BAKI, 17 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyada gəmi tikintisi yeni vüsət alır. Buna NATO blokunun aktivləşməsinin təsiri də az deyil. Ölkənin Dünya okenındakı maraqlarının qorunması üçün geniş spektrli məsələlərin öhdəsindən gələcək və məhdudiyyətsiz məsafə qət edərək uğurlu döyüş apara biləcək 22350 layihəli uzaq dəniz mənzilli raket gəmiləri tikilir.
22350 layihəsinin ilk seriya “Donanma Admiralı Kasatonov” freqatı Şimal və Baltika donanmalarında sınaqları ləyaqətlə keçdi. 2020-ci ilin iyul ayının əvvəlində artıq Rusiya HDQ-nin sərəncamına veriləcək. Elə bu layihəyə daxil gözəgörünməz raket gəmiləri seriyasının peyda olması donanmanın imkanlarını keyfiyyətcə irəli aparacaq.
Freqat 16 ədəd qanadlı, düşmənin gəmilərini və sahil zolağını viran qoymağa qadir “Oniks” və ya “Kalibr-NK” raketləri ilə təchiz olunub. Göyərtədə həmçinin “Redut” zenit-raket kompleksi, A-192 artilleriya qurğusu, “Paket-NK” qayıqəleyhinə zərbə kompleksi və qayıqəleyhinə Ka-27 vertolyotu da yerləşdirilib. Korpusu görünmə dərəcəsinin azaldılması texnologiyasının tətbiqi ilə işlənib və potensial rəqibə onu RLS vasitəsilə aşkarlamaq çox çətin olacaq.
Güclü, uzaq dəniz mənzilli “Admiral Kasatonov” freqatı suüstü gəmi və sualtı qayıqların axtarılması və məhv edilməsi, gəmi və qayıqların hava, raket, qayıq hücumundan müdafiəsi, dəniz desantları ilə qarşılıqlı fəaliyyət, mülki gəmilərin və istehsal obyektlərinin qorunması üçün nəzərdə tutulub. Gəminin subasımı 5 min ton, uzunluğu 135, eni 16 metrdir. 65 min at gücünə sahib əsas enerji qurğusu 30 dəniz mili qədər sürət yığmağa kömək edir. Üzmə məsafəsi 4500 mil, avtonomluğu 30 sutka, heyəti 170 nəfərdir.
Bu layihənin baş freqatı “Sovet İttifaqı Donanması Admiralı Qorşkov” Şimal donnmasının 43-cü raket gəmi diviziyasının tərkibinə 2018-ci ildə daxil olub və okean səfərlərində özünü yaxşı cəhətdən göstərə bilib. Süveyş və Panama kanalları da daxil olmaqla 35 min dəniz mili uzunluqdakı marşrutu keçərək dünya ətrafında dövr edib (2019-cu il fevralın 26-dan avqustun 19-dək).
22350 layihəsinin daha iki freqatının tikintisinə iyunun sonunda “Şimal gəmiqayırma zavodu”nda başlanması planlaşdırılır. Seriya freqatlarından ikincisi “Admiral Qolovko”nun tikintisi davam edir (mayda suya buraxılıb).
Layihəni “Sovet İttifaqı Donanması Admiralı İsakov”, “Admiral Amelko” və “Admiral Çiçaqov” gəmiləri davam etdirəcək.
Unikal silahlanma
Dövlət səviyyəsində sınaqlar zamanı “Admiral Kasatonov”un bütün layihə xarakteristikaları: gəmi mexanizmlərinin, RLS və REM sistemlərinin, göyərtə silahlarının bütün kompleksinin, atoməleyhinə müdafiə avadanlığının işi, eləcə də sualtı qayıqlar və aviasiya ilə texnoloji zəncirlər və qarşılıqlı fəaliyyət alqoritmləri yoxlanılıb. Mərhələlərin birində, iyunun 3-də freqata doğru təlim torpedası buraxılıb, bu zaman “Admiral Kasatonov”un heyəti müdafiə olunmaq üçün “Paket-NK” kompleksinin antitorpedasından uğurla istifadə edib.
