Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 iyul — Sputnik. Türkiyədə iyulun 1-dən turistlər üçün xüsusi COVID-19 sığortası qüvvəyə minib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, turistlər bu pandemiya sığortasını razılaşdırılmış hava yolu şirkətlərində bilet alarkən, hava limanlarında, onlayn və tur operatorları vasitəsi ilə əldə edə bilərlər.
3, 5 və 7 min avroluq sığorta paketlərinin bir həftəlik qiyməti 15, 19 və 23 avrodur. Başqa sözlə, 3 min avroyadək tibbi xərcləri əhatə edən sığorta paketinin qiyməti 15 avrodur. 5 min avroyadək tibbi xərcləri özündə əhatə edən sığorta paketinin qiyməti 19 avro, 7 min avroyadək tibbi xərcləri əhatə edən sığorta paketinin qiyməti isə 23 avrodur.
Qeyd edək ki, dünyada sərhədlər bağlıdır, ancaq bəzi ölkələr xüsusi qaydalar çərçivəsində turistləri qəbul etməyə çalışır. Koronavirus pandemiyasının hələ nə qədər davam edəcəyi bilinmir. Bəs Azərbaycanda da turistlər üçün pandemiya sığortası tətbiq etmək mümkündürmü? Eyni zamanda COVID-19 sığortasını yerli əhali ala bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bu məsələləri şərh edərkən deyib ki, yerli əhali üçün xüsusi COVID-19 sığortasına o qədər də ehtiyac yoxdur: "Çünki sağlamlıq sığortası anlayışı var və bura hər şey aiddir. COVID-19 ilə bağlı bir çox xərcləri də dövlət öz üzərinə götürüb. Yəni bunun üçün nəzərdə tutulmuş xəstəxanalarda minlərlə vətəndaşın müalicəsi dövlət hesabına aparılır. Azərbaycan vətəndaşları üçün ayrıca COVID-19 sığorta növünü tətbiq etməyin o qədər də əhəmiyyətli olacağını düşünmürəm. Sadəcə tibbi sığorta paketinin həcmi genişləndirilə və yaxud da təklif olunan şərtlər dəyişdirilə bilər. Amma ayrıca pandemiya sığortası növünün tətbiqi insanlar tərəfindən ciddi marağa səbəb olmayacaq".
Lakin Natiq Cəfərli hesab edir ki, Türkiyənin turistlər üçün COVID-19 sığortasını tətbiq etməsi maraqlı gedişdir: "Bu təcrübəni öyrənmək lazımdır. Türkiyədə xarici turistlər üçün bu sığorta növünün icbari olması ilə bağlı müzakirələr aparılır. Amma bu sığorta növünün icbari olmasının turizm sahəsinə mənfi təsirlərinin ola biləcəyi də deyilir. Əgər xərclər yüksək olacaqsa, turistlərin əlavə sığorta xərclərini ödəməkdən imtina etmələri və yaxud da ümumiyyətlə, Türkiyəyə səyahətdən imtina etmələri gözlənilir. Yox, əgər xərclər yüksək olmayacaqsa, turistlərin cibinə ciddi təsir etməyəcəksə, bu addım turistlərdə maraq yarada bilər. Məsələn, Azərbaycan vətəndaşları Şengen ölkələrinə səfər edərkən mütləq tibbi sığorta alırlar. Bununla bağlı 15 gündən başlamış 1 ilə qədər tibbi sığortalar satılır və qiymətlər də o qədər baha deyil. Ola bilər buna bənzər modeli Türkiyə də tətbiq etsin. Lakin əgər sığorta xərcləri yüksək olacaqsa, çox güman bunun ciddi effekti olmayacaq".
Ekspertin fikrincə, Azərbaycanda da xarici turistlər üçün COVID-19 sığortasının tətbiq olunmasına imkan yaradıla bilər. Sığorta şirkətləri burada daha fəal olmalı, yeni məhsullar düşünüb bazara təqdim etməlidirlər. Hansı sığorta şirkəti cəlbedici təkliflərlə çıxış edəcəksə, bazarda müəyyən pay qazana bilər və gəlirlərini artıra bilər.
O əlavə edib ki, hələlik dünya sərhədlərinin nə vaxt açılacağı məlum deyil. Bu il dünya turizmi üçün itirilmiş il kimi yaddaşlarda qalacaq. Fikrimcə, post-pandemiya dövründə turizm sahəsinin inkişafı üçün bir proqramın qəbul edilməsi daha yaxşı olar".