Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 13 iyul — Sputnik. Azərbaycanda PİN-kod daxil edilmədən təmassız əməliyyatlar üzrə limit 100 manata qaldırıla bilər. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"nun növbəti iclasında POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limitin 100 manata qaldırılması müzakirə edilib. İclasda qaldırılan məsələlərin həllində atılacaq növbəti addımlara dair qərarlar qəbul edilib.
Qeyd edək ki, hazırda POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limit 50 manatdır.
Təmassız ödəniş gündəlik olaraq hər bir mal alışı və ya xidmət üçün ödəniş etdikdə vaxta qənaət etmək deməkdir. Təmassız kartı POS-terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PİN-kod yığılmadan birbaşa həyata keçsin.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında təmassız əməliyyatlar üzrə limitin qaldırılması məsələsinə münasibət bildirib.
O qeyd edib ki, bu gün dünyada təmassız kartlardan geniş istifadə edilir: "İndi bunun Azərbaycanda aktuallaşması koronavirus pandemiyası ilə bağlı ola bilər. Virusun yayılmaması üçün təmassız ünsiyyət, o cümlədən bank əməliyyatlarında təmassız ünsiyyət çox vacibdir. Amma etiraf etmək lazımdır ki, Azərbaycanın bəzi bankları qabaqcıl ölkələrin banklarının təhlükəsizlik standartlarına tam cavab vermir. Çünki informasiya sistemləri sahəsində təhlükəsizlik tədbirləri daim inkişaf etdirilməlidir. POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limit 100 manata qaldırılsa, bu, düzgün addım olar".
"Əksər ölkələrdə təmassız əməliyyatlarda limit var və bəzi dövlətlərdə bu limit xeyli yüksəkdir. Burada limitlərin olması təhlükəsizlik ilə bağlıdır. Bu addım ən azından vurulan ziyanın həcmini azaltmaq üçündür. Əsas məsələ təhlükəsizlik meyarlarına cavab verməkdir. Yaxşı olar ki, Mərkəzi Bank banklarda bu sistemlərin necə işlədiyinə nəzarəti gücləndirsin", - deyə ekspert əlavə edib.
Qeyd edək ki, kafe və restoranlarda, yanacaqdoldurma məntəqələri və ya supermarketlər kimi sürətli xidmət yerlərində bu cür ödənişlər xüsusilə rahatdır. Zamanınız növbələrdə ödəniş edərək keçməyəcək, vaxtınızı daha vacib işlər üçün qənaət edə bilərsiniz. Ancaq təmassız ödəniş etmək üçün getdiyiniz ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində olan POS-terminallar bu funksiyanı dəstəkləməlidir. Təmassız kartlar limitlər siyasəti vasitəsilə qeyri-qanuni ödənişlərdən qorunur, bu da kart itirildikdə vəsaitlərin sizdən xəbərsiz xərclənməsi risklərini azaldır. Əgər gün ərzində bu limiti keçsəniz, o zaman PİN-kod yığmaq lazımdır.