Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Avqust ayının 5-dən ölkədə sərt karantin rejiminin ləğvi nəzərdə tutulur. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov mətbuata açıqlamasında bildirib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır: “Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir.
N. Seyidovun dediklərindən belə məlum olur ki, yumşalma tədbirlərindən sonra "Mall"arın, digər iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa oluna bilər. Qeyd edək ki, iri ticarət mərkəzlərinin, eləcə də “Mall”arın fəaliyyəti koronavirusun əsas yayılma ocaqları hesab olunub. Bəs görəsən bu halda sözügedən iaşə obyektlərinin açılması virusa yoluxmanı artıra bilərmi?
Sputnik Azərbaycan pandemiya dövründə hansı sahələrdə fəaliyyətin bərpasının riskli olduğunu araşdırıb.
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev açıqlamasında bildirib ki, davam edən sərt karantin rejimindən sonra istənilən nəticə əldə edilməsə də, virusa yoluxma sayında əvvəlki dövrlə müqayisədə azalma var: "Əlbəttə, biz sərt karantindən sonra daha çox azalma gözləyirdik. Amma nəticə gözlədiyimiz kimi olmadı. Hələ də yoluxma sayı 300-dən aşağı düşməyib. Bu halda biz indidən "Mall"arın fəaliyyətindən danışa bilmərik. Çünki "Mall"ar epidemioloji baxımdan təhlükəli yerlər sayılır. Belə məkanların heç bir analiz aparılmadan fəaliyyətinin bərpası düzgün olmazdı. Ona görə də, vəziyyət yenidən təhlil olunaraq mexanizm işlənildikdən sonra yumşalma qərarı verilməlidir. "Mall"ara insanlar kütləvi daxil olur, sosial məsafə qorunmur. Buna görə də belə məkanların fəaliyyəti üçün mütləq mexanizm hazırlanmalıdır. İlk şərt daxil olanların tibbi maskadan istifadə etməsi olmalıdır. "Mall"ara insanları sayla buraxmaq lazımdır. Orada nəzarət də güclü olmalıdır".
C. İsayev çimərliklərin də fəaliyyətinin bir qədər təhlükəli olduğunu söyləyib. Onun sözlərinə görə, hansı məkanlarda ki, kütləvi axın olur, sosial məsafənin qorunması çətindir, belə yerlərin fəaliyyətinə icazədən əvvəl mexanizm işlənib hazırlanmalıdır: "Sərt karantin yoluxma sayını azaltmaq üçün tətbiq edilir. Biz yumşalmadan sonra bütün sahələrdə fəaliyyəti gözüyumulu bərpa etsək, əlbəttə ki, bu təhlükəli ola bilər. Yoluxma daha da arta bilər" .
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü deputat Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəl də Azərbaycanda koronavirusa yoluxma ilə bağlı vəziyyət çox yaxşı idi: "Azərbaycanda yumşalmadan sonra vəziyyət gərginləşdi. Buna da səbəb odur ki, karantinin yumşalmasından sonra qaydalara əməl edilmədi. İnsanlar tibbi maska taxmadılar, sosial məsafəyə əməl edilmədi. Nəticədə yoluxma sayı 500-i keçdi. İndi sağalanların sayı xəstələnənlərin sayını üstələyir. Bu, sərt karantinin nəticəsi oldu. Amma biz insanları sərt karantin şəraitində uzun müddət də saxlaya bilmərik. Yay fəslini nəzərə alıb yumşalma olmalıdır. İnsanlar yenə qaydalara əməl etməlidir. Qonşu Gürcüstan və Türkiyədə bütün xidmət sahələrində fəaliyyət bərpa olunub. Amma insanlar da qaydalara əməl edirlər. Hökumətimiz də hər yeri bağlamağın tərəfdarı deyil. Bu virusun peyvəndi tapılmayanadək təhlükə bizimlədir. Ona görə də, pandemiya dövrü davam etdikcə qaydalara əməl edilməlidir. Yaydır, insanların immuniteti də gücləndirilməlidir. İnsanlar yayda dənizə gedib immun sistemini gücləndirməlidirlər ki, respirator xəstəliklərinə qalib gələ bilsinlər. Ona görə də, yumşalma davam etməlidir. Sadəcə insanların qaydalara əməl etməsi şərtilə biz "Mall"arın da fəaliyyətini bərpa etməliyik".