa düşmək üçün hətta çoxdur", - baş katib bildirib və soyuq müharibədən sonra yaradılan nüvə silahlarına nəzarət müqavilələrinin indi təhdid altında olduğunu etiraf edib.
Təəssüf ki, bütün dünyanın nüvə silahından imtina edəcəyinə dair ümidlərin gerçəkliyə çevriləcəyi real görünmür. Və əgər nüvə silahı təhlükəsizliyə təhdiddirsə, ABŞ, Rusiya, Çin, Fransa kimi aparıcı ölkələr ondan bu vaxta qədər hansı səbəbdən imtina etməyib?! Gücün haqlı olduğu müasir dünyada, belə çıxır ki, nüvə silahı təhlükəsizliyi zəiflətmir.
Dovşan qanı
Qazaxıstanda 37 yaşlı azərbaycanlı qanunsuz yolla külli miqdarda pul əldə etmək üçün “tamaşa” qurub. Tez-tez qonaq getdiyi Almatıda özünü Qazaxıstana meyvə və tərəvəz gətirən iş adamı kimi təqdim edərək, partnyor axtarmağa başlayıb. Bu zaman onun tələsinə Nur-Sultandan olan biznesmen düşüb. 37 yaşlı kişi əmisi oğlu, onun dostu və sevgilisi ilə cinayət əməlini həyata keçirib. O, özünü oğurlatdırıb, daha sonra “oğrular” qazaxıstanlı biznesmenə səsli mesaj və azərbaycanlının qanlı fotosunu göndərib, onun sağ qalması üçün qazaxıstanlıdan 100 min dollar pul istəyiblər.
Biznesmen isə polisə müraciət edib. Aparılan araşdırmalar zamanı cinayətkarların əməlləri ifşa olunub. Bildirilib ki, əslində fotoda azərbaycanlının üzərinə tökülən dovşan qanı olub.
Qazaxıstan saytlarında isə böyükmiqyaslı “təbliğatı”mız gedib. Beləcə, ölkənin imici, nüfuzu üçün xərclənən vaxt və resursları, yaxşıların yaxşı əməllərini belə “soydaşlar” bir dovşan qanı ilə yuyub aparırlar.