Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 11 iyul — Sputnik. Bakı Tikiş Evi (BTE) məktəbli formasının tikilməsi üçün yeni tədris ilinin başlanması ilə bağlı veriləcək qərarı gözləyir. Bu barədə Sputnik Azərbaycan-a BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
O, deyib ki, hazırda anbarda və mağazalarında məktəbli formaları var. Amma yeni məktəbli formaları hələlik tikilmir. Buna səbəb isə pandemiya ilə bağlı dərslərin başlanma vaxtının qeyri-müəyyən qalmasıdır: "Bizim əlimizə parça var. Amma koronavirusa görə dərslərin nə vaxt başlayacağı bilinmir. Ona görə də, biz veriləcək qərarı gözləyirik. Bu barədə qərar verilən kimi biz məktəbli formalarının istehsalına start verəcəyik. Bunun üçün xammal da var, işçi qüvvəsi də".
E. Əzimov məktəbli formalarının qiymətində bu il hər hansı dəyişikliyin edilməyəcəyini də bildirib.