Gəmilərin HHM atmosfer sistemini xatırladan sualtı müdafiə sisteminin dünyada analoqu yoxdur. “Paket-NK” kompleksinin tərkibindəki antitorpeda suyun altında təxminən 50 km/saat sürətlə hərəkət edir. Antitorpedanın hədəfi vurma dəqiqliyi ətalət sistemi və akustik aktiv-passiv tuşlama sistemi sayəsində əldə olunur.
80 kq trotil ekvivalentli partladıcı-fuqas döyüş başlığı kontaktsız partladıcı ilə təchiz olunub və potensial rəqibin torpedalarını bütün işçi dərinliklərdə uğurla vurmaq gücünə malikdir.
“Paket-Nk” qayıqəleyhinə kompleksi sualtı qayıqların və gəmiyə (və ya submarinaya) yaxın zonalarda torpedaların məhv edilməsi üçün nəzərdə tutulub. O, idarəetmə sistemi, xüsusiləşdirilmiş hidroakustik hədəftəyinetmə stansiyası, atəş qurğusu və kiçik qabaritli, iki variantda - qayıqəleyhinə istilik torpedaları və antitorpedalardan ibarətdir. “Paket” müstəqil olaraq, yaxud da qayıqəleyhinə və torpedadan müdafiə sisteminin tərkibində, avtomatik rejimdə gəminin hidroakustik kompleks və stansiyalarının məlumatları əsasında hədəf təyin etməyə qadirdir.
Gəmiyə doğru buraxılmış torpedaların avtonom surətdə aşkarlanması, onların hərəkət parametrlərinin və təsnifatının təyin olunması ikiqat müdafiəni təmin edir. Modul tipli atəş qurğusu qarşıya qoyulan məqsəddən asılı olaraq kiçik qabaritli istilik torpedaları və antitorpedaları müxtəlif kombinasiyalarda tətbiq etməyə imkan verir. “Paket-NK” kompleksinin konstruksiyasında silahın aqressiv mühitdə uzunmüddətli istifadəsi və gözlənilməz hidroloji şəraitdə tətbiqi xüsusiyyətləri nəzərə alınıb.
Qayıqəleyhinə müdafiəni gücləndirən unikal kompleks gəminin döyüş dayanıqlılığını xeyli artırır. Və silahlanmanın bu prinsipcə yeni növü 22350 layihəsinin “Admiral Kasatonov” freqatının “portretini tasmamlayan” cizgilərdən ancaq biridir.
Böyük işlərin astanasında
Donanma bayrağının qaldırılacağı tarixə sayılı günlər qalıb, sonra isə möhtəşəm və gözəl gəmini onillər boyu gərgin xidmət dövrü gözləyir. “Admiral Kasatonov”un taleyi uğurlu görünür. Freqatı kifayət qədər tez tikdilər, özünü də rus “ürəyi” - Rıbinskdəki “Saturn” EİB-in hazırladığı M-55P dizel-qaz-turbin aqreqatı ilə təchiz elədilər (bu isə Rusiya hərbi sənaye kompleksinin ukraynalı istehsalçılarla münasibətlərinin kəsilməsindən sonra böyük əhəmiyyət kəsb edir).
Onun təntənəli suya salınma mərasimi 2014-cü il dekabrın 12-də baş tutub. Özü də orada Vladimir Afanasyeviç Kasatonovun oğlu, admiral İqor Kasatonov da iştirak edib, bu cür uğur hər gəmiyə nəsib olmur.
Müqayisə üçün deyim ki, 22350 layihəsinin uzaq dəniz zonası gəmilərinin baş freqatının tikintisi SSRİ dağılandan sonra “texnoloji pauza” səbəbindən çətinləşmişdi. 2010-cu ildə suya buraxılmış “Sovet İttifaqı Donanması Admiralı Qorşkov” freqatı Rusiyanın gəmiqayırma zavodlarında 21-ci əsrdə tikilmiş ilk iri suüstü hərbi gəmi (faktiki olaraq birinci ranq gəmisi) oldu.
Əvvəlcə Rusiya MN 20 bu cür gəmi (hər donanmaya beş ədəd) tikməyi planlaşdırırdı. Mütəxəssislərin rəyincə, 22350 layihəsinin freqatı təxminən 400 milyon dollardır. İndi hazırlanmaqda olan ən yeni silahları da nəzərə alsaq, qiymət 500 milyon dollaradək arta bilər. Bahadır, amma təhlükəsizliyin və suverenliyin qiyməti də ucuz olmur.