Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 17 iyun — Sputnik. "COVID-19 xəstələrinin hər birinin, o cümlədən hamımızın sevimlisi Bəhram Bağırzadənin müalicəsinə dövlət səhiyyə sistemi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən yüksək diqqət ayrılması, səhiyyənin bütün resurslarının və ən təcrübəli qüvvələrinin, sanballı praktik həkimlərin və ünlü tibb alimlərinin cəlb edilməsi olduqca qürurvericidir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm açıqlamasında bildirib.
Rusiya bu gün koronavirus vaksininin sınaqlarına başlayır
"Biz bu yola məhkumuq. Ölkənin prezidenti də "Biz ayrılıqda, pərakəndə yox, birlikdə güclüyük!" sloqanını da bu məqsədə çatmaq üçün işlədib. Onun insanlara çatdırılması üçün də hər cür vasitələrə əl atıldı, hətta Alov qüllərinə də yazıldı. Bəhram Bağırzadəyə ağciyər transplantasiyası edilməsinin zəruriliyi təklifini ilk dəfə mən irəli sürmüş və təklifimi kifayət qədər elmi əsaslandırmşam. Birincisi, fəaliyyətini 90% itirmiş ağciyərlər sepsis, infeksiya (virus, bakteriya assosiasiyaları və b.) səbəbindən dərhal, mümkün qədər erkən müddətlərdə cərrahi yolla çıxarılmalı, xəstənin həyatı, daha doğrusu tənəffüs fəaliyyəti indiki kimi ECMO ilə davam etdirilməlidir. Bu halda digər orqanlara və toxumalara, ən əsası həyati vacib orqanlara ilk növbədə virusların generasiyasinin, ekspansiyasının qarşısı alınar, həmin orqanların və toxumaların farmakoloji, medikal qorunması, virussuzlasdırılması və bərpası təmin edilər. Ən əsası uyğun canlı donor axtarışı prosesi aparılar və orqanizm üçün ən əlverişli, ən optimal zamanda ağciyər paylarının transplantasiyası həyata keçirilə və xəstənin həyata dönmə şansları xeyli arta bilər. Çox rəğbət bəslədiyim ünlü professor kardiovaskulyar cərrah Rəşad Mahmudov müalicə komandasının rəhbərlərindən biri kimi xəstə haqqında daha dolğun biliklərə, tibbi məlumatlara malik olduğundan və xəstəni anbaan izlədiyindən tibbi qanunlara görə qərar qəbuletmə prosesində həlledici hüquqa malikdir", - deyə həkim əlavə edib.
O, əsassız məlumatlar haqda da danışıb: "Həkimin və komandasının sonrakı qərarlarına da hörmət bəsləməyi vacib hesab edirəm. Güman edirəm ki, mənim arqumetlərimə və faktlarıma da qarşılıqlı sayğı göstəriləcək. Dünən mətbuatda Yaponiyada ECMO aparatına qoşulmuş 23 ağır COVID-19 xəstəsinin hamısının sağalması barədə yanlış, əsassız və yayındırıcı məlumat gedib. Tamamilə absurd, mənbəyi olmayan dezinformasiyadır. ECMO altında kəskin tənəffüs çatmazlığı olan xəstələrin maksimum 40%-nin həyata dönüşü mümkün olur. Bizim xəstələrimizin müalicəsinin yanlış statistika, səhv məlumatlar əsasında aparılmasının qəti əleyhinəyəm".
"Bu vəziyyətdə Bəhram Bağırzadənin xaricə aparılmasını tamamilə məqsədəuyğun hesab etmirəm. Dünən Oksford Universitetinin tədqiqatçılar qrupunun hələlik elmi mətbuatda dərc edilməmiş və klinik tətbiqinə icazə verilməmiş məlumatları, son tədqiqatlarının nəticələri açıqlandı. Kəskin tənəffüs çatmazlığı ilə ağırlaşmış və ağciyərləri əvəz edən aparata qoşulmuş COVID-19 xəstələrinin 5-dən yalnız 1-nə steroid iltihab əleyhinə dexametazon preparatı 6 mq dozada (10 gün istifadə edildikdə) müsbət, sağaldıcı effekt göstərib. Kimyəvi pnevmonit, atipik pnevmoniya yox, COVID-19 infeksiyasının geridönməz ən təhlükəli ağırlaşmasıdır.