BAKI, 9 iyul — Sputnik. 2019-cu ilin sonlarından Çində başlayan yeni növ koronavirus xəstəliyi hökumət tərəfindən karantin rejiminin tətbiq edilməsi, bəzi layihələrin dayandırılması və bizneslərin bağlanması ilə nəticələnib. Dünya bazarlarında hökm sürən iqtisadi şərait Fondun fəaliyyətində bir sıra çətinliklər yaradıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarında qeyd edilib.
Bildirilib ki, hazırda xam neftin qiymətlərinə olan cari tələb dəyişkənliyi Fondun biznes məqsədlərini həyata keçirmək qabiliyyətinə təsir göstərir.
"Bu təsirlər COVID-19 pandemiyasının təsir etdiyi belə bazarlarda və xam neftin qiymətlərində ciddi qeyri-sabitlik fonunda özünü daha aydın biruzə verir. Xam neftin qiymətlərinin qeyri-sabit olması cari və növbəti maliyyə dövrlərində Fondun aktivlərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Fondun üzləşdiyi başqa bir məsələ digər suveren fondlar kimi, Fondun birjada kotirovka olunan səhmlərdən ibarət olan investisiya portfelinin qısamüddətli qiymət dəyişkənliyindən yaranan müvəqqəti zərərə məruz qala bilməsidir. Fondun investisiya siyasətində yuxarıda qeyd olunan risklərin azaldılması üçün nəzərdə tutulan bir neçə vacib mexanizmlər mövcuddur.
Belə ki, Fondun investisiya portfelinin 70%-ə qədərini yüksək likvidli investisiyalar, o cümlədən borc öhdəlikləri və pul bazarları alətləri təşkil edir. Bundan əlavə, investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, ümumiyyətlə, bu aktivlər bazar dəyişkənliyi və qeyri-müəyyənlik dövründə daha etibarlı alətlər hesab olunurlar.
Fond bazarın vəziyyətini yaxından izləyir və bazar vəziyyəti ilə bağlı öz mövqeyini qiymətləndirməkdə davam edir. Sürətlə dəyişən bazar vəziyyətinə qarşı tək yumşaltma tədbiri kifayət etməyəcəyi halda, Fond diqqətlə hazırlanmış və ölçülmüş yanaşmasını davam etdirmək niyyətindədir. Pandemiyanın uzun müddət davam edəcəyi halda, Fondun əməliyyatlarına təsir göstərib-göstərməməsi hazırda məlum deyil. Fond maliyyə resurslarının pandemiya dövründə yetərli olacağını hesab edir", - hesabatda qeyd edilib.