BAKI, 1 avqust — Sputnik. Artıq bir aydan çoxdur ki, Bakıda və ölkəmizin bir sıra bölgələrində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Rejimin tətbiqindən sonra ilk 15-20 gün ərzində yoluxma sayında müəyyən stabilləşmə yaransa da, əhəmiyyətli dəyişiklik baş vermədi.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.
Professor bildirib ki, qorunma və digər qabaqlayıcı tədbirlər nəticəsində sağalma və yoluxma sayı arasında müsbət dinamika yaranıb. Epidemik prosesdə yaranan bu vəziyyət yaxşı haldır. Çünki yoluxanların sayı çox olanda xəstələnənlərin, vəfat edənlərin sayı da çox olur, xəstəxanalar yüklənir. Epidemik prosesdə belə bir qanunauyğunluq var ki, prosesin başladığı ilk vaxtlarda yoluxanların sayı sürətlə artır, getdikcə özünün ən yüksək nöqtəsinə, yəni, pik vəziyyətə çatır. Pik vəziyyət müəyyən müddət davam edə bilər və həmin vaxt yoluxanların sayı sağalanların sayını üstələyir. Pik vəziyyəti aşandan sonra epidemik proses sönməyə doğru gedir: yoluxanların sayı azalır, daha əvvəl yoluxanlar müalicə olunub sağaldığı üçün sağalanların sayı çoxalır. Azərbaycandakı indiki durumu epidemiyanın sönməsi kimi qiymətləndirmək olar, yəni, proses tədricən pik vəziyyətdən çıxıb azalmağa doğru gedir.
Söz yox ki, müəyyən müddətdən sonra karantin rejimində növbəti yumşalmalar tətbiq ediləcək, çünki sərt karantin rejimi uzun müddət davam edə bilməz. Lakin yumşalmadan sonra da arxayınlaşma olmamalı, gigiyenik tələblərə, qorunma qaydalarına ciddi şəkildə əməl edilməlidir. Hətta qoruyucu tədbirlərə indikindən də ciddi şəkildə riayət olunmalıdır.
Akif Qurbanov qarşıdan gələn payız mövsümündə xəstəliyin yayılma ehtimalı barədə danışaraq deyib: “Soyuq havada digər tənəffüs yolu infeksiyaları, qrip və qripəbənzər viruslar artmağa başlayır. Bu, koronavirusla eyni dövrə düşsə, pandemiya fonunda daha təhlükəli ola bilər. Hətta ikinci, üçüncü dalğadan da böyük təhlükə doğura bilər. Qoruyucu tədbirlər bizi nəinki koronavirusdan, bütün digər tənəffüs yolu infeksiyalarından müdafiə edir. Ona görə də qorunma tədbirlərinə əməl edilməsi həmin təhlükələrdən qoruyar.
İyulun ortalarında Tovuz döyüşləri zamanı vətəndaşların ordumuza dəstək məqsədilə keçirdiyi kütləvi aksiyalar yoluxmaların sayına təsir etdi. Buna baxmayaraq, dəstək aksiyaları karantin qaydaları çərçivəsində olduğuna görə o qədər də çox hiss edilmədi. Yoluxanların sayının azalması həm də virusun mutasiyası, vətəndaşların qaydalara daha ciddi əməl etməsi və həkimlərin əldə olunan təcrübə nəticəsində püxtələşərək daha səmərəli mübarizə aparması ilə də əlaqədardır”.
Professor diqqətə çatdırıb ki, zaman keçdikcə virus, həmçinin onun orqanizmdə səbəb olduğu dəyişiklər, müalicə tədbirləri haqqında çoxlu məlumatlar meydana çıxır. Hazırda dünya miqyasında tətbiq olunan müalicə tədbirləri əvvəlkindən daha effektlidir. Virusun yayıldığı ilk aylarda xəstəliyin patogenezisi məlum deyildi, kor-koranə şəkildə bəzi antivirus preparatları təyin edilirdi. Nəticədə bir sıra hallarda fəsadlaşmalar və virus pnevmoniyası müşahidə olunurdu. Artıq həkimlər virusla mübarizədə xeyli təcrübə qazanıblar. Aparılan müalicə prosedurları zamanı hansı halda müalicənin daha səmərəli olması izlənilir, hansı preparatların kombinasiyasının daha effektiv olması müşahidə edilir və istifadə olunur.
“Son günlər COVID-19 virusunda mutasiya baş verməsi təsdiq olunub. Bu, qorxulu olmasa da, virusun yoluxduruculuq qabiliyyətini bir qədər artırıb. Tibdə hər mikrobun yoluxduruculuq indeksi var. Həmin indeks xəstə ilə təmasda olanların neçə faizinin xəstələnməsi deməkdir. Qrip virusunda həmin indeks təxminən 20-25 faiz təşkil edir. Sadə dildə ifadə etsək, bu, bir qrip xəstəsi ilə təmasda olan 10 nəfərdən iki-üç nəfərin xəstələnməsi deməkdir. Koronavirusda isə yoluxduruculuq indeksi qriplə müqayisədə təqribən iki dəfə çoxdur. Yəni, bir koronavirus xəstəsi ilə təmasda olan 10 nəfərin təxminən beş-altısı xəstələnə bilər. Mutasiyadan sonra isə bir təmas nəticəsində hər 10 nəfərdən altı-yeddisinin xəstələnməsi mümkündür. İlk dəfə mutantlar İtaliyada qeydə alındı. Hazırda dünyada dövr edən virusların təqribən 3 faizi mutantdır. Lakin getdikcə həmin faiz çoxalacaq. Çünki virus getdikcə daha çox yayılmağa başlayacaq. Ona görə də bir daha təkrar etmək məcburiyyətindəyəm: bundan sonra daha ciddi qorunmaq lazımdır. Çünki mutant virus ölkəmizə də gəlib çıxa bilər”, - deyə professor Akif Qurbanov ciddi xəbərdarlıq edib.