Tovuz şəhər sakini Qəzənfər Nəcəfov kiçik muncuqlardan 10 metrdən artıq uzunluğu olan təsbeh hazırlayıb. Təsbehin çəkisi 4 kiloqramdan artıqdır. Nəcəfov 7 il ərzində 2 min ədəd muncuğu bir-bir seçərək “Ginnesin Rekordlar Kitabı”na layiq bir eksponat ortaya qoyub.
“İlk öncə 3 metr 70 santimetr hazırladım. Daha sonra isə get-gedə artırdım və təsbehin uzunluğunu 10 metrə çatdırdım. İndi isə ümid edirəm ki, təsbehi 20 metrə çatdırsam, mənə özləri müraciət edib “Ginnesin Rekordlar Kitabı”na salacaqlar”, - deyə Qəzənfər kişi bizimlə bölüşüb.
Hətta gözündə yaranan problem belə 63 yaşlı ustanı diqqət və dəqiqlik tələb edən işindən ayıra bilməyib. O özü etiraf edib ki, bu işə başlayanda çay-çörək belə yadından çıxırdı.
“Əvvəllər hamı bu həvəsimə etinasız yanaşırdı. Sonralar gördülər ki, mən bununla nəfəs alıram və evdəkilər də mənə kömək etməyə başladılar”, - deyə usta danışıb.
Təsbeh ustası artıq dayanmaq və ya işini satmaq fikrində deyil. O deyib ki, o bu təsbehə tək vaxtını deyil, ömrünü sərf edib və onu satsa, artıq yaşaya bilməz.