BAKI, 10 iyul — Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin kim olacağı artıq bəllidir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclasının gedişində məlum olub. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
COVID-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).
Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.
Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.
Bundan öncə İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu, irlandiyalı Roy Kinin (Roy Keane) futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi ola biləcəyi barədə məlumatlar yayılmışdı.
İtalyan Canni di Byazı karyerası ərzində xeyli klub komandalarına məşqçilik etsə də, millilər arasında yalnız Albaniya yığmasına rəhbərlik edib (2011-2017). 2017-ci ilin sentyabrında isə İspaniyanın "Alaves" klubunda baş məşqçi işləyib. İki ay sonra isə işdən çılxarılıb